“Azərbaycan sabit və inkişaf edən region yaratmaq istəyini real addımları ilə təsdiqləyir”

GÜNDƏM 17 iyn 2022, 12:11
“Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməklə beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu təsdiq edir.

Bu mühüm məqamı da nəzərə alsaq ki, hazırda  Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir, yeni əməkdaşlıq formatlarının müəllifidir, bu halda dünyanı narahat edən məsələlərin, qlobal problemlərin ölkəmizdə müzakirəsi daha diqqətçəkən, təqdirəlayiq hal olmaqla, həm də ölkəmizin yaratdığı yeni reallıqların qəbulu və dəstəklənməsi qənaətinə gələ bilərik. İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlayan Qlobal Bakı Forumu bu qənaətin aydın mənzərəsini yaradır. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən növbəti IX Qlobal Bakı Forumu həm müzakirəyə çıxarılan məsələnin aktuallığı, həm də iştirakçıların say və tərkibi baxımından zənginliyi  ilə diqqətdədir. IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bütün bunları bir daha təsdiq edir.

İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunmasının perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq. Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində bu əminliyi ifadə etdi ki,  aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Forumda qlobal gündəmi təşkil edən prioritet mövzularla bağlı müzakirələr aparılacaq, yeni yanaşmalar işlənib hazırlanacaq.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə  Bakı Qlobal Forumunun əhəmiyyətindən, onun  Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı ilə fərqindən bəhs edərək bildirib ki, adından da göründüyü kimi, Davos İqtisadi Forumu  iqtisadi, Münhen Təhlükəsizlik Konfransı  isə təhlükəsizlik məsələlərini əhatə edir: “Bakı Qlobal Forumu siyasi, qlobal və  universal xarakter daşıyır, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Buna əmin olmaq üçün təkcə ötənilki Qlobal Forumla builki Forumun mövzusunu müqayisə etmək kifayətdir. Ötən il Forum “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunmuşdu. Gündəmə gətirilən hər bir məsələnin müzakirəsində fəal iştirakçı olan Azərbaycan konkret mövqeyini nümayiş etdirməklə yanaşı, bu istiqamətdə göstərdiyi səylərə, həyata keçirdiyi tədbirlərə də diqqət yönəltmək imkanlarına malikdir. Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı ilk  gündən məsələnin qlobal problem olduğunu önə çəkərək qlobal yanaşma ortaya qoymağa, səyləri birləşdirməyə çağırışları  təqdir olundu. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərə, həmçinin  30-dan artıq ölkəyə maddi və humanitar yardım,   “peyvənd millətçiliyi” məsələsi ilə bağlı narazılığını ifadə etməsi bunu bir daha sübut edir. Bunları sadalamaqla  Qlobal Forumun  məqsəd və məramını açıqlamış oluruq. Ötənilki Forumda  dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirdilər. Hibrid formatda təşkil edilən tədbirə,  həmçinin 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulmuşdu.”

YAP Xətai rayon təşkilatının sədri bu müqayisə əsasında  Forumun gündəliyini,  iştirakçıların yüksək statusunu dünyada qlobal Bakı tədbirinə olan marağın əsası kimi qeyd edib: “Forumda Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı ölkələrin keçmiş başçıları, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Azərbaycanın bu forumlara ev sahibliyi, ildən-ilə iştirakçıların sayında nəzərə çarpan artım ölkəmizə olan diqqət və marağın, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi qeyd edilir. Prezident İlham Əliyev açılış nitqində də bu məqamı xüsusi qeyd etdi ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik.”

“Tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni əməkdaşlıq formatlarını bir tələbə çevirir” söyləyən Vüqar Rəhimzadə bildirib ki, 30 illik işğala son qoyularaq ədalətin bərpası, Qarabağ münaqişəsinin tarixə qovuşması bölgədə sülhün və təhlükəsizliyin  bərqərar olması üçün yeni imkanlar yaradıb: “30 illik işğal dövründə dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsini regionun iqtisadi inkişafında maneə kimi dəyərləndirirdilər. Tezliklə məsələnin  çözülməsindən bəhs edən dünya gücləri bu gün gerçəkliyə çevrilən həmin istəyin fonunda yenə də konkret addımlar atmaqda tərəddüd edirlər.  Dövlət başçısı İlham Əliyev həmin nitqində Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verərək   bildirdi ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi. Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik”, - deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycanın dövlət başçısı Forumda bu çağırışı da etdi ki, indi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır: “Azərbaycan tərəfi sülh sazişi üzərində işə başlamaq təklifi irəli sürüb.  Ermənistan buna cavab vermədi. Azərbaycan  beynəlxalq hüququn beş əsas prinsipini, o cümlədən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını, həmçinin indi və gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinmək təklifini irəli sürdü.  

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın  baş naziri Nikol Paşinyanın Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfindən qəbul olundu. Bu, təbii ki, Azərbaycanın  ərazi bütövlüyünün dəstəklənməsidir.  Amma Ermənistan tərəfinin hələ də sülh sazişinin imzalanmasında passiv mövqedə dayanmaqda maraqlı olduğu diqqətdən kənarda qalmır. Real olan budur ki, işğalçı dövlət yenə də ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpasında maraqlıdır. Baxmayaraq ki, Avropa İttifaqı bu vasitəçiliyi neytrallığı qorumaqla, hər iki tərəfin maraqları nəzərə alınmaqla həyata keçirir, Ermənistan bunu reallıqda dəstəkləyir, amma istəyə gəldikdə, seçim etdikdə  ATƏT-in Minsk qrupunun vasitəçiliyində maraqlı olduğunu açıq-aydın şəkildə büruzə verir.  Dövlət başçısı İlham Əliyev bir daha Forum iştirakçılarının diqqətinə çatdırdı ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb. Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq.”

“Ölkə Prezidenti Ermənistanın 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın  müddəalarına əməl etmədiyinə də diqqəti yönəldib” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, reallıq budur ki,  status məsələsi artıq tarixdə qaldı: “Bu müzakirə mövzusu da ola bilməz. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, müsahibələrində bu reallığı daim diqqətə çatdırır və bəyan edir ki,   Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacaq. Bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar var. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin   “Şərqi Zəngəzur varsa, deməli  Qərbi Zəngəzur da var” bəyanatı Ermənistanı və ona postmünaqişə dövründə də dəstək göstərib  sülh müqaviləsinin imzalanmasının uzanmasına səbəb olan   dövlətləri ciddi düşündürməlidir. Rəsmi Bakı bu bəyanatı da səsləndirir ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz. Göründüyü kimi, Ermənistana son şans verilir. Artıq işğalçı Ermənistan və onun havadarları nəinki postmünaqişə dövrünün reallıqlarını qəbul etməli, eyni zamanda, onların tezliklə gerçəkləşməsinə dəstək olmalıdırlar. Dövlət başçısı İlham Əliyevin IX Bakı Qlobal Forumunun açılış mərasimindəki nitqi Ermənistana və  dünya güclərinə ünvanlanan mesajlarla diqqətdədir.”

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top