Qazi intiharları və fürsətcil qüvvələr...

SİYASİ 13 iyl 2022, 17:57
Azərbaycanda ordu ilə xalq arasında dərin uçurum yaratmaq ölkəmizdəki agenturanın əsas hədəflərindən biri idi. “Tərtər cinayəti”nin həyata keçirilməsini də agenturanın “uğurlu” layihələrindən biri kimi qiymətləndirmək olar. Məqsəd xalqda orduya qarşı dərin inamsızlıq yaratmaq və ölkə rəhbərliyini torpaqların azad olunması ilə bağlı atılan addımlardan çəkindirmək idi. Bu niyyət baş tutmadı və Azərbaycan qısa müddətdə öz torpaqlarını işğaldan təmizlədi.

Müharibədən sonrakı mərhələ...

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti bütün resurslarını şəhid ailələrinin və qazilərin problemlərinin həllinə yönəltdi. Müharibənin fəsadlarının aradan qaldırılması əsas prioritet kimi bu gün də hökumətin qarşısında əsas məsələ kimi qoyulub. Ancaq biz bilirdik ki, qazilərin, şəhid ailələrinin problemlərindən istifadə edən xeyli sayda mənfur qüvvələr bu dəfə yeni formatda peyda olacaqlar. Belə də oldu. Müharibədən sonra - bu günə qədər Azərbaycanda 35 qazi intihar edib, əksəriyyəti də yerli icra strukturlarının diqqətsizliyindən şikayət edərək intihara əl atıblar. İntihar edən qazilərin içərisində müharibədə aldığı ağır psixoloji travmalardan əziyyət çəkən şəxslər də az deyil. Qazilərin intiharları üzərindən dövlətin üzərinə yeriyən bir çox qüvvələr isə yeni fürsət imkanı əldə ediblər.

Həndəsi silsilə ilə artan intihar və narazılıqlar...

Proseslər göstərir ki, qazilərin intiharlarının, şəhid ailələrinin problemlərinin süni şəkildə qabardılmasında maraqlı olan qüvvələr var. Prosesi sistemli və “sosial dayaqlar” üzərində qurublar.

Diqqət ediriksə, şəhid ailələrinin problemləri və qazilərin intiharları ilə bağlı əsasən iki xətt üzrə sistemli iş qurulub:

Birincisi, İrana bağlı qüvvələr qazilərin intiharlarından dövlətə qarşı istifadə etməyə cəhd göstərirlər. Onlar özlərinin sosial media hesablarında dövlət əleyhinə çağırışlar edərək Azərbaycanda “ədalətli” dövlətin qurulmasınını vacibliyindən danışırlar.

İkincisi, öz antimilli addımlarını “Qərbə inteqrasiya” nağılları ilə ört-basdır edən, 30 ildir Rusiyanın ölkəmizdəki əsas təbliğatçı ruporlarına çevrilən müxalif partiyalar qazilərin intiharlarından özlərinə “bufer” seçiblər.

Təhlükənin miqyası da bəllidir...

- Azərbaycan qalib ölkədir və ölkədə sürətli ordu quruculuğuna start verilib. Türkiyənin dəstəyi ilə ölkəmizdə Kəlbəcər və Hadrutda “komando briqada”lar yaradılıb. Bu da Rusiyaya və İrana sərf etmir.

- “Tərtər işi”nin obyektiv araşdırılması ilə bağlı istintaq komissiyası yaradılıb. İstintaq obyektiv şəkildə aparılsa, Rusiyaya bağlı agenturanın ən iri çaplı fiqurları qanun qarşısında cavab verməli olacaqlar. Rusiya isə özünün agentura şəbəkəsinin ifşasını istəmir.

- Azərbaycan heç bir hərbi təşkilata üzv olmadan Qərbə inteqrasiya yolunu tutub və bu proses Türkiyə-Azərbaycan birliyinin nəticəsi kimi reallaşmaqdadır. Bu məsələ də Rusiyaya sərf etmir.

- Azərbaycan Avropanın qaz təminatında əsas alternativ kimi önə çəkilir. Rusiya-Ukrayna müharibəsi fonunda ölkəmizin belə bir ciddi şəkil alması Moskvanı dərindən narahat edir.

Bu məsələdə qazilərimizin boynuna böyük və ciddi öhədəlik düşür. Onlar kifayət qədər təmkinli olmalıdırlar. Əsk halda qazilərin istənilən düşünülməz addımı düşmənlərə yeni fürsət imkanı qazandırır.

Əgər ölkədə indiyə qədər qazilərə qarşı layeqdlik olsaydı, başa düşmək olardı. Axı dövlət bütün resurslarını bu təbəqədən olan insanların problemlərinin həllinə yönəldib. İndiyə qədər minlərlə şəhid ailəsi, qazilər mənzillərlə təmin edilib, onlara aylıq ödənişlər həyata keçirilir və bundan sonrakı mərhələdə onların digər problemləri də əsas prioritet kimi qarşıya qoyulacaq.

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top