Politoloq: “Ermənistan Rusiyanın forpostundan çıxmağa çalışır”

GÜNDƏM 05 avq 2022, 14:00
“Rusiyanın Azərbaycan-Ermənistan sərhədində hərbi baza yaratması yeni məsələ deyil. Hələ bir ay qabaq Rusiyanın Tovuz rayonu ilə sərhəddə yerləşən Ermənistanın Tavuş vilayətində hərbi baza yaratdığı ilə bağlı xəbərlər yayılmağa başlamışdı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. 

Politoloqun sözlərinə görə, Rusiya regionda baş verənlərdən narahatdır:

“İlk baxışdan sərhədlərinin qorunmasını onsuz da rus hərbçilərinə etibar edən Ermənistanda Rusiyanın yeni hərbi baza yaratması, bu ölkənin daxili işi kimi görünsə də əslində məsələ daha dərindir. Belə ki, söhbət olduqca strateji əhəmiyyətli bölgədən gedir.

Məlumat üçün bildirim ki, həmin ərazi Azərbaycan və Ermənistanla sərhəd bölgəsi olmaqla yanaşı həm də Gürcüstan sərhəddi yaxınlığındadır. Gürcüstan üzərindən keçməklə çoxlu sayda infrastruktur layihələrini həyata keçirdiyimizi, eləcə də qaz boru kəmərləri, elektrik xətləri, Bakı-Tiflis-Qars dəmiryolu və “İpək Yolu” kimi xəttlərin məhz Tovuz ərazisindən keçdiyini nəzərə aldıqda həmin bölgədə yeni bir rus hərbi bazasının yaradılması təbii olaraq narahatlıq doğurur. Üstəlik, bütün bu kommunikasiyalar təkcə Azərbaycanı və bir sıra digər ölkələri Gürcüstanla yox, eləcə də Türkiyə ilə birləşdirir. Odur ki, Rusiyanın məhz həmin bölgədə yeni hərbi baza yaratması da yeni təsir imkanları əldə etmək kimi qiymətləndirilə bilər. Narahatçılıqla məhz elə bu məqamlarla bağlıdır”.

“Amma, mən istənilən halda həmin hərbi bazanın nə bizə, nə də Türkiyəyə açıq təhdid yarada biləcəyini düşünmürəm. Başqa sözlə desək, indiki məqamda Rusiyanın Azərbaycan və ya Türkiyə ilə konfrantasiyaya gedəcəyinə inanmıram. Onu da nəzərə almaq lazımdır ki, həm Paşinyan, həm də bu ölkənin rəhbərliyində təmsil olunan ayrı-ayrı şəxslər də artıq Rusiya hərbçilərinin fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bu gün üçün real olmasa da tədricən Ermənistanın da Rusiyanın forpostundan çıxması üçün müvafiq addımlar atacağına inanıram. Hal-hazırda Qərbin bununla bağlı Ermənistana yönəlik təzyiqlər var və gec-tez bu təzyiqlər öz bəhrəsini verəcək”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top