Deputat: “Gecə-gündüz o çayxana sənin, bu çayxana mənim....”

GÜNDƏM 17 iyn 2022, 16:05
“Bu gün bizim gənclərin içində çox gözəl tərbiyəli, oxumaq istəyən, gələcəyini düşünən, fikirləşən, əziyyət çəkməyə hazır olanları çoxdur. Amma, çox təəssüf ki, bir qismi də var ki, xoşagəlməz məsələlərlə məşğuldurlar. Həqiqətən statistika onu göstərir ki, cavan uşaqların bir hissəsi zərərli vərdişlərə qurşanıb. Gecə-gündüz o çayxana sənin, bu çayxana mənim, oturub o çayxanalarda bütün vaxtlarını keçirirlər. Öz üzərində işləmirlər, öz savadlarını artırmaq, bir sənətə yiyələnmək istəmirlər”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki,  şəhərdə avtomobil, o cümlədən skuter sürən cavanlarımız da var ki, onlar yollarda böyük problemlər yaradırlar:

“Mən bütün bunları gözümlə görmüşəm və inanmıram ki, onların yaşı 16-17-dən çox deyil. Onlar elə sürətlə maşın sürürlər, elə təhlükələr yaradırlar ki, sonda da bu, gec və ya tez fəlakətə səbəb olur. Hesab edirəm ki, burada 99,9 faiz valideynlərin tərbiyəsi var. Valideynlər bununla ciddi məşğul olmalıdırlar. Yaddan çıxarmamalıdırlar ki, bu işə dövlət orqanlarını, dövlət qurumlarını, o cümlədən polisi qarışmaq düzgün deyil. Ona görə fürsətdən istifadə edib bütün valideynlərə bir də müraciət edirəm və deyirəm ki, gənclərlə, ələlxüsus indiki gənclərlə çox asta formada münasibətlər qursunlar. Gündə bunlara məlumat vermək, izah etmək lazımdır ki, insan öz həyatını təhlükəyə atmamalıdır və insan öz həyatı barəsində düşünməlidir”. 

“Mən həmişə tələbələrimə də demişəm ki, insanın həyatı iki hissəsədən ibarətdir. Əgər birinci hissədə əziyyət çəkib oxuyursansa, çalışırsansa, bir sənətə yiyələnirsənsə, onda ikinci hissə həyatında rahat yaşaya biləcəksən . Yəni, bu, bir aksiomadır. Mənim həyat təcrübəmdən çıxan bir nümunələrdir. Yox əgər sən öz həyatının birinci hissəsini boş-boşuna keçirdirsənsə, çalışmırsansa, heç bir addım atmaq istəmirsənsə, öz üzərində düşünmürsənsə, o, deməkdir ki həyatının qalan hissəsini əziyyətlə yaşayacaqsan. Ümumiyyətlə, həyat tərzinin də burada kifayət qədər təsiri var. Həyat tərzi belədir ki, bu günləri Azərbaycanda gedən proseslər bütün dünyada gedir. Mən düşünürəm ki, internetin özünün də çox müsbət və ondan başqa çox mənfi rolu da var. Uşaqlar, yeniyetmələr daha çox asudə vaxtını internetdə keçirir və internetdə də Allah bilir hansı məlumatlara, xəbərlərə, epizodlara baxıb düşünürlər ki, bu düzgün bir addımdır. Ona görə də, hesab edirəm ki, belə məsələlərdə valideynlərin üzərinə böyük məsuliyyət düşür”, deyə sonda deputat qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top