Deputat: “Hansısa subtropik meyvəni Lənkəranda, Astarada da yetişdirmək olar”

GÜNDƏM 11 avq 2022, 17:46
Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri ötən ilin yanvar-iyul aylarına nisbətən 13 faiz bahalaşıb. 

Açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10 faiz bahalaşma olub. 

Bəs, ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq üçün ƏDV-nin diferensiallaşmasına ehtiyac varmı?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib ki, bu barədə dəfələrlə Milli Məclisdə çıxışlar olub. 

Deputat qeyd edib ki, problemin kökü daxildə istehsalın artmasıdır:

“Mən də onun tərəfindəyəm ki, bunu biz ayıraq. Elə məhsullar var ki, ona tam tətbiq olunmalıdır, ancaq elələri də var ki, güzəştli tətbiq olunmalıdır. Dəfələrlə Milli Məclisdə bizim bu barədə çıxışlarımız, açıqlamalarımız olub ki, buna ehtiyac var. Amma, problemin kökü daxildə istehsalın artmağıdır. Yəni, biz idxaldan asılı qalmamalıyıq, onu azaltmalıyıq. Düzdür, tam mümkün deyil ki, sıfıra bərabər olsun. 

Ümumiyyətlə, elə bir ölkə də yoxdur ki, orada idxal sıfırdır. Amma,  dünya nomenklaturasında təxminən 2 milyon növdən çox mal var. Onun heç olmasa 75-85 faizi daxildə istehsal olunsun, daha çox qida məhsulları. Onda qida məhsullarını 95-100 faizə qaldırmaq olar. 

Ola bilər ki, hansısa meyvə subtropik meyvədir, Lənkəranda, Astarada yetişdirmək olar. Ola bilər tropikdir, o zaman artıq imkan olmayacaq ki, o meyvələr inkişaf etsin. Yəni, əsas hədəf budur və bunun üzərində ciddi iş getməlidir. Bu, elə asan məsələ deyil. Bu, birbaşa büdcənin gəlir hissəsinə toxunan məsələdir. Burada fiskal xarakterdən başqa, stimulaşma xarakteri də daşımalıdır. Bunu həmişə biz gərək yadda saxlayaq.Vergi tək fiskal xarakter, fiskal funksiya daşımır, vergi həm də stimullaşdırma mexanizmini, öz gücünü göstərir. Bu isə vacib bir məsələdir”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top