"Köhnələr" "Şuşa ili"nə də kölgə salır: bu, pul davasıdır, vətənpərvərlik deyil...

TƏHLİL 29 iyn 2022, 14:53
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyin “Şuşa ili”nə həsr edilmiş 2022-ci il üçün kiçik xüsusi qrant müsabiqəsi keçirilib. Amma görünür, kimlərsə ənənəvi metodlarla qrant əldə etmək arzularını reallaşdıra bilməyiblər. Ona görə də hay-həşir salıblar ki, bəs biz hər kəsdən daha çox vətənpərvərik, qrant layihələrinin qalibi də biz olmalı idik. 

Aydın görünür ki, burada məqsəd vətənpərvətlik deyil, qrant, pul, daha dəqiq desək, "qarın davası"dır, görülən işlərə kölgə salmaqdır. Amma bir şeyi də unutmaq olmaz ki, tarix hər kəsə öz əməlinə görə qiymət verir. 

"Şuşa ili"nə kölgə salmaq cəhdləri isə 44 günlük Vətən savaşına kölgə salmağa yönəlib. Lakin bu arzuda olanların da indiyə qədər pis və şübhəli niyyətlərinə çatmadığını aydın gördük. Ona görə də özünüzü yormağa gərək yoxdur. Qarabağ hər kəsindir, həm də onu işğaldan azad edənlərin və onu gözəlləşdirənlərin.

Bəs qrant davası edənləri narahat edən nədir? 

Bu sualın cavabı aydındır və vətəndaş cəmiyyəti prosesində olan hər kəsə yaxşı bəllidir. Çünki bu adamlar indiyə qədər qrant müsabiqələrini xahiş, tapşırıq, dostluq və hansısa şəxsi münasibətlərə görə alıblar. İndi onların dövranı bitib, islahatlar onlara sərf etmir, ənənəvi metodlarla qazandıqlarını, mənasız və uğursuz layihələri üçün dövlətdən "qopardıqları"nı daha əldə edə bilmirlər. Ona görə də "Vətən, millət, Sakariya" üfürməklə başqalarına dərs keçməyə çalışırlar, "oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı" məsəlini təkrarlayırlar. 

Etiraz edənlərdən biri də özünü "sadəlövh" adlandıran "Teleqraf" holdinqin rəhbəri Aynur Camalqızıdır. 

Quliyeva Aynur Camal qızı həm də "Qadın Konsensus Mərkəzi" ictimai birliyinin sədridir.

Əldə etdiyimiz məlumata görə, sözügedən QHT tərəfindən Agentliyin “Şuşa İli”nə həsr edilmiş xüsusi qrant müsabiqəsinə və 2022-ci il kiçik qrant müsabiqəsinə layihə təqdim olunmayıb. Hətta, layihə üçün heç Aynur Camalqızının öz adından da müraciət edilməyib. Başqasının adından göndərilən layihəsi yer tutmadığı üçün şüvən qoparıb, "qalib" olmaq istəyir. 

Müxtəlif yollarla 10-15 yerdən vəsait alan bu adam qrant müsabiqəsini də "qənimət" bilir. Ən əsası da, cənab Prezidentin "Şuşa İli" ilə bağlı apardığı işlərə kölgə salmağa çalışır. Hələ bir qədər irəli gedərək, dövlət yetkililərini şantaj edir.



Görünür ki, Aynur Camalqızına yaxın olan və ya onun ətrafında olan şəxslərə aid bivec layihələr dəstəklənmədiyindən bu formada reaksiya verilir.

Onlara ən dəqiq cavabı isə elə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva verib:

"Biz Agentlik olaraq ayrı-ayrı şəxslərin “sponsoru” deyilik, layihələrə (ideyalara) qrant vermişik. QHT sədrinin siyasi əqidəsindən, həyat tərzindən və s. asılı olmayaraq bu ölkədə fəaliyyət göstərmək üçün hüquqi əsası olan hər bir ictimai birlik bizim üçün bərabərdir. Əgər Sizin “fərd olaraq” kiminsə Vətənə xəyanəti, qeyri-sağlam qüvvələrə xidmət etməsi ilə bağlı faktınız varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərsiniz, biz də bu xidmətlərinizə görə Sizə minnətdar olarıq. O ki qaldı şəxsi maraqları fonunda “ədalət”axtaranlara… Bu fikirdə olanlardan üzr istəyirəm ki, dəfələrlə dəyişən əqidənizin və siyasi baxışlarınızın fonunda axtardığınız “ədalət”in konkret harada olduğunu müəyyənləşdirə bilməmişik. Amma çox şadam ki, agentliyin Müşahidə Şurası və müstəqil ekspertlər layihələri oxuyarkən “Sizin eynəyiniz”dən, qiymətləndirmə apararkən “Sizin qələminiz”dən istifadə etməyib". 

"“Şuşa” adı olan hər yerdə hər bir azərbaycanlı qalibdir… Bu, bir “qrant”la, “layihə” ilə müqayisə oluna bilməz", - belə yazıb Aygün Əliyeva. Və bu, sadəcə, bir cavab deyil, kölgəli alınlara möhür qoymaqdır!



Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top