Lift qəzalarının sayı niyə artıb?

SOSİAL 28 iyn 2022, 18:12
Ölkəmizdə əksər binalarda müasir standartlara uyğun liftlər quraşdırılsa da, qəzalara tez-tez rast gəlirik. Sovet dövründən qalma liftlər isə daha çox təhlükə saçır. Liftlərdə qəzalar normadan çox yüklənmə zamanı, elektrik sistemində nasazlıq yarandıqda, liftin quraşdırılması zamanı düzgün montaj olmadıqda, istismar müddəti bitən avadanlıq və mexanizmlərin vaxtında dəyişdirilməməsi səbəbindən baş verir. Bəs ölkəmizdə bu liftlərə necə nəzarət olunur?

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin şöbə rəisi Sahil Mənsimov Demokrat.az-a müsahibəsində bildirdi ki, liftlərə qulluq fərdi şəxslər tərəfindən aparıla bilməz:

“Bir çox liftlər var ki, həmin liftlərin normativ istismar müddəti bitdiyi üçün Bakı Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi plana uyğun olaraq dövlət tərəfindən ayrılmış büdcəyə əsasən onlar yeni liftlərlə əvəz olunur. Liftlərin təmiri, onlara qulluq, hökmən ixtisaslaşmış, lisenziyası olan təşkilat tərəfindən aparılmalıdır. Fərdi şəkildə liftlərə xidmət göstərilməsinə icazə verilmir. İstismar müddətində 12 aydan gec olmayaraq, həmin liftlərdə texniki sınaqlar aparılmalı, istismara yararlıdırsa, onun istismarına icazə verilməlidir.”    

Qurum rəsmisi həmçinin onu da bildirdi ki, yaşayış və qeyri-yaşayış binalarında quraşdırılan liftlər və digər qaldırıcı qurğulara nəzarət, onların texniki yoxlamalardan keçirilməsi "Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları"na əsasən aparılmalıdır: 

“İstismarda olan liftlərə texniki xidmət göstərilməsi üçün lisenziyalı təşkilatlarla müqavilə bağlanmalı və həmin liftlərə mütəmadi olaraq texniki xidmət göstərilməlidir.”

Liftin kabinasında yersiz hərəkətlər etmək, bir neçə düyməni eyni anda basmaq, tavana, qapılara toxunmaq, liftin divarına söykənmək olmaz. Uşaqları diqqətdə saxlamalıyıq. 

Gülçin Qorxmaz
Demokrat.az 

  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top