“Ermənistan Brüssel danışıqlarını fiaskoya uğratmağa çalışır” — ŞƏRH

GÜNDƏM 02 iyl 2022, 14:13
Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib.

Məsələni Demokrat.az-a şərh edən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan konkret olaraq əldə olunan razılaşmalardan müəyyən dərəcədə boyun qaçırır və manipulyasiya edir. Politoloq qeyd edib ki, Ermənistan tərəfi prosesi uzatmağa çalışır:

“Bildiyimiz kimi, Brüssel görüşündə razılaşmalar var idi. Demək olar ki, Brüsselin vasitəçiliyi ilə 4 dəfə görüş keçirilib və bir dəfə onlayn, amma konkret olaraq Ermənistan tərəfi əldə olunan razılaşmaları pozub. Brüssel fərqli bəyanatlar verir, İrəvan isə tamamilə bunun əksi bəyanatlarını verir. Nikol Paşinyan da, erməni rəsmilər də Minsk qrupundan status məsələsindən danışırlar. Düşünürəm ki, bu istiqamətdə Ermənistan tərəfinin verdiyi açıqlamalar sülh prosesini pozmaqdır. Azərbaycanın 5 təməl prinsipini qəbul etdikdən sonra növbəti öz təkliflərini irəli sürərək, münaqişəni yeni formatda ortaya atmaqdır. Və Minsk qrupu barədə verilən açıqlamalar da buna dəlalət edir ki, Ermənistan vəziyyəti gərginlədirməyə çalışır və revanşist açıqlamalar verir. Təbii ki, Azərbayan buna hazır olmalı və adekvat addımlar atmalıdır”. 



Politoloq vurğulayıb ki, dövlət sərhəddində Ermənistan Kəlbəcər və Laçın istiqamətində atəşkəsi mütəmadi pozur:

“Hesab edirəm ki, Ermənistan vəziyyəti gərginləşdirmək üçün diversiya təxribatı həyata keçirə bilərlər. Əlbəttə ki, burada Rusiya da maraqlıdır ki, Azərbaycan-Ermənistan arasında vəziyyət gərginləşsin. Hətta, Ermənistandan artıq müddətli hərbi qulluqçuların Qarabağ göndərilməsi də qeyd edilib. Ona görə də, Azərbaycan ordusuna hazır olmaları, ümumiyyətlə, düşmənlərin bütün təxribatlarına qarşı dərhal cavab addımları atılması lazım idi. Bu istiqamətdə müdafiə naziri müşavirə keçirməsi, tapşırıqlar verməsi təqdirəlayiqdir və Azərbaycan bununla da Ermənistana mesaj verir ki, Ermənistan tərəfindən atılan hər bir addım onun öz əleyhinə işləyəcək və Azərbaycan tərəfindən dərhal qarşısı alınacaq. Ümumiyyətlə, situasiya gərgindir. Ermənistan Brüssel danışıqlarını fiaskoya uğratmağa çalışır və biz bu istiqamətdə hərəkətlilik görürük”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top