“Bu, ABŞ-ın dünya gücü kimi imicinə böyük zərbə olacaq” — ŞƏRH

GÜNDƏM 14 iyn 2022, 16:05
Demokratlar Partiyasının donorlarının toplantısında çıxış edən Ağ Ev rəhbəri Co Bayden ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi barədə bildiyini, Kiyevə xəbərdarlıq etdiyini, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin onu eşitmək istəmədiyini deyib. Maraqlıdır, Baydenin belə ittihamlar səsləndirməsi nə ilə bağlıdır?

BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Ukraynada Rusiya işğalının gedişatı uzandıqca işğalçını deyil, bir-birini günahlandırmaq cəhdi heç də qəbul edilən addım deyil:

“Baydenin Zelenskiyə yönəlik irad hesab olunacaq fikri, əslində əsassız və yersiz iraddır. Zelenski Rusiyanın Ukraynaya hücum edəcəyini dəqiq bilsəydi belə heç nə dəyişəsi deyildi. Bu hücum hər halda olacaqdı.



Əgər ABŞ bunu dəqiq bilirdisə, onda Zelenskinin: "bunun qarşısını öncədən almaq lazımdır" fikrini niyə qulaqardı edirdi. Bayden isə ancaq iqtisadi sanksiyalardan danışırdı. Təbii ki, kimsə ABŞ və ya onun rəhbərliyində NATO-nun bu müharibəyə qatılacağını gözləmirdi. Amma tək Zelenski deyil, demək olar ki, kimsə bu ağılsız hərəkəti Putin Rusiyasından gözləmirdi. Hamı əksinə ABŞ kəşfiyyatının hücum xəbərdarlığını münaqişəni qızışdırmaq cəhdi kimi qəbul edirdi. Buna görə də, Putinin belə bir hərəkət edəcəyi normal düşüncəli kimsənin ağlına gəlmirdi”. 

“Hadisələr göstərdi ki, Putin heç də normal adam deyilmiş. Görünən odur ki, Bayden baş verənlərdə "günah keçisi" kimi Zelenskini göstərmək istəyir, amma bu, ABŞ-ın strateji səhvi olar. Kissincer demiş: "Rusiya Ukraynaya hücum etməklə strateji olaraq uduzub". Bu baxımdan bu strateji məğlubiyyəti davamlı etmək üçün Ukraynaya dəstəyini artırmağa məcburdur. Bayden istəsə də, istəməsə də ABŞ-ın bu yardımları edəcəyini fikirləşirəm, çünki bunun əksi ABŞ-ın dünya gücü kimi imicinə böyük zərbə olacaq. Özünü güclü hesab edən ölkələr də münaqişəli problemlərini bu yolla həll etməyə can atacaqlar. Belə hal Çin və Tayvan arasında olan gərginliyin daha da artmasına səbəb olacaq”, - deyə analitik fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top