“İmperiya modelini qoruyub, saxlamağa çalışan Rusiya dağıla bilər” — AÇIQLAMA

GÜNDƏM 09 avqust 2022, 14:52
“Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev hazırda müəyyən mənada, koronavirusa yoluxaraq, həyatını iyirmiş Vladimir Jirinovskinin vaxtilə yerinə yetirdiyi funksiyaları öz üzərinə götürmüş kimi görünür. Kremlin gələcəyə yönəlik strateji planları və hədəfləri indi də məhz Dmitri Medvedyev üzərindən ictimailəşdirilir, postsovet məkanı ölkələrinə dolayısı mesajlar verilir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

Analitikin sözlərinə görə, Kreml bununla postsovet dövlətlərini hədələyir və onlara təzyiq göstərməyə çalışır:

“Ukrayna savaşında ağır duruma düşüb, zəifləmiş Rusiya bu ölkələrin qorxu altında olmasında, Kremlin nəzarət dairəsindən çıxmağa cəsarət etməməsində maraqlıdır. Təbii ki, Kreml gələcəkdə gücü çatacağı təqdirdə, keçmiş SSRİ-nin sərhədlərini bərpa etməyi hədəfləyir. Bu, Rusiya siyasi dairələrinin imperialist dünya görüşündən qaynaqlanır. Ona görə də, Kremldə hələ də hesab edirlər ki, hazırda müstəqil olan postsovet ölkələri Rusiyanın “tarixi ərazilər”idir. Bu ölkələrin Rusiyadan yan keçməklə, müstəqil xarici siyasət yürütmək cəhdləri Kremli qıcıqlandırır”. 



Onun sözlərinə görə, nəticədə hələlik bu ölkələrə birbaşa müdaxilə edə bilməyən Rusiya onları açıq-aşkar hədələyir:

“Bu səbəbdən də, Rusiyaya dünyada və o cümlədən də MDB məkanında heç bir ölkə rəğbət bəsləmir. Bütün ölkələr Rusiya ilə mümkün qədər məsafə saxlamağa çalışırlar. Hətta Rusiyanın ən yaxın müttəfiqi sayılan Belarus belə, Kremllə ehtiyatlı davranmağa üstünlük verir. Ancaq son baş verən hadisələr, dünyada cərəyan edən yeni proseslər onu göstərir ki, Rusiyanın “SSRİ.2” layihəsini reallaşdırmaq mümkün olmayacaq. Çünki, keçmiş SSRİ-nin dağılmasından sonra postsovet məkanında və dünyada çox ciddi dəyişikliklər baş verib. Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini bərpa etməsinə imkan verməzlər. Kremlin bu hədəfi hərbi güc müstəvisində reallığa çevirə biləcəyi də qətiyyən inandırıcı görünmür. Çünki Ukrayna savaşı onu göstərdi ki, Rusiyanın buna yetərli hərbi gücü yoxdur. Üstəlik, Rusiyanın onsuz da zəif olan və artıq tamamilə çökməyə başlamış iqtisadiyyatı da Kremlin imperialist iddiaları ilə uyğun gəlmir. Kreml bu zamanı ötmüş iddialarını davam etdirməklə, yalnız Rusiyanı daha ağır xaosun içərisinə sala bilər”.

“Kremldə nəhayət ki, anlayıb qəbul etməlidirlər ki, dünya tarixində yalnız parçalanıb, dağılmış imperiyalar barədə məlumatlar var. Əvvəlcə parçalanaraq dağılmış, sonrasa bərpa olunmuş imperiyalar barədə dünya tarixində heç bir örnək yoxdur. 

Yəni, imperiyalar yalnız dağılır, ancaq onlar heç vaxt bərpa olunmur. Kremlə də Rusiya imperiyasını və ya keçmiş SSRİ-ni bərpa etmək müəssər olmayacaq.Əksinə, hazırda Rusiya imperiyasının dağılma prosesinin yekun mərhələsi davam edir. Rusiya imperiyasının dağılması isə ötən əsrin əvvəllərində başlanmışdı. Onun əvəzində keçmiş SSRİ yaranmışdı və Rusiya imperiyasının bir hissəsi qorunmuşdu. Artıq keçmiş SSRİ də dağılıb, mövcud deyil. Yekun mərhələdə isə hələ də imperiya modelini qoruyub, saxlamağa çalışan indiki Rusiya da dağıla bilər”,  - deyə analitik sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top