Qara Dəniz Ticarət və İnkişaf Bankı yenidən manatla istiqraz buraxa bilər

MALİYYƏ 24 iyn 2022, 17:23
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələcəkdə də Azərbaycan manatı ilə istiqraz buraxa bilər.

Bunu "Report"a açıqlamasında Bankın baş katibi Aristotelis Spiliots bildirib.

O, bu barədə Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumu çərçivəsində danışıb.

"Bizim üçün Azərbaycanın milli valyutasında istiqraz buraxılışı vacibdir. Hazırda bu istiqamətdə danışıqlar aparılmasa da, gələcəkdə emissiya həyata keçirilə bilər. Bu, bizim planlarımız sırasındadır", - deyə A.Spiliots qeyd edib.

Xatırladaq ki, QDTİB 2019-cu ilin avqust ayında "Bakı Fond Birjası" QSC-də 10 milyon manatlıq - hər birinin nominal dəyəri 1 000 manat olmaqla 10 min istiqraz yerləşdirib. İstiqrazlara ümumi məbləği 81 milyon manat olan 63 sifariş verilib.

Qiymətli kağızlar 730 gün tədavüldə olub, sahiblərinə illik 9,25 % gəlir gətirib, faizlər rüblük ödənilib.

QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri - Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanın yaratdığı beynəlxalq maliyyə kredit təsisatıdır. Nizamnamə kapitalı 3,45 milyard avro olan Bankda Azərbaycan öz payını 2008-ci ildə 2 %-dən 5 %-ə çatdırıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top