Şuşa Bəyannaməsi regionda yeni siyasi-iqtisadi münasibətlərin təməlini qoydu

GÜNDƏM 15 iyn 2022, 11:19
Arxada qalan bir il iki ölkənin imzalanan sənədə sadiqliyini isbatladı.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin bir ili arxada qalır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində 15 iyun tarixində, Azərbaycan xalqının Milli Qurtuluş Günündə imzaladığı Bəyannamə ötən bir ildə iki qardaş ölkə arasında əlaqələrin inkişafında, əməkdaşlığın güclənməsində hansı rolu oynaya bilib?

Bir il kifayət qədər əhatəli məsələləri özündə əks etdirən bu mühüm tarixi sənədin icrasını qiymətləndirmək üçün elə də yetərli zaman olmasa da, ötən dövrdə atılan addımların Bəyannəmənin ruhuna, buradakı bəndlərin həyata vəsiqə qazanmasına adekvat olduğunu vurğulamaq mümkündür. 

Düzdür, hər  iki ölkə arasında münasibətlər Bəyannamə imzalanana qədər də yüksək səviyyədə idi və 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək də bunu təsdiqləyir. Məhz əlaqələrin arzuolunan formada inkişafı ötən əsrin əvvəllərində imzalanmış Qars müqaviləsindən də üstün sənədin ortaya qoyulması zərurətini doğurmuşdu. Qarabağdakı tarixi zəfərdən sonra yaranmış yeni reallıq ayrılmaz tellərlə bir-birinə bağlı olan iki Türk dövlətinin gələcək nəsilləri üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən hüquqi çəkisi daha ağır və əhatəli olan sənədin imzalanmasını diqtə edirdi. Bu baxımdan Şuşa Bəyannaməsi sarsılmaz birliyin, qardaşlığın ruhundan doğan və iki ölkə arasındaki münasibətləri daha da üst səviyyələrə çatdırmağı hədəfləyən, regionda yeni siyasi-iqtisadi münasibətlərin təməlini qoyan sənəddir. 

Bu sənəd xüsusilə Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini daha dəqiq şəkildə ifadə edir. Bəyannamənin ən çox diqqəti cəlb edən hissəsi də məhz Azərbaycan və Türkiyə sahəsində hərbi sahədə əməkdaşlıqdır ki, ötən bir ildə bu əməkdaşlığın daha da dərinləşməsinin şahidiyik. Hərbi sahədə əlaqələr Bəyannamənin ortaya qoyduğu şərtlər çərçivəsində daha da inkişaf edib və əminliklə güclü Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının qurulmasından danışmaq mümkündür.  Hərbi-siyasi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın yeni çalarlarla zənginləşdiyi bu bir ildə iki ölkə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılması istiqamətində birgə səylərini də davam etdiriblər.
 
İki güclü, müstəqil Türk dövləti arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə daşıyan Bəyannamə təkcə hərbi-siyasi baxımdan icra olunmayıb. Azərbaycanla Türkiyə arasında çox geniş - siyasi, iqtisadi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki əlaqələrin inkişafını hədəfləyən Bəyannaməyə uyğun olaraq bütün bu qeyd edilən istiqamətlər üzrə konkret fəaliyyət ortaya qoyulub. Şuşa Bəyannaməsi bu istiqmətlərdə də əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayıb və diqqət etsək görərik ki, bu sahələrin hər biri üzrə səmərəli fəaliyyət mövcuddur. 

Ötən ay Türkiyədən kənarda ilk dəfə Bakıda iki ölkənin Prezidentlərinin də iştirak etdiyi “TEKNOFEST” festivalı, Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin aviaşou proqramı həm də birliyin, əməkdaşlığın gücləndirilməsinin daha bir nümunəsi idi.

Beləliklə, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edən Şuşa Bəyannaməsi hər iki ölkə üçün bəlli yol xəritəsidir. Və ötən bir il iki ölkənin imzalanan sənədə sadiqliyini isbatlayıb. 

İki Türk xalqına haradan gəldiyini xatırladan və bundan sonra necə hərəkət edəcəyini müəyyənləşdirən Bəyannamə qardaşlıq münasibətlərini yeni bir səhifəyə köçürüb və Türkiyə ilə Azərbaycan birliyini əbədiləşdirib. Regionda son bir ildə baş verən siyasi hadisələr də Bəyannamənin nə dərəcəd önəmli olduğunu bir daha sübuta yetirib.

“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır” fikirlərinin yer aldığı Bəyannamə imzalanma şəraitinə, əhatə dairəsinə görə Qars müqaviləsindən də önəmlidir. Bu tarixi sənədlə hər iki qardaş ölkənin ərazü bütövlüyü, təhlükəsizliyi, birliyi TÜRK ÇƏTİRİNİN altına alınıb.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top