“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir — FOTOLAR

GÜNDƏM 02 iyl 2022, 12:11
"Bakı Ekspo Mərkəzi"ndə "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

Demokrat.az xəbər verir ki, yarımfinal mərhələsinin açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, işçi Qrupunun rəhbəri Fərhad Hacıyev, idarəçi rəhbərlərdən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak ediblər.

İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, müsabiqənin yarımfinal mərhələsində 332 nəfər iştirakçı mübarizə aparır: "İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi (strateji düşünmək, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi bacarıqları) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları va yenidənqurma sahəsini ehtiva edir". Onun sözlərinə görə, fevralın 17-dən qeydiyyatına start verilən "Yüksəliş" müsabiqəsində 12 299 iştirakçı müraciət edib: "Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankina daxil edilmə və 20 000 manat dəyərində pul mükafatı gözləyir".

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva vurğulayıb ki, bu gün burda olan iştirakçılar müəyyən qədər idarəçi necə olmalıdır sualına cavab tapıb: "Biz də sizlərə baxaraq müasir dövrün siyasətçiləri necə olmalıdır və kimləri axtarırıq, Azərbaycanın gələcək inkişafına dayaq ola biləcək şəxslərin axtarışındayıq. Müsabiqənin əsas hədəfi də məhz bundan ibarətdir. Hər kəsə uğurlar arzu edirəm və burada rəqib yox, həmkar olaraq əyləşmisiniz. Ümid edirəm ki, müsabiqənin nəticələrindən asılı olmayaraq aranızda dostluq bağları yaranacaq".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, "Yüksəliş" Azərbaycanda ad, status, imic qazanmış müsabiqəyə çevrilib: "Proses başlayanda bir çox məsələlər pandemiya səbəbindən onlayn aparılmalı olsa da, ilk müsabiqə uğurla yekunlaşdı. Qaliblərlə mentorlar işlədi. Effektiv seçimin olduğunun özüm də şahidi oldum. Çünki həmin qaliblərdən biri ilə mən də işlədim. Buradakı yarımfinalçılara bildirirəm ki, siz müxtəlif istiqamətlərdə öz bacarıq və səriştənizi göstərmək imkanı qazanacaqsınız. Bəzən birgünlük sessiya uzunmüddətli təlimə bərabər olur. Ədalətli olmaq, nəticəyə yönəlmək hər bir lider üçün önəmlidir. İnanıram ki, istənilən kollektivə liderlik etmək səriştə və biliklə yanaşı, məsələlərə daha geniş bucaqdan baxmaq, nəticəni əsas götürmək və düzgün qərar vermək zəncirini unutmamaqdır. Cəsarətli olmaq və qəbul edilən qərarların məsuliyyətini daşımaq vacibdir. İstənilən islahatdan narazı qalan olacaq. Ona görə də istənilən məsələnin düzgün strategiyası olmalıdır".

DİM sədri əlavə edib ki, layihə ilk başlayanda çox tərəddüd edilirdi: Lakin hazırda layihənin ikincisi keçirilir və daha keyfiyyətli şəkildə təşkil olunub. Daha mürəkkəb şərtlər və məsələlər təklif olunur. Nəticələr yaxşıdır. Rəqəmlərə baxanda narahat edən sadəcə bir məqam var. Bu il üçün qatılan iştirakçılardan yalnız üç mini qadın idi və bu da gender bərabərliyinin pozulmasından xəbər verir. Bugünkü yarımfinal mərhələsində iştirak edən 332 nəfərdən cəmi 52 nəfəri məhz qadın iştirakçıdır. Bu məsələ ilə maraqlanıb niyə belə olması ilə bağlı təhlil aparacağıq". O deyib ki, XX əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev uğurlu kadr siyasəti başlatmışdı: "Azərbaycan gəncləri SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Ciddi məsuliyyətli səriştəli kadrlar formalaşdırılırdı. Artıq həmin nəsil gedir və yeni nəsil necə olacaq? Prezident İlham Əliyev ulu öndərin uğurlu siyasətini bu gün layiqincə davam etdirir. Peşəkar, savadlı, bacarıqlı kadrları tapmaq və formalaşdırmaq dövlətin kadr siyasətinin əsas prioritetlərindəndir. Azad edilmiş ərazilərdə dövlət orqanlarının fəaliyyəti də bərpa olunacaq. Gənc savadlı kadrların, eləcə də dövlət qulluqçularının bu işdə rolu yüksək olacaq. Həyatı canlandırmaq üçün hər kəs birgə olub işləməlidir. Mən öz işçilərimdən nəsə öyrənməyə utanmıram. Hər kəs yeniliklərə açıq olmalıdır. Bu insanın ən vacib xüsusiyyətləridir".

Daha sonra yarımfinal mərhələsi qapalı şəraitdə davam edib. Ötən gündən başlanan proses sabah da davam edəcək. Final mərhələsinin 15-17 iyulda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top