Oqtay Qasımov: “Əbülfəz Elçibəy bir insan kimi başdan ayağa milli şəxs idi”

MÜSAHİBƏ 24 iyn 2022, 14:12
Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Demokrat.az-a müsahibə verib.

O, budəfəki müsahibəsində Elçibəylə olan xatirələrindən danışıb:

- Oqtay müəllim, Elçibəylə ilk dəfə harada tanış olmuşdunuz?

- Əbülfəz bəylə bizim ilk tanışlığımız 1988-ci ildə Meydan Hərəkatı başlamamışdan əvvəl oldu. İndiki Texniki Universitet, o zamankı Politexnik İnstitutunda. Mən orada oxuyurdum. Bizim tələbələrin arasında da müəyyən fikir mübadilələrimiz olurdu. Amma ümumən bu istiqamətdə bizə yön verən Becan Fərzəliyev adlı müəllimimiz vardı. Onun sayəsində Əbülfəz bəylə tanış olmuşam. Bizim İnstitutun zirzəmisində laboratoriya var idi və toplantılar bəzən orda olurdu. O toplantıya 1-2 dəfə də mən də qatılmışdım. O zamandan da Əbülfəz bəyi tanıdım. İnstitutu bitirəndən sonra da bizim İnstitutun Xalq Cəbhəsinin təqdimatı ilə Xalq Cəbhəsinin Qərargahında İnformasiya Mərkəsində işə başlamışdım. Bundan sonra bizim Əbülfəz bəylə münasibətimiz daha müntəzəm xarakter almağa başladı. Əbülfəz bəy hakimiyyətə gələndən təxmini bir ay sonra da mən prezident aparatına dəvət olundum və mənə dedilər ki, prezidentin köməkçisi təyin edilmişəm. Bundan sonrası da bəllidir və 8 il davamlı olaraq Əbülfəz bəylə bir yerdə işləmişəm.

- Bu gün bildiyimiz kimi Əbülfəz Elçibəyin doğum günüdür. Biz bu gün Azərbaycanlı dövlət, siyasi və ictimai xadimin əziz xatirəsini yad edirik...

- Əbülfəz Elçibəy Azərbaycan tarixində özünəməxsus yeri olan bir şəxsdir. XX əsr Azərbaycan elmi, ictimai və siyasi həyatını yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biridir. Əbülfəz Elçibəy Azərbaycan Milli Azadlıq Hərəkatının lideri və ilk demokratik seçkilərdə müstəqil Azərbaycanın demokrat yolla seçilmiş ilk prezidentidir. 



- Elçibəyin hakimiyyəti dövründə Azərbaycanda hansı yeniliklər olub?

- Onun hakimiyyət dövründə çox ciddi islahalar həyata keçirilib və Azərbaycanın müstəqil dövlət orqanları formalaşdırılmağa başlayıb. Azərbaycan dövlətinin möhkəmlənməsi və formalaşması üçün Əbülfəz Elçibəyin 1 illik hakimiyyətinin özünün müstəsna yeri var. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Qarabağda erməni işğalına qarşı ciddi və əhəmiyyətli dönüş ili sayılır. O zaman Azərbaycan ordusu işğal altında olan ərazilərin təxminən 52 faizə yaxınını işğaldan azad etmişdir. Və Azərbaycanın milli valyutası dövrüyyəyə buraxılıb, ilk Azərbaycanın valyuta ehtiyatları toplanıb və bir illik hakimiyyəti dövründə Əbülfəz Elçibəyin 156 milyon dollar artıq vəsait toplanmışdı. Baxmyaraq ki, Əbülfəz Elçibəy hakimiyyətə gələndə dövlətin ehtiyatları faktiki yox səviyyəsində idi. Ordu quruculuğuna başlanılıb və nizami orduya keçid, Türkiyə təlimatçılarının, hərbiçilərinin dəstəyi ilə nizami ordunun və Türkiyə modelində olan ordunun ilk özəllikləri yaradılmağa başlayıb. Təəssüf ki, məhz bu uğurları və müstəqil siyasəti qəbul etməyən Rusiya bu və ya digər Azərbaycanın əleyhinə olan qüvvələr Əbülfəz Elçibəəy hakimiyyətinə qarşı qiyam təşkil ediblər və onun hakimiyyətini deviriblər. 

- Ümumiyyətlə, Əbülfəz Elçibəy necə bir şəxs idi?

- Bütün hallarda Əbülfəz Elçibəy bir insan kimi olduqca yüksək intelektual səviyyəyə malik və başdan ayağa milli bir şəxs idi. O, Azərbaycan siyasətinə bir əxlaqlı siyasət modelini gətirən siyasətçidir. Əbülfəz Elçibəy bütöv Azərbaycan ideyasının yolu var idi və bu ideyanın ideoloji bazasının hazırlanmasında və onun həyata keçirilməsində olduqca müstəsna zəhməti var. Bu istiqamətdə fəaliyyət göstərəcək Bütöv Azərbaycan Birliyi təşkilatının yaradıcısıdır. Bundan başqa bu təşkilatın və ideyanın ideoloji bazasını təşkil edən ”Bütöv Azərbaycan yolunda” kitabının müəllifidir. Əbülfəz Elçibəy eyni zamanda çox dərin bir elm adamıdır. Onun yüzlərlə elmi məqaləsi, o cümlədən “Tulunilər dövləti” adlanan monoqrafiyası çap olunub. Bir sözlə, Əbülfəz Elçibəy Azərbaycan tarixinin yetirdiyi ən görkəmli tarixi şəxsiyyətlərdən biridir. Və Azərbaycan yaşadıqca Əbülfəz Elçibəy Azərbaycan xalqı tərəfindən anılacaq və onun arzuları, ideyaları getdikcə həyata keçəcək. Bu gün məhz elə Azərbaycan ərazilərinin işğal olunduğu bir dövrdə biz və Türk dünyasının inteqrasiyası prosesi bunların hamısı Əbülfzə Elçibəyin düşündükləri, arzuları və ideyaları idi ki, bu gün o, həyata keçməkdədir. Düşünürəm ki, Azərbaycan xalqı hər zaman Əbülfəz Elçibəyi müsbət mənada xatırlayacaq. Onun ideyaları həyata keçdikcə Azərbaycan daha da güclənəcək. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top