“Energetik içkilər təhsil ocaqlarının bufetlərindən yığışdırılmalıdır” — AÇIQLAMA

SOSİAL 01 iyl 2022, 18:36
Son illər gənclər arasında energetik içkilərə maraq kəskin artıb. İnsan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları yeniyetmələrin, gənclərin bu içki növünə aludəçiliyini daha da gücləndirib. Mövcud vəziyyət isə cəmiyyətdə ciddi narahatlıq doğurur. Elə dövlət qurumları da artıq məlum istiqamətdə həyəcan təbili çalır. 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida texnoloqu Ağa Salamov bildirib ki, hazırda dördüncü sənaye əsrində yaşayırıq, bu dövr işbazların dövrüdür.Ekspert qeyd edib ki, biz heç cür bu tip içkiləri satışdan çıxara bilmərik, yəni bu, absurddur:

“Çünki onlar hətta həkimləri belə satın alıb, öz içkilərinin əksinə faydalı olduğunu belə sübut edəcək bir məqalələr də çap etdirə bilərlər. Yəni, bu biraz bütün dünyada qloballaşmış bir problemdir. Energetik içkilər olsun, qazlı və ya rəngli içkilər olsun, bunların qarşısını almaq qeyri-mümkündür. Amma bu məsələdə valideynlərin üzərinə öhdəliklər düşür. Bu sahədə valideyn övladını maarifləndirilməlidir.  Valideyn uşağına izah etməlidir ki, saf suyun tərkibində bizə lazım olan mikroelementlər var, yəni bütün minerallar var. Amma rəngli və qazlı energetik içkilərin tərkibində bunların heç biri yoxdur. Bunlar əksinə sizə ziyandır və PH çox aşağıdır. Rənqli qazlı içkilərdə PH səviyyəsi 2.5-dirsə, normal suda PH 7.4-dür. PH 7.4 olan su insan orqanizminə lazım olan mikroelementləri verə bilər. Amma rəngli qazlı içkilər verə bilmir. Çünki rəngli və qazlı içkilərə fosfor turşusu vurulur, energetik içkilərdə də tauirin. Yəni, müəyyən qatqı maddələr vurulur ki, bu da gətirib suyun PH-nı aşağı salır”.



Ekspertin sözlərinə görə, bu içkilərdə şəkər səviyyəsi çox yüksək olur:

“Nəzərə alsaq ki, uşaq gündə 3-5 dənə bundan içəcəksə və şirniyyatlardan da istifadə edəcəksə, o zaman uşaq gələcəkdə şəkər xəstəliyinə və ya digər xəstəliklərə yoluxa bilər. Bu tip maarifləndirmə işləri aparılarsa, evdə ana uşağa deyərsə, həmçinin bağçada və məktəbdə də müəlliməsi onun zərərlərini sadalayarsa, uşaq artıq baxacaq ki, bunu evdə də, bağçada da deyirlər və avtomatik olaraq uşağın şüur altında formalaşacaq ki, hansı suyu içmək olar, hansını  olmaz. Bunlar hamısı ailədən bağçaya, bağçadan məktəbə olan bir prosesdir. Yəni, təhsil ocaqlarındakı bufetlərdən də bu cür içkilər yığışdırımalıdır birmənalı olaraq və saf su ilə təmin olunmalıdır. Ona görə də, bu cür içkilər aradan götürülməlidir və uşağa faydalı olanlar tövsiyə olunmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top