Qazaxıstan sentyabrda BTC ilə neft satışına başlaya bilər

SƏNAYE VƏ ENERGETİKA 12 avq 2022, 11:58
Sentyabrdan Qazaxıstan öz xam neftinin bir hissəsini Azərbaycanın ən böyük neft kəməri vasitəsilə satmağı planlaşdırır. Çünki ölkə Rusiyanın bağlamaqla hədələdiyi marşruta alternativ axtarır.

Demokrat.az xəbər verir ki, bu barədə “Reuters”ə məsələ ilə bağlı tanış olan məlumatlı üç mənbə bildirib.

Qazaxıstan neftinin ixracı dünya tədarükünün 1 %-dən çoxunu və ya gündəlik təxminən 1,4 milyon barel təşkil edir.

Vəziyyətdən birbaşa məlumatlı olan mənbə bildirib ki, Qazaxıstanın dövlət neft şirkəti olan “Kazmunayqaz” (KMG) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət bölməsi ilə illik 1,5 milyon ton Qazaxıstan neftinin satışına icazə verilməsi ilə bağlı ilkin danışıqlar aparır. Azərbaycan boru kəməri vasitəsilə neft Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırılır.

Mənbə bildirib ki, yekun müqavilə avqustun sonunda imzalanmalıdır və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqletmə bir aydan sonra başlayacaq.

İki mənbə bildirib ki, illik daha 3,5 milyon ton Qazaxıstan nefti 2023-cü ildə başqa bir Azərbaycan boru kəməri ilə Gürcüstanın Qara dənizdəki Supsa limanına nəql edilməyəi başlaya bilər.

BTC ilə nəql edilən həcmlərlə birlikdə gündəlik 100 000 bareldən bir qədər çox və ya Xəzər Boru Kəməri Konsorsiumu (CPC) axınının 8 %-ni təşkil edəcək.

Nəşrin qeyd etdiyi kimi, bu müqavilə Qazaxıstana Rusiya ərazisindən yan keçməyə imkan verəcək. Ötən ay “BP Azerbaijan” şirkəti bildirib ki, şirkət, Bakı-Supsa boru kəmərindən gələn həcmləri daha böyük BTC boru kəmərinə yönləndirəcək.

Bununla belə, yeni BTC marşrutu o deməkdir ki, Qazaxıstan nefti Xəzər dənizi vasitəsilə Bakıya məhdud ehtiyat gücü olan Aktau limanından nəql etmək üçün kiçik tankerlərdən ibarət donanmaya etibar etməli olacaq.

İki mənbə bildirib ki, “Chevron” neft şirkətinin rəhbərlik etdiyi “Tengizchevroil” şirkəti müştərək müəssisəsinin özünün marketinq bölməsi mövcuddur və boru kəməri, həmçinin dəmir yolu marşrutları ilə bağlı ayrıca danışıqlar aparır.

BTC boru kəməri də “Tengizchevroil” üçün bir seçim ola bilər. Lakin mənbə bildirib ki, bu razılaşma baş tutarsa, nəqlin başlaması altı aya qədər vaxt apara biləcək.

“Tengizchevroil” artıq aprel ayında qasırğanın CPC terminalının bir hissəsinin sıradan çıxmasına səbəb olduğu vaxtda Gürcüstanın Batumi limanına az miqdarda nefti dəmir yolu ilə köçürməyə başlamışdı.

İki mənbə bildirib ki, “Tengizchevroil” daha çox dəmir yolu nəqliyyatı sifariş edir və bu, sentyabr və ya oktyabr aylarında arta bilər.

Xatırladaq ki, 20 ildir Qazaxıstan nefti CPC boru kəməri ilə Rusiyanın Qara dənizdəki Novorossiysk limanına çatdırılır və bu, dünya bazarına çıxışı təmin edir. İyul ayında Rusiya məhkəməsi CPC-ni bağlamaqla hədələyib və bu, Qazaxıstan hökumətini və əsas xarici istehsalçıları ehtiyat tədbiri olaraq digər satış məntəqələri ilə müqavilə bağlamağa vadar edib.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top