Sumqayıtda kafedə qanlı dava: Gənc oğlan ofisiant qadına hücum çəkdi — TƏFƏRRÜAT

KRİMİNAL 18 avq 2022, 13:37
Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Qüdrət kafelərdən birində xuliqanlıq edib, həmçinin orada işləyən Ləmana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Zəm-zəm” kafesində baş verib. 

İstintaq orqanı tərəfindən Qüdrətin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. İş hakim Rövşən Xəlilovun icraatında araşdırılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qüdrət ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər məhkum olunub və hal-hazırda heç bir yerdə işləmir: “Hadisə baş verən günü, saat 21.00-da “Zəm-zəm” kafesinə getdim. Kafeyə daxil olan zaman içəridə müştərilərin çox olmasını gördüm, zarafatla “bura dəlixanadır” ifadəsini işlətdim. Bu vaxt həmin kafedə ofisiant işləyən Ləman adlı qadın həmin ifadəni onun barəsində söylədiyimi zənn etdi, mənə yaxınlaşdı və bu sözü onun ünvanına deyib-deməməyimi soruşdu. Ləmana öz işi ilə məşğul olmasını bildirdim. Həmin vaxt Ləman kafenin bağlandığını bildirdi.  Ləmandan bunu mənə görə edib-etməməsini soruşdum. Bunu mənə görə etdiyini söylədiyi üçün ona heç kimin hesabı ödəməyəcəyini bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Ləmanla mübahisələri davam edib: “Həmin vaxt danışığına fikir vermədiyi üçün sol əlim ilə Ləmanın sağ yanaq nahiyyəsinə şillə ilə vurdum. Bundan sonra həmin kafeni tərk etdim. Həmin vaxt Ləmanın üzərinə bıçaq çıxarmamışam”.

Cinayət işi üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, o, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Zəm-zəm” kafesində ofisiant işləyib: “Hadisə günü saat 21.00-da işdə olarkən əvvəldən müştərilərimiz olan Mamed, Həsrət, İmran, Ceyhun və Sərvan adlı şəxslər çay evində olublar. Bir müddətdən sonra Həsrət, İmran, Ceyhun və Sərvan getdilər. Mamed isə başqa masaya keçdi, tanımadığım adamlarla əyləşdi. Bir az keçmiş tanımadığım bir nəfər oğlan obyektə gəldi. O, Mamedgilin masasına tərəf getdi, onlarla əyləşdi və özü üçün pivə sifariş etdi. İçəri gərən kimi mənimlə kobud danışmağa başladı. Gördüm ki, həmin şəxs özünü yaxşı aparmır və nəsə problem yarana bilər. Buna görə də müdirim Çingizə zəng etdim, həmin şəxs barədə məlumat verdim. Çingiz mənə əgər belədirsə, obyekti bağlamağı dedi. Buna görə də adının sonradan Qüdrət olduğunu bildiyim şəxsə yaxınlaşdım, ondan hesabı istədim və obyektin bağlanacağını bildirdim. Bir neçə dəfə ona xəbərdarlıq etdim. Onun yanındakı şəxs isə narahat olmayın, birazdan gedəcəklərini dedi”.

Zərərçəkmiş qeyd edib ki, onlara durmaları üçün təkid edib: “Bu vaxt Qüdrət əynindəki gödəkçəsini yana tərəf çəkərək belindəki bıçağı göstərdi. Sonra isə belindən bıçağı çıxardı, mənə tərəf sağa-sola hərəkət etdirməyə başladı. Qorxduğum üçün sağ əlim ilə onu özümdən kənara itələmək istədim. Bu vaxt Qüdrətin əlində olan bıçaq sağ əlimin ovuc hissəsinə dəydi. Bundan sonra Mamed adlı şəxs Qüdrətin qolundan tutaraq onu çölə çıxardı. Əlimin qanadığını gördüm, dəsmalla bağladım. Sonra isə polis bölməsinə gələrək Qüdrət barəsində şikayət etdim”.

Məhkəmənin hökmü ilə Qüdrət 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top