Anti-Azərbaycan ovqatının London tamaşası: dini dramatizm və ermənipərstliyin dünyəvi ləpirləri

GÜNDƏM 05 avq 2022, 13:51
Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə hücum, dövlət bayrağımıza nalayiq münasibət heç şübhəsiz, ölkəmizin Qarabağ cəbhəsində nümayiş etdirdiyi diplomatik və hərbi qətiyyətlə bağlıdır.

Bu qətiyyən kimlərə sərf etmir? Təbii, İran loru desək, əlimizdən yanıqlıdır. Tehranın planlarını pozuruq. Pozmuşuq da. Gələcəkdə də pozacağıq. Ancaq ümumən Azərbaycan İrana qarşı oyun qaydalarını pozmur. Heç vaxt pozmayıb. Odur ki, Tehran müəyyən məsələlərdə təmkinli davranmağa çalışır. Əlbəttə, İran hazırkı Azərbaycanın dünya üçün nə demək olduğu reallığını, onu parçalamağa yönələn küləklərin hardan əsdiyini gözəl dərk edir. Müstəqil Azərbaycanın İran dövlətçiliyinə qarşı illərdir aparılan oyunların alətinə çevrilmədiyi reallığını da həmçinin. Amma prinsiplərimizdə inad etməyimiz gücümüzü artırır. Tehran hər bir halda güclü, inkişaf edən Azərbaycanı özü üçün təhdid sayır və çalışır ki, ölkəmizə qarşı nələrsə etsin. Bunlar öz yerində, bəs Londonda fars şovvinizmi tərəfindən düzənləndiyi təəssüratı yaradan dini dramatizm səhnəsi daha kimlər üçün sərfəlidir? Niyə məhz Britaniya? Axı Azərbaycanın digər Avropa ölkələrində də səfirlik binaları var.

***

Əvvəla ondan başlayaq ki, Britaniya 44 günlük Vətən Müharibəsi dönəmində bizə şəksiz dəstək verən ölkələrdəndir. Birləşmiş Krallıq bu baxımdan ilk sırada dayanlardandır. Yəqin təsəvvür edirsiniz, Azərbaycanın Britaniyadakı səfirliyinə hücum hansı effektin yaradılmasına xidmət edir, bununla nə demək istənilir. İlk mesaj hiddət püsgürür: sizi dəstəyinizdən məhrum edərik. Bayrağınızı, yəni varlığınızı Britaniya üçün heç nəyə çevirərik. Şübhəsiz, Azərbaycanla Britaniya arasında gərginlik yaratmaq niyyəti də nəzərə alınmamış deyil. Amma başqa məqsədlər də var.

***

Ermənistandakı Nikol Paşinyan hakimiyyətinin qərbpərəstliyi heç kəsə sirr deyil. 44 günlük müharibə Nikolun arxalandığı dağlara qar yağdırdı. Müharibədəki acınacaqlı məğlubiyyət nəinki Ermənistan hakimiyyətinin mövqelərini sarsıtdı, eyni zamanda bütövlükdə dünya erməniliyinə ağır zərbə vurdu. Qərbdə bunu çox gözəl dərk edirlər. Hazırda gündəmə gətirilən ATƏT-in Minsk Qrupu ideyası, Dağlıq Qarabağın statusu kimi cəfəng məsələlər məyus duruma düşmüş erməniliyin bir növ könlünü almağa hesablanmış gedişlərdir.  Paşinyan da incikdir. O, Cıdır düzündə piyan olub yatarkən, “Qarabağ Ermənistandır” fikrini dilə gətirərkən arxayın idi ki, Qərb demokratik yolla seçilmiş Ermənistan hakimiyyətini Azərbaycana çilətdirməz. Azərbaycan Ermənistanı nəinki çilədi, hətta çığnadı da.

Bu mənada həm rəsmi Yerevanın, həm də erməni lobbi və diaspor təşkilatlarında sözün əsl mənasında soracaqları hesablar var. Qərb dairələrinin Qarabağ mövzusunda köhnə havalara düşməsi bununla bağlıdır. Onlar Qarabağda qalmış erməni tör-töküntülərini müdafiə etmək fikrindədirlər. Elə düşünürlər ki, əvvəlki danışıqlar formatını bərpa etməklə Azərbaycandan Dağlıq Qarabağdakı emənilərə hansısa status qopardacaqlar. Bəlkə ermənilərə bunun sözünü də veriblər.

Təbii, tədricən istəklərini  gerçəkləşdirməyin mümkünsüzlüyü üzərinə gəlirlər. Ona görə  Azərbaycanla Ermənistan arasındakı mövcud status-kvonu saxlamağa üstünlük verirlər ki, nə vaxtsa şərait yetişsə, ölkəmizə təzyiq yolu ilə ermənilərin arzularını, xam xəyallarını reallaşdırsınlar. Azərbaycan isə artıq gözləmək istəmir, Qarabağın bütün ərazilərində özünün suveren hüquqlarını bərpa etməkdə israrlı və qərarlıdır.  Bunu hər keçən gün daha yaxşı dərk etməyə başlayan Qərb dairələri Cənubi Qafqazada sülh, sabitlik kimi şablon bəyanatlarının da artıq işə yaramadığını anlayırlar. Necə deyərlər, çəmbər 2020-ci il noyabrın 10-dan indiyədək çox daralıb. Ermənilərin arada qalıb əzilmək təhlükəsi aktuallaşıb. Buna görə Azərbaycana qarşı təzyiq yolu tuturlar.

***

Qərb xaricdəki azərbaycanlı müxaliflərə nəyin söylənilməsini diqtə edir. Məsələn, Sevinc Osmanqızı özünün youtube yayımlarında Azərbaycan hakimiyyətinin Qarabağda müharibəyə hazırlaşdığını car çəkir. Guya İlham Əliyev iqtidarı daxildəki dayaqlarını itirib, müharibə onun hakimiyyətdə qalması üçün yeganə yoldur. Xanım Osmanqızı vətəndaşları orduda İlham Əliyev üçün döyüşməməyə çağırır, bu kontekstdə qazi intiharı məsələsini dövlətin müharibə iştirakçılarına dəyərsiz yanaşması kimi əsaslandıraraq ictimai rəyə təsir göstərməyə çalışır. Onun sərsəmləmələri heç də təsadüfi deyil. Tapşırıq necədirsə, Osmanqızı ona müvafiq davranır. Ancaq bir vacib məsələni unudur ki, ölkəmizdə xalq-hakimiyyət vəhdəti var.

Fikrimcə, Londonda səfirliyimiz önündə meymunluq etməyi tapşıranlarla Osmanqızına cəfəng danışmağın tezislərini verənlər eyni mərkəzin “ideoloqlarıdır”. Sadəcə onlar Londonda bir qədər fərqli davranıblar. Məsələyə İranı da qatıblar.

***

İranın Ermənistana isti münasibətinin sübuta ehtiyacı yoxdur. Azərbaycanda İrana qarşı kəskin antipatiyanın mövcudluğu da məlumdur. Azərbaycan Qarabağdakı hazırkı status-kvonun, yəni erməni hərbi varlığının dözülməzliyini açıqlayırsa, demək ki, öz işini güc yolu ilə həll edəcək. Məsələyə Rusiya da qarışa bilməz. Çünki Azərbaycan üçtərəfli bəyanatın şərtlərini icra edir. O bəyanatın ki, orada Rusiyanın da imzası var. Və o Rusiyanın ki, Ukrayna məsələsinə görə Qərb tərəfindən az qala siyasi üzdəniraq kimi təqdim edilir. Yəni Qərbin ermənilərə görə Moskva ilə işbirliyi, hansısa razılığa gəlmək şansı demək olar, sıfıra bərabərdir. Regional oyunçulardan Türkiyə birmənalı bizim tərəfimizdədir. Yerdə qalır İran.

Bu durumda Azərbaycan cəmiyyətində anti-İran ovqatını körükləyən fəaliyyətə ehtiyac yaranır. Bu, elə bir “fəaliyyət” olmalıdır ki, Tehran ona baxıb tam şəkildə Ermənistanın tərəfini tutsun, Bakıya qarşı açıq demarş yoluna keçsin. Ancaq dediyim kimi, əvvəl Azərbaycan cəmiyyətinin İran antipatiyasına yeni çalarlar gətirmək lazımdır. Azərbaycanın Britaniyadakı Səfirliyinə belə desək, “molla hücumu” və hücum nəticəsində ölkəmizin bayrağının endirilməsi bunun üçün çox ciddi əsasdır.  Belə düşünürlər ki, İran dindən dönmüş müsəlmanları, yəni nəzərlərindəki, İrana qarşı hiddət yağdıran bizi düz yola qaytarmaq üçün Ermənistanı dəstəkləməlidir. Digər tərəfdən, Azərbaycan bayrağı dindarlar tərəfindən səfirliyin binası önündən götürülürsə, bu, həm də dünyaya bizim müsəlman olduğumuz mesajını verir. Yəni, təsəvvür formalaşdırılır ki, xaricdəki fundamentalist islamçılardan Azərbaycanda da var. Mövcud xüsusdakı ən böyük mesaj isə budur: Azərbaycan islam fanatizminin hakim kəsildiyi ölkədir və bu ölkə xristian Ermənistanla münaqişədədir, Qarabağdakı xristian ermənilər üçün təhdiddir. Təbii ki, Azərbaycanın beynəlxalq hüquqla təsdiq olunmuş sərhədləri, ərazi bütövlüyü və suverenliyi kimi məsələlər oyunu quranlar üçün tam mənasızdır.

***

Bu durumda Azərbaycan cəmiyyəti, onun mütərəqqi kəsimi qarşısında dayanan vəzifə təmkinli olmaq, soyuqanlı davranmaq, konkretliyi və məqsədyönlülüyü qorumaq, emosiyalara qapılmadan hadisələrin növbəti axarını gözləməkdir. Heç şübhəsiz, plan quranların mütləq hansısa digər gedişləri də ortaya çıxacaqdır. Biz daha böyük planları pozmalıyıq, onların mahiyyətini tutmalıyıq. Səfirliyə hücum çəkən dindən uzaq başıpozuqları Britaniya polisi bizsiz də tutub.

Əvəz Rüstəmov (baki-baku.az)
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top