Vilayət Quliyevin şüşəli evi...

TƏHLİL 30 avqust 2022, 10:13
Sabiq xarici işlər naziri, hazırda Bosniya və Hersoqovinada səfir olan Vilayət Quliyev Bakıda qiymətlərdən şikayətlənib. O, bildirib ki, Varşavanın mərkəzində 10 manata yaxşı səhər yeməyi sifariş etmək olar. Bakının mərkəzində isə bu qiymətə ancaq iki çay içmək olar. "Sonra da biz nəyə görə ölkəmizə az turist gəlməsindən şikayətlənirik...", - deyə səfir şikayətlənib. 

Bizdə artıq adət halını alıb, həkim vəkillikdən danışır, iqtisadçı mənəvi dəyərlərdən, diplomat makroiqtisadi durumdan və turizmdən və s. Hamı hər şey haqda danışır, təkcə öz fəaliyyət sferasından başqa...

Əlbəttə, Vilayət müəllimin diplomatiyamız, xarici siyasətimizin bu günü, sabahı, Bosniya və Hersoqovina ilə Azərbaycanın əlaqələri haqqında danışsaydı, yəqin ki, daha maraqlı olardı. Məsələn, səfir işlədiyi dövrdə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinə hansı töhfələr verib, nə iş görüb, hansı çatışmazlıqlar var,  nə etmək lazımdır ki, irəliləyiş daha sanballı olsun. Amma Vilayət müəllim olsa-olsa, yerli qəzetlərdə ədəbiyyatımız haqqında nələrsə yaza bilər. Bu sahə üzrə mütəxəssisdir. 

Könül istərdi ki, cənab səfir turistlər barədə danışarkən, bir statistikaya baxaydı, bu sahədə artım olub-olmadığını araşdırardı. Bakıdan kənara çıxırsan, ərəb turistlərin əlindən yemək yeməyə yer tapmırsan. Axşam Bakıda "Torqovı"ya gedirsən, hər dildə danışıq eşidirsən, bir Azərbaycan dilindən başqa. Görəsən onların arasında Bosniya və Hersoqovinadan da kimsə varmı? İnanılası deyil. 

Yeri gəlmişkən, Vilayət  müəllim artıq Bosniyada səfirdir,  amma yenə də Varşava haqqında danışır. Deməzdik ki, coğrafiyanı dəyişik salıb,  yəqin biznesi doğmalaşdırıb, unuda bilmir bu ölkəni...

Əslində, Vilayət müəllimin fəaliyyət sferası çox aktualdır, danışılası saysız-hesabsız məsələ var. Məsələn, hazırkı qarışıq vəziyyətdə Azərbaycanın imza atdığı uğurlar, Qarabağ məsələsində diplomatiyamızın fəaliyyəti, Avropa İttifaqı, Aİ ölkələri ilə ikitərəfli əlaqələrimiz və s. Bu məsələlər ağırdırsa, başqa mövzular da var. Məsələn, Vilayət müəllimin XİN rəhbəri olduğu dövrdə nazirliyin fəaliyyəti, xüsusilə kadr siyasəti, işə götürülmək üçün təyin olunan preskurant... 

Deyilənə görə, həmin dövrdə XİN-ə işə götürülmək 20 min dollardan başlayırmış. Hələ xarici ölkələrdə səfirliyə təyinat almaq da başqa bir məsələ. Bildiyimiz çox şey var, qeyri-etik çıxar deyə, detallarına varmırıq.

Vilayət Quliyevin nazirliyi çox çətin dövrdə idi, "Məmməd",  "Şirvan" ... Manat daim  devalvasiya edirdi, yəqin ona görə də qiymətlər stabil valyuta ilə müəyyən edilirmiş.

Bir sözlə, hamıda, hər yerdə qüsur tapmaq olar, xoşun gəlmədiyi məsələni də qüsur kimi təsvir edib insanlara sırımaq mümkündür. Amma şüşəli ev məsələsi də var axı...


Vaqif Ağayev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top