Bakıda uşaqlara işgəncə verənlər saxlanıldı — YENİLƏNİB

HADİSƏ 03 sen 2022, 15:58
Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 

İstintaq hərəkətləri davam etdirilir.

***15:02

Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


***11:46

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir".

Bu barədə Demokrat.az-a Ombudsman Aparatından məlumat verilib.

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.

***10:30

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

DİN rəsmisi deyib ki, araşdırmalar davam etdirilir: "Əlavə məlumat veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" reabilitasiya mərkəzində baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top