“Qarabağ klanı” qan bahasına hakimiyyətə gəlmək istiqamətində addımlar atır” — AÇIQLAMA

GÜNDƏM 17 avq 2022, 12:50
“Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş faciənin terror aktı olması ilə bağlı versiyalar irəli sürülür. Eyni zamanda, bu hadisədən öncə və sonra metro stansiyalarında bombanın qoyulması ilə bağlı zənglərin artması onu deməyə əsas verir ki, bu proses çox gedişli addımların tərkib hissəsidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib. 

Politoloq vurğulayıb ki, bu hadisə revanşist qüvvələrin hakimiyyətə qarşı təxribatı kimi də nəzərdən keçirilir:

“Eyni zamanda, hakimiyyətə yaxın media orqanlarında da bu iddianın irəli sürülməsi prosesini də şahid oluruq. Bu, heç də əsassız deyil. Çünki 20 il ərzində Ermənistanda hakimiyyətdə olmuş Sarkisyan, Koçəryan cütlüyü dəfələrlə bu cür terror hadisələrinə imza atıblar. Xalqı hədə-qorxu, təlaş, vahimə içində saxlamaq onların siyasətinin tərkib hissəsi olmuşdur. Hazırda da siyasi iqtidara qarşı bu siyasətin yönəlməsi planı icra oluna bilər. Bu baxımdan məhz silsilə şəkildə feyk zənglərin olması, eləcə də fəsadların genişliyi bunu deməyə əsas verir”. 



“Eyni zamanda, xüsusi vurğulamalıyıq ki, Ermənistanda terror siyasəti və revanşizm ideologiyası tərəfdarlarının da sayı kifayət qədərdir və bu yanlış yanaşmaların tərəfdarları da özünün büruzə verir. Bu baxımdan revanşist qüvvələrin hakimiyyətə qarşı bu cür məkrli planlarla qan bahasına hakimiyyətə gəlmək istəyi onların nə cür çirkin ambisiyalarının olmasını da üzə çıxardır. Buna görə də, bu qüvvə “Qarabağ klanı” qan bahasına hakimiyyətə gəlmək istiqamətində addımlar atırsa, bu çox  təhlükəli tendensiyadan xəbər verir. Düşünürəm ki, elə Ermənistanda bu siyasətin ifşa olunması və xalq tərəfindən təpkilərin həyata keçirilməsi bu gün öz aktuallığı ilə seçilir”,- deyə politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top