“Məktəb direktorları alverlə məşğuldur” — Deputatdan ittiham

GÜNDƏM 15 iyn 2022, 20:14
Azərbaycanda savadlı, yüksək biliyə sahib olan məktəblilərlə yanaşı, yazıb-oxumağı bacarmayanlar da var. Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı rəsmi məlumata əsasən, 2021-ci ildə IX sinif şagirdləri arasında yazıb-oxuya bilməyən şagirdlərin sayı 38 nəfər olub. Rayonlar üzrə antirekord Cəlilabadda qeydə alınıb. 

Rəsmi statistkaya əsasən, Cəlilabadda 5 nəfərin, Goranboy və Ucar rayonlarının hərəsində 4, Füzuli, Masallı və Tərtər rayonlarında 3, Lerik və Şəmkir rayonlarının hərəsində 2, Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarında isə bir nəfərin yazıb-oxumağı bacarmadığı müəyyən edilib. 

Texnologiya dövründə hələ də yazıb-oxumağı bacarmayan məktəblilərin olması barədə Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Etibar Əliyev ölkəmizdə savadsızlığın geniş vüsət aldığını bildirib. Onun sözlərinə görə, adını yaza bilməyən şagirdlər məktəbə getməyənlərdir.

"Çox vaxt buna funksional savadsızlıq deyilir. Bir şagird bir neçə fənnin elementar əsaslarını bilmir. Hərfləri tanımayan şagirdlər məktəbə getməyənlərdir. Valideynlə məktəb direktoru arasında müəyyən sövdələşmələr olur. Valideynlərdə də günah var. Məktəb direktorları bu işdə konkret olaraq alverlə məşğuldur. Buna görə də savadsızlıq baş alıb gedir və qarşısı hələ də alınmır". 

Savadsızlığın artması iddiasına gəlincə, deputat bunu yuxarı siniflərdə dərslərin yaxşı keçirilməməsi ilə əlaqələndirib:

"Yuxarı sinif şagirdləri direktorlarla sövdələşmə əsasında hazırlıq kurslarına getmək adıyla kütləvi şəkildə məktəbdən yayınırlar. Orta təhsil haqqında sənəd kamal attestatı adlanır. Yəni məktəb ağıllı, kamallı fərd yetişdirməlidir. Artıq kamal attestatı öz mahiyyətini itirib. Dəfələrlə demişəm ki, uşaqları məktəbə qaytarmaq lazımdır. Təəssüflər olsun ki, səlahiyyətli şəxslər bu haqda danışmırlar. Ayrı-ayrı əllərə külli miqdarda vəsait axır. Kənardan durub məktəbin işinə qarışanlar var. Qısa zaman kəsiyində ciddi addımlar atılmalıdır. Məktəb direktorlarının 70-80 faizi yerində olmayan, şübhəli əsaslarla təyin olunan adamlardır. Məktəb idarəçiliyi naşı adamların əlinə verilirsə, şübhəsiz ki, yazıb-oxumaq bilməyən şagirdlər də mövcud olacaq". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top