“Bizdə işə böyük maşınlarla gedib-gəlmək dəbdi” — Deputat

MARAQLI 07 sen 2022, 17:54
“Bakıda hər bir kiçik yağışdan, havaların dəyişməsindən tıxacların yaranması hər bir vətəndaşı narahat edir. Çox təəssüf ki, son günlər bir balaca havaların soyuması, yağışın düşməsi tıxaclara səbəb oldu, saatlarla insanlar yollarda qalırdılar. Ancaq tıxacların yaranmasının əsas səbəbi yol infrastrukturunun düzgün təşkil olunmaması ilə əlaqələndirmək düzgün olmazdı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat əlavə edib ki, tıxacların müəyyən səbəbləri var:

“Düzdür, hələ də müəyyən yollar müasir tələblərə cavab vermir, darısqallıq var, yaxud da yollarda çalalar, çökəklər var. Ancaq əsas səbəb kimi böyük nazirliklərin, komitələrinin, universitetlərin, kolleclərin və digər təşkilatların Bakıda yerləşməsində görürəm. Çünki artıq ildən-ilə bunların sayı da artır ki, bu da şəhərə əlavə yükdür. Dəfələrlə məsələ qaldırılıb ki, müəyyən nazirliklər, komitələr, universitetlər şəhərdən müəyyən qaydada kənarlaşdırılmalıdır, regionlara köçürülməlidir, çünki bu gün regionlarda onun üçün böyük imkanlar var. Nəyə görə orta ixtisas məktəbləri, kolleclər, liseylər Bakıda yerləşməlidir? Bütün universitetlər Bakıda olmalıdır? Hesab edirəm ki, bunlar digər yerlərə köçürülməlidir. Digər səbəb isə bir çox insanların Bakıda yaşamasıdır ki, bu da sıxlığı səbəb olur. Bakı artıq bu yükü götürə bilmir”. 

Millət vəkili əlavə edib ki, paytaxtda maşınların çoxluğu tıxacı yaradan səbəblər sırasındadır:

“Təəssüflər olsun ki, bir çox ailə üzvləri iş yerləri ilə onların evlərinin arası qısa məsafə olmasına baxmayaraq, işə maşınla getmək və gəlməyi üstün tuturlar. Ancaq inkişaf etmiş ölkələrdə belə deyil və müəyyən qaydalar var. Orada ictimai nəqliyyatdan daha çox istifadə olunur və ailələr maşınları ancaq çox vaxt istirahət məqsədilə  istifadə edirlər. Bizdə dəbdi ki, böyük maşınlar alınsın, həm də ki, bu maşınlarla iş yerinə gedib-gəlinsin. İndi elə ailə var ki, ailədə 5 nəfər var və onların hər birinin maşını var. Evdən iş yerinə məsafə 500 metr olsa da,  evdən maşını çıxardır və gedir yolun kənarında saxlayır. Bu da gediş-gəlişi çətinləşdirir nəticədə tıxaclar yaranır”. 

T.Rzayev əlavə edib ki, ölkəmizdə sürücülük mədəniyyəti aşağıdır:

“Bu gün bir çox sürücülər texniki vasitələrdən lazımi qaydada istifadə edə bilmirlər. Onlar sürücülük vəsiqəsi alsalar da, əksər qaydaları pozurlar, yəni sürücülük mədəniyyəti çox aşağıdır. Ümumiyyətlə, sürücülər bir-birini gözləmirlər, bu da müəyyən qəzalara, müəyyən tıxaclara səbəb olur. Digər tərəfdən, həmin sürücülər alternativ yolları düzgün qiymətləndirmirlər, bundan xəbərsizdilər. Ancaq əksəriyyəti magistral yolları tanıyır və bu yollarla gediş-gəlişə üstünlük verir. Bütün bunlar da bir balaca yağış yağan kimi, hava dəyişən kimi saatlarla tıxacların yaranmasına səbəb olur. Təbii ki, bununla əlaqədar tədbirlər həyata keçirilməlidir.  Belə olan halda tıxacların da sayı azalar. Son ildə deyərdim ki, Bakı dünyada nadir şəhərlərdən biridir ki, burada yol-infrastrukturuna bu qədər əhəmiyyət verilib. Bu qədər körpülər salınıb, yollar genişləndirilib, əsaslı tədbirlər görülüb. Lakin çox təəssüflər olsun ki, dediyim səbəblər nəticəsində yollarda tıxaclar yaranır, hətta elə olur ki, insanlar nəinki 1 saat, 2-3 saat yolda ləngiləməli olurlar. Hər bir vətəndaş bu barədə fikirləşməlidir. Bunu ancaq dövlət orqanın üzərinə atmaq olmaz. Hər bir vətəndaş nizam-intizamı gözləməyə, əgər sürücüdürsə texniki vasitələri lazımınca istifadə etməyə yiyələnməlidir və sürücülük mədəniyyəti yüksəldilməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top