Politoloq: “Rusiyanın post-sovet məkanındakı statusu get-gedə “əriyir”

GÜNDƏM 20 iyn 2022, 15:22
Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq yeni dəhliz istifadəyə verildikdən sonra Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılacaq. Yəni, yaxın zamanlarda adıçəkilən əraziyə qayıtmağımız istisna deyil. Bəs, oradakı revanşist qüvvələr rus sülhməramlıları tərəfindən təmizlənəcəkmi?

Sualımızı cavablandıran politoloq Sultan Zahidov Demokrat.az-a açıqlamasında bildirib ki, yeni dəhliz inşa edildikdən sonra Laçın şəhəri ermənilərdən boşaldılacaq və bura azərbaycanlılar yerləşdiriləcək. Politoloq qeyd edib ki, eyni zamanda rus sülhməramlıları da yeni inşa olunmuş nəqliyyat koridorunda nəzarət mexanizmlərini həyata keçirəcək:

“Ümumiyyətlə, Rusiya-Ermənistan arasında gedən danışıqlarda da Laçın koridoru məsələsi önəm kəsb edir, yəni gündəmi zəbt edən məsələlərdən biridir. İstisna olunmur ki, Lavrovun Bakıya gəlişində də toxunulacaq vacib məqamlardan biri də Laçın dəhlizi üzrə yeni nəqliyyat xətiinin inşa edilməsi və rus sülhməramlıların bu yeni dəhlizdən çəkilməsi məsələsidir. Bir vacib məqamı qeyd edim ki, Rusiya daima çalışır ki, regionda “parçala və hökm et” siyasətini tətbiq etsin, bununla da  xalqlar və ölkələr arasında nifaq salaraq öz nüfuzunu artırmış olsun. Lakin indiki dövrdə vəziyyət tamamilə fərqlidir. Bunun fərqli olması da bunu deməyə əsas verir ki Rusiya üçtrəfi bəyanatın 6-cı maddəsinin təmin olunmasına mane olmayacaq.



Birinci səbəb odur ki, Rusiya özü bu bəyanatın yerinə yetirilməsi marağındadır. İkinci məqam Rusiya regionda özü də ticari, iqtisadi, kommunikasiya xətlərinin bərpasında maraqlıdır. Çünki bu, Rusiya-Azərbaycan, eyni zamanda Rusiya-Türkiyə arasında yeni nəqliyyat xəttinin inşasını özündə ehtiva edir. Sözsüz ki, bu nəqliyyat- kommunikasiya xətlərinin bərpası, eyni zamanda regionda da sülhün və əmin-amanlığın düsturudur. Rusiya özü də bunu çox yaxşı başa düşür. Digər tərəfdən burada Rusiyanın ticari-iqtisadi dividentləri vardır”. 

Politoloqun sözlərinə görə, hazırda Rusiyanın Ukraynaya işğalı fonunda onun nəinki dünyada, hətta post-sovet məkanındakı statusu da get-gedə əriməyə doğru gedir:

“Hətta, Mərkəzi Asiya dövlət başçılarının çıxışlarında da biz görürük ki, Rusiyaya əvvəlki qədər etimad yoxdur. Belə olan halda Rusiyanın Cənubi Qafqazdakı öz statusuna da xələl gətirilməsi sözsüz ki, Rusiyanın marağında deyil. Rusiya buna əks olacaq addımlar atmaq, onun statusunu, etimadını aşağılayacaq addımlar atmağı indiki halda istəməz. Hazırda Rusiyanın Azərbaycana çox ehiyacı var, ona görə ki, indiki halda Qərb aləmi Rusiyanı təcrid edib, Rusiyanı sanksiyalarla üz-üzə qoyub. Rusiyanın artıq çox məhdud sayda variantları var. Öz ticari-iqtisadi münasibətlərini davam etdirmək üçün məhdud sayda alternativ yolları var ki, o yollardan biri də Cənubi Qafqazdır, Azərbaycandır. Sözsüz ki, biz bilirik ki, Azərbaycan bu sanksiyalara qoşulmayıb və Rusiya da sözsüz ki, bunu dəyərləndirir. Bu baxımdan Cənubi Qafqazda Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrin başından Azərbaycan gedir. Buna görə də, Rusiya Azərbaycanla münasibətlərinə xələl gəlməsini indiki məqamda istəmir. Düşünürəm ki, Lavrovun gəlişində də Rusiya dövlət rəhbərinin verdiyi mesajlardan biri budur ki, biz Azərbaycana, Azərbaycanın siyasətinə, neytral mövqeyinə yüksək dəyər veririk, Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. İndiki halda Rusiyanın Azərbaycanın maraqlarına zidd addım atması sözsüz ki, irrasional bir addım olardı. Eyni zamanda, çox gözəl başa düşür ki, Azərbaycan tək deyildir. Azərbaycanın Türkiyə kimi müttəffiqi var, Türkiyənin də Rusiya üçün strateji əhəmiyyətli bir dövlət olması Rusiyanın Azərbaycanla münasibətlərində də diqqətli davranmağa vadar edən amillərdən biridir. Fikrimcə, artıq yaxın zamanda Ermənistan Xankəndinə gedəcək yeni nəqliyyat marşurutunun inşası ilə bağlı plan müəyyənləşəcək və bundan sonrakı illərdə gözlənilən yerdəyişmə baş verəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top