Politoloq: “Ermənistan yenə də imitasiya etsə, bu proseslər uzun çəkməyəcək“

SOSİAL 18 iyl 2022, 11:43
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşün özü müsbət bir haldır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloqun sözlərinə görə, bu görüş ondan xəbər verir ki, hər iki  tərəf özləri öz problemlərini həll etməyə qadir olduqlarını nümayiş etdirirlər:

“Digər tərəfdən əlbəttə ki, proses özü mürəkkəb və ziddiyyətli olacaq. Hər halda Ermənistanın açıqlaması ondan xəbər verir ki, Ermənistan tərəfi ənənəvi yanaşmadan əl çəkmir. Bu da əlbəttə ki, prosesin nə dərəcədə məhsuldar olmasından xəbər verir. Bu, bir qədər sual altında qalır. Digər tərəfdən burada yenə də imitasiya olsa, burada görüntülər olsa ki, ancaq danışıqlar üçün aparılır, yəqin ki, bu, uzun çəkməyəcək və dərhal kəsiləcək. Hər halda Azərbaycan tərəfi belə prosesdə iştirak etməkdə maraqlı görünmür”. 

Politoloq görüşün Tbilisidə baş tutmasını daha çox texniki meydança kimi xarakterizə edilə biləcəyini qeyd edib:

“Yəni, bu sırf olaraq Tbilisinin təşəbbüsü deyil, çox güman ki, burada digər oyunçular da rol oynayıblar. Danışıqların aparılmasında xüsusilə Avropa İttifaqı maraqlıdır. Açıq deyək ki, Gürcüstan Avropa siyasətini aparan bir tərəf kimi burada müəyyən xal qazanmaq istəyir. Gürcüstan həmişə regionda mərkəz ölkə kimi özünü təqdim edir. Çünki Azərbaycanla Ermənistan arasında dialoq yoxdur. Gürcüstan isə həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərdə olan bir ölkədir. Ona görə də, bu statusu Gürcüstan saxlamaq istəyir, bu da onun siyasi avtoritetini qaldırır, regionda çəkisini artırır, xüsusilə də Avrpopa siyasətində çəkisini artırır. Ona görə də, Gürcüstan istəyir ki, bu proses məhz Tbilisidə baş versin. Eyni zamanda Azərbaycanla Ermənistan da maraqlıdır ki, uzağa getməsin, qonşu ölkə Tbilisi də tədbirləri keçirsinlər. Digər tərəfdən Avropanın marağı ondan ibarətdir ki, üçtərəfli dialoq baş versin və Qafqazda vahid regional platforma yaransın: Azərbaycan-Ermənistan-Gürcüstan. Regionda gedən proseslər platformanın yaranmasını tamamlaya bilmir. Düzdür, bunu Azərbaycan və Gürcüstan dəstəkləyir, amma Ermənistan o qədər digər ölkələrdənn asılıdır ki, onun mövqeyini bilmək çətindir. Hər halda hadisələri gözləyək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top