İlkin Əmirli: İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması uğurla davam edir

İNFRASTRUKTUR 22 sen 2022, 11:40
Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin qələbəsi, tarixi ədalətin bərqərar olması, 30 ilə yaxın həsrətində olduğumuz torpaqların işğaldan azad edilməsi ilə nəticələndi. Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra hər kəs erməni vandalizminin bir daha şahidi oldu. Dağıdılmış, yandırılmış, viranəyə çevrilmiş yurd yerlərimiz, talanmış məzarlıqlarımız, təhqir olunmuş ziyarətgahlarımız, məscidlərimiz əsil erməni xislətinin acı nəticələri idi. 

Torpaqlarımız işğaldan azad edildikdən sonra dövlətimiz tərəfindən geniş bərpa quruculuq və tikinti işlərinə start verildi. Hazırda da bu işlər yüksək səviyyədə davam etməkdədir. Yeni azad olunan ərazilərdə həyata keçirilən infrasruktur layihələr sırasında yol-nəqliyyat infrastrukturunun xüsusi çəkisi var.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Həmçinin ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, yaradılacaq Zəngəzur dəhlizi boyunca da avtomobil yollarının inşasına nail olmağa çalışır. Bu, Zəngəzur dəhlizinin funksionallığı baxımından çox önəmlidir. Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib ki, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. “Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun yaradılması qalib Azərbaycanın sərhəd bölgələrində daha da möhkəmlənməsi baxımından böyük önəm daşıyır. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yol layihələrinin statistikası kifayət qədər zəngindir. Yuxarıda bəhs olunan layihələrlə paralel şəkildə, hazırda işğaldan azad edilmiş ərazilərdə 72,3 km uzunluğunda Kəlbəcər-Laçın, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123,8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43km), Füzuli-Hadrut (13km), Bərdə-Ağdam (45 km) və digər yollar çəkilir. 

Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi nəticəsində Füzuli şəhəri və 61 kəndimiz işğaldan azad edildi. İşğaldan azad edilmiş digər bölgələrimiz kimi Füzuli rayonunda  iri infrastruktur layihələrin icrası uğurla davam edir. Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 aya inşa olundu. Hal- hazırda rayonumuzda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə Zəfər yolu istifadəyə verilib. Füzuli-Şuşa yolu, magistral yolumuz, eyni zamanda,  Horadiz-Zəngilan, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl avtomobol yollarının və Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam edir.

Onu da vurğulayaq ki, işğaldan azad edilmiş ərazilərdə yeni yol layihələrinin icrası heç də asanlıqla başa gəlmir. Ərazinin dağlıq relyefi, həmçinin bəzi sahələrdə sürüşməyə meyilliliyin yüksək olması müxtəlif əməliyyatların həyata keçirilməsini çətinləşdirir. Lakin bütün bu kimi çətinliklər inşaatçıların əlini işdən soyutmur. Əlamətdar haldır ki, mürəkkəb relyefə malik ərazilərdə yolların çəkilməsində qardaş Türkiyənin inşaatçıları ilə yanaşı, yerli şirkətlər də yüksək fəallıq nümayiş etdirirlər. Zəfər yolunun inşası buna misaldır.

Cənab İlham Əliyevin uğurlu siyasəti və qəbul etdiyi sərəncamlar, dövlət proqramları nəticəsində Azərbaycan gündən-günə daha da inkişaf edib müasirləşəcək, eyni zamanda işğaldan azad olunmuş ərazilərimiz dünya standartları ilə ayaqlaşan müasir şəhərlərə, kəndlərə çevriləcək. Həyata keçirilən bütün bu layihələr qəti əminlik yaradır ki, dövlətimizin artan iqtisadi gücü və dövlət başçımız cənab İlham Əliyevin siyasi səriştəsi, qətiyyəti sayəsində tezliklə bütün türk dünyasının coğrafi birləşməsini təmin edəcək Zəngəzur dəhlizinin açılması da reallaşacaqdır.

İlkin Əmirli, 
Füzuli RİH başçısının köməkçisi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top