Şuşada keçirilən Beynəlxalq Media Forumu Azərbaycan mediası üçün tarixi hadisədir — FOTOLAR

GÜNDƏM 26 iyl 2022, 18:07
İyulun 22-də Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada növbəti dəfə tarixi bir gün yaşandı. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirildi. Tədbirə ölkə jurnalistləri, Qarabağımızın - Şuşanın azad olunmasında iştirak edən  bir qrup qazimizlə yanaşı, 20-dək ölkədən  xarici media nümayəndələri və ekspertləri də qatılmışdı.

Tədbirin iştirakçıları təəssüratlarını bölüşərkən  Şuşamızın hər gününün çal-çağırlı olmasından, yalnız diplomatik deyil, ideoloji mərkəzi kimi tanınmasından böyük qürur hissi ilə bəhs etdilər.

Tədbir iştirakçılarından biri kimi artıq dördüncü dəfə idi ki,  Şuşanın qonağı olurdum. İki dəfə “Xarıbülbül”  musiqi festivalının, üçüncü dəfə  Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik  münasibətləri Qafqaz və  region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda  beynəlxalq konfransın iştirakçısı olmuşam. İyulun 22-də  isə Milli Mətbuatımızın 147-ci ildönümünün Azərbaycanın mədəniyyət beşiyi Şuşada qeyd edilməsinin iştirakçısı olmaqdan şərəf duydum.  Hər bir səfərin, tədbirin özünəməxsus yeri, özəlliyi,   qəlbimizdə  yaratdığı hissləri var.

Tədbirin əhəmiyyətindən, özündə ehtiva etdiyi çağırışlardan bəhs etmədən  öncə azad Qarabağımızın, azad Şuşamızın yenidən qurulmasından, bərpasından, cənnətməkana çevrilməsindən keçirdiyim sevinc hissini paylaşmaq istərdim.  Şuşaya yolumuzu Füzuli Beynəlxalq Hava Limanından saldıq. Bakıdan Füzuli Beynəlxalq Hava Limanına edilən  uçuşda  bir fərqli mənzərə yaşadıq.  30 ildən sonra düşmən tapdağından azad olunan torpaqlarımızda geniş vüsət alan quruculuq işləri,  bu torpaqlara təyyarə ilə qısa zamanda qovuşmağımız hər birimizdə fərəh hissi yaratdı.  Bu xoş günləri bizlərə yaşadan  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın  rəşadətli Ordusuna minnətdarlığımızı bildirir, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. 30 ildən sonra  yeni həyat yaşayan, tarixi sahibinə  qovuşmaqdan qürurlu olan torpaqlarımızda geniş vüsət alan  bərpa və quruculuq işləri  nəinki bizləri, eyni zamanda, xarici qonaqları heyrətləndirir, Azərbaycan xalqının nə qədər  yaradıcı, qurucu xalq olduğunu bütün dünyaya göstərir. 

Bərpa-quruculuq işlərinə start veriləndə  Prezident İlham Əliyev  ilk olaraq  infrastruktur layihələrinin icrasına xüsusi diqqət yönəltdi.  Avtomobil yolları  yenidən bərpa olunur. Həmçinin  azadlığına qovuşmuş bu torpaqlarımızda üç Beynəlxalq Hava Limanının tikintisinin nəzərdə tutulması da  bu ərazilərimizin  inkişafına,  turizm imkanlarından səmərəli istifadəyə hədəflənmiş addımlar  sırasından idi.  Ötən il Füzuli Beynəlxalq Hava Limanı  Azərbaycan Prezidenti İlham Əliyev və qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə istifadəyə verildi.  Cari ildə Zəngilan Beynəlxalq Hava Limanının  istifadəyə verilməsi nəzərdə tutulur. Laçın Beynəlxalq Hava Limanının isə  2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır.  İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyevin  bu ərazilərdə  Beynəlxalq Hava Limanlarının tikintisinə xüsusi önəm verməsi də  səbəbsiz deyildi.  Qarabağlı və Şərqi Zəngəzurlu  Azərbaycan  tezliklə  böyük nəqliyyat qovşağı  və turizm mərkəzinə çevriləcək.  Təyyarənin Füzuli Beynəlxalq Hava Limanına enməsini səbirsizliklə gözləyirdik. Çünki tarixi sahibinə qovuşmuş torpaqlarımızın  qonaqlarını hansı ruhda qarşıladığını görmək hər birimizdə  sevinc hissi yaradır. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında qeyd etdiyi kimi, Qarabağın tacı Şuşa 28 il əsarətdə qalsa da  əyilmədi. Sınmadı, öz qürurunu, milli kimliyini qorudu.

Şuşa tarixi sahiblərinə qovuşacağını  bilirdi və həmin an  2020-ci ildə gəlib çatdı. Hər səfər zamanı  tamamilə geniş formatda görülən işlərin şahidi oluruq.  Füzulidən Şuşaya Zəfər yolu ilə getdik.  O da məlumdur ki,  dövlət başçısı İlham Əliyev ilk dəfə Füzuliyə səfər edərkən  Əhmədbəyli- Füzuli-Şuşa yolunun, Zəfər yolunun  bərpası ilə bağlı göstəriş verdi.  Ötən il Zəfər yolu da  qısa zamanda  bərpa edilərək istifadəyə verildi. Bu yolun da  rəmzi mənası vardır. Belə ki, bu yol ordumuzu, torpaqlarımızın  işğaldan  azad edilməsi üçün  canından keçən, silaha sarılan Vətən oğullarını Şuşaya apardı. O yol ki,  Şuşa dastanının yazılmasına şahidlik etdi.  Hansı ki, bu yol keçilməz bir halda idi. Amma Vətən oğullarımız Şuşa dastanını yazmaq üçün yolun keçilməzliyinin fərqində belə olmadılar. Bu gün isə həmin yol qısa zamanda yüzlərlə Azərbaycan vətəndaşını, xarici qonaqları Şuşa ilə qovuşdurur.   Zəfər  yolunun tikintisinin qısa vaxtda  həyata keçirilməsi  Azərbaycan xalqının  qazandığı parlaq  Qələbənin simvoludur. Ali  mühəndislik  düşüncəsinin,  yüksək texnoloji  imkanların istifadə olunduğu  bu layihə  ilin bütün fəsillərində  çətin relyef şəraitində,  keçilməz dağ  yolları yarılaraq  həyata keçirilib.  Belə bir  qısa vaxtda  icra olunan və dünyada  analoqu  olmayan  layihə  Azərbaycan dövlətinin gücünü, onun malik olduğu  potensialı  və ən əsası Prezident İlham Əliyevin  qətiyyətini bütün dünyaya  göstərdi.  Şanlı Ordumuzun  ölkəmizin  mədəniyyət paytaxtı olan  Şuşa şəhərini  mənfur düşməndən azad  edərkən  istifadə etdiyi  cığır -yolun  əbədiləşdirilməsi məqsədilə  tikilən  və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən  “Zəfər yolu” adlandırılan  avtomobil yolunun inşası  dövlət başçısının daimi nəzarəti  altında icra edildi.

Qeyd etdiyimiz kimi, dünyanın 20-yə yaxın  ölkəsinin media nümayəndələrini, ekspertlərini, o cümlədən Azərbaycan jurnalistlərini Şuşaya qovuşduran Zəfər yolu sanki hər gün  Şuşanı qonaqları ilə qovuşdurmasından qürur hissi keçirir.

Nəhayət, iştirakçıların səbirsizliklə gözlədiyi an gəlib çatdı.  Şuşa əvvəldə də qeyd etdiyimiz kimi, yalnız  diplomatik deyil, ideologiya mərkəzi olduğunu dünyaya nümayiş etdirdi. İctimai fikrə təsir imkanları böyük olan mətbuatı düşündürən məsələlərin,  qarşıda dayanan vəzifələrin Şuşada müzakirə olunması böyük tarixi hadisədir. Forum Azərbaycanın Dövlət Himninin səsləndirlməsindən, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra öz işinə başladı.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin media nümayəndələrinə 22 İyul-Milli Mətbuat Günü münasibətilə müraciətini oxudu. Müraciətdə də bu  məqam xüsusi qeyd edilir ki, müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaq. Dövlət başçısı İlham Əliyev hazırkı dövrdə mətbuatın qarşısında dayanan çağırışları diqqətə çatdırdı: “Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.”

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov,  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva çıxış edərək müasir mətbuatın qarşısında dayanan vəzifələrdən və çağırışlardan bəhs etdilər.

Beynəlxalq media forumu işini  “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” , “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri”  mövzusunda panel iclaslarda davam etdirdi. Hər bir mövzu qarşıya qoyulan vəzifələrin təqdimatı, eyni zamanda səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə bir çağırışdır.

Dünyanın 20-yə yaxın ölkəsinin media nümayəndəsinin, ekspertlərinin qatıldığı tədbirin  əhəmiyyətini geniş şərh etməyə ehtiyac duymuruq. Belə ki, Forumun keçirilməsi üçün seçilən məkan, eyni zamanda, müzakirə üçün mövzu özlüyündə bütün məqamlara işıq salır. Forumda bu inam ifadə edildi ki,  bu gün Şuşada təşkil olunan tədbir  gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. İnformasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılması zəruridir.

Beynəlxalq Media Forumunun iştirakçılarının  Şuşanın görməli yerləri ilə tanış olmalarının özü Azərbaycanın tarixi Zəfərimizin reallıqları fonunda apardığı təbliğat kampaniyasının əsas tərkib hissəsi idi.  Belə ki,  qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanında oldular. Bu fakt xarici qonaqların diqqətinə çatdırıldı ki,  işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Şuşa qala divarlarını ziyarət edən xarici qonaqlar  Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat  əldə etdilər. Şuşada, Cıdır düzündə olmağın özü  tarixi Zəfərimizin reallıqlarının təbliğinə böyük töhfədir. İllərdir Şuşanı erməniləşdirməyə çalışan Ermənistan isə anlamalıdır ki, yalanın ədalət üzərində qələbəsi mümkünsüzdür.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın bu il şahidlik etdiyi Dünya Azərbaycanlılarının Zəfər  Qurultayının  sonunda səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “…Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür,  bu gün başımız dikdir. Və həmişə belə olacaq, mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı  müzəffər xalq kimi  əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda  möhkəm dayanmışıq və heç  kim heç vaxt  bu torpaqlardan bizi tərpədə bilməz. Yaşasın Şuşa! Yaşasın Qarabağ!  Hamımız birlikdə: Qarabağ Azərbaycandır!”

Şuşa Beynəlxalq Media Forumu tariximizə daha bir parlaq səhifəni yazdı. Artıq geriyə-Bakıya dönüş zamanı idi. Yenə də  Zəfər yolunun  bələdçiliyi ilə Füzuli Beynəlxalq Hava Limanına qayıtdıq.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri zamanı daim səsləndirdiyi   “Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə də  ayrılmaq istəmirik. Şuşa  insanı özünə  o qədər  cəlb edir ki,  buraya gələnlər  qayıtmaq, getmək istəmirlər. Ancaq indi biz  Bakıya qayıtmalıyıq… Şuşaya hələlik deyirik.” fikirləri  azad Şuşamıza səfər edən hər bir Forum iştirakçısının  ürəyindən keçən, dilindən səslənən  fikirlər oldu. Hələ Şuşamız bundan sonra  daha çox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək, Azərbaycanın milli kimliyinin təqdimatına öz töhfələrini verəcək. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səninləyik!



Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist
Bakı-Füzuli-Şuşa-Füzuli-Bakı

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top