Laçın sakini: “Necə xoşbəxtəmsə, hazırda özümü elə 19 yaşında hiss edirəm”

GÜNDƏM 26 avq 2022, 16:50
“30 ildir ki, Laçının həsrəti ilə yaşamışam. Düşünmüşəm ki, nə vaxtsa doğma torpaqlarımıza qayıdacağıq. Çox şükürlər ki, bu günü görmək bizə qismət oldu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Laçın sakini Cəfərqulu Qoşnalıyev deyib.
 
On doqquz yaşından buradan çıxdığını söyləyən Laçın sakini bu gün sevincinin həddi-hüdudunun olmadığını deyib. O, bu sevinci yaşatdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan əsgərinə təşəkkürünü bildirib:

“Çox sevinirəm ki, bu gün Vətənim Azərbaycanı bütöv gördüm. Bundan böyük xoşbəxtçilik ola bilməz. Həqiqətən də, bu sevinci dillə ifadə etmək qəlizdir. Necə xoşbəxtəmsə, hazırda özümü elə 19 yaşında hiss edirəm və sanki həmin günlərə qayıtmışam”.

Həmsöhbətimiz ata-baba yurdu olan Laçın üçün çox darıxdığını, o yerlərə qayıtmağı səbirsizliklə gözlədiyini deyib: 

“Laçına gedəcəyim ilk günü nənə-babamın, əzizlərimin qəbrini ziyarət edəcəyəm. Hazırda doğulub, boya-başa çatdığım ata yurdumu görmək həsrətindəyəm. Çünki həmin divarlarda yaşadığım və mənim üçün çox əziz olan anlar var, orada əzizlərimin qoxusu var. Düzdür, gənc nəsil oraları görməyib. Arzulayıram ki, tez bir zamanda həmin torpaqlara ayaq basaq, gənc nəslə o torpaqların hər qarışını, hər cığırını, relyefini başa salaq, öyrədək. Bu gün arzum odur ki, Allah həmişə xalqımızı, dövlətimizi bütöv etsin! Vətənimiz Azərbaycanı bir etsin! Allah hər kəsə sevincli günlər yaşatsın! İstəyirik ki, qayıdışımız tez olsun. Arzu edirəm ki, bütün məcburi köçkünlər tezliklə Vətənə qayıtsınlar, orada öz həyatlarını qursunlar. Bu sevinci bizə yaşatdığına görə şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandana və Ordumuza var olun deyirəm, qazilərimizə cansağlığı diləyirəm”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top