Politoloq: “Ermənistan gec-tez Azərbaycanın tələbləri qarşısında boyun əyəcək”

GÜNDƏM 11 avq 2022, 13:03
“Azərbaycan Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramovun Türkiyədəki səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın tutduğu mövqe ilə bağlı etdiyi bəyanatlar regionda baş verən son hadisələrin real analizindən doğan qiymətləndirmələrdir. Ermənistanın Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesini gecikdirmək istiqamətində atdığı addımlar regionda mövcud olan dövlətlər və aktorlar tərəfindən diqqətlə izlənilir və layiqli qiymətini alır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. 

Politoloq vurğulayıb ki, həm Avropada, həm də Rusiyada Ermənistan üçün Azərbaycan və Türkiyə yaxınlaşmaqdan başqa çıxış yolu olmadığını bilir: 

“Və onu bu yaxınlaşmaya təşviq etmək istiqamətində cəhdlər edirlər. Ermənistanın özündə belə nicat yolunun Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqdan keçdiyini dərk edən qüvvələr üstünlük təşkil edir. Təkcə kənar qüvvələr deyil, ermənidaxili siyasi qüvvələr gec-tez Ermənistanın Azərbaycanın tələbləri qarşısında boyun əyəcəyini proqnozlaşdırırlar.



Beləliklə, Ceyhun Bayramovun Naxçıvanla əlaqələrin gec-tez, Ermənistanın istəyindən asılı olmayaraq qurulacağını söyləməsi bugünkü geosiyasi reallığın irəli sürdüyü həqiqətdir. Ermənilərin bütün vasitələrlə normallaşma prosesinə xələl gətirməyə cəhd etmələri onların danışıqlar vasitəsi ilə Azərbaycan və Rusiyadan daha çox güzəşt əldə etmək istəklərindən başqa bir şey deyil”. 

“Onlar hesab edirlər ki, danışıqlar uzanarsa, onlar özləri üçün daha əlverişli şərait əldə edə bilərlər. Elə bunun nəticəsidir ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsini uzadaraq son müddətə gətirib çıxardılar. Azərbaycanın isə artıq ermənilərin nazı ilə oynamaq lüksü artıq yoxdur. Azərbaycan ermənilərin danışıqlar prosesini uzatmalarının arxasında nələrin dayandığını bilir və ona görə də, “dəmir yumruğu” onların başı üzərindən heç zaman əskik etmir. Azərbaycan Xarici İşlər Nazirinin bu bəyanatı Azərbaycan Prezident İlham Əliyev və Azərbaycan xalqının qətiyyətinin ifadəsidir. Bəli, biz Ermənistanın özünü belə işğal etməli olsaq da Naxçıvanla yolumuzu açacağıq. Bu, aksiomadır. Bunun alternativi yoxdur. Ermənilər bu həqiqəti nə qədər tez başa düşsələr bir o qədər qazanacaqlar. Yoxsa 44 günlük müharibə zamanı almadığımız bütün mövqeləri geri alacağıq”, - deyə, politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top