“Onsuz da ilahi ədalət gec-tez öz yerini tapacaq” — MÜSAHİBƏ

MÜSAHİBƏ 13 iyn 2022, 13:04
Qeyri-Hökumət Təşkilatları və insan haqları üzrə ekspert Emil Seyidəliyevin “Demokrat.az”a müsahibəsi:

Bu gün beynəlxalq humanitar hüququn tənzimlədiyi bir sıra sazişlər, konvensiyalar mövcuddur. Bəs müasir beynəlxalq humanitar hüquq necə yarandı?

Əvvəlcə, onu demək istəyirəm ki, müharibənin pis nəticələrindən qorunmaq üçün insanlar qədim zamanlardan müxtəlif cəhdlər göstəriblər. Lakin müharibə aparılmasını tənzimləyən beynəlxalq sazişlər 19-cu əsrin ikinci yarısında meydana gəldi. Bura silahlı münaqişə qurbanlarının hüquqları və müdafiəsi də daxildir. Müasir beynəlxalq humanitar hüququn meydana gəlməsində isveçrəli biznesmen Anri Dünan və isveçrəli ordu zabiti Giyom Henri Dufun mühüm rolu olub. Anri Dünan İtaliyaya səyahət zamanı Solferino döyüşünün acı nəticələrinə şahid olur. Cenevrəyə qayıtdıqdan sonra o, gördüklərini nəşr edilmiş “Solferino xatirələri” adlı kitabında təsvir edirdi. Müharibənin nə olduğunu bilən general Dufur, ilkin Cenevrə konvensiyalarının qəbul edildiyi diplomatik konfransına sədrlik etməklə Dünanın ideyalarına vaxt itirmədən fəal şəkildə dəstək verdi. 

Dünan və Dufor daha sonra Qustav Moynye, Lui Appai və Teodor Monuağ ilə birgə müharibə yaralılarına yardım naminə “Beşlər Komitəsi” adlanan beynəlxalq komitə yaradırlar. Sonralar bu Beynəlxalq Qızıl Xaç Komitəsi olacaqdı. “Beşlər Komitəsi”, müasir adla desək Beynəlxalq Qızıl Xaç Komitəsinin beş təsisçi üzvünün təşəbbüsü və 16 ölkənin iştirakı ilə çağrılan konfransda Döyüş Meydanında Yaralıların Vəziyyətini Yaxşılaşdırılmasına dair Konvensiyanın qəbul edilməsilə müasir beynəlxalq humanitar hüququn dünyaya gəlişi idi. 

Bu qəbul edilən konvensiya bundan öncəkindən nə ilə fərqlənirdi və ya hansı yenilikləri gətirdi?

Bu konvensiya ən əsası yaralı və xəstə döyüşçüləri və onların qayğısına qalanları müdafiə edən qədim, ayrı-ayrı hissələrdən ibarət səpələnmiş halda olan qanun və adətləri sistemləşdirdi və möhkəmləndirdi. Müasir konvensiyanın səciyyəvi xüsusiyyəti yaralı və xəstə döyüşçüləri müdafiə edən dünyamiqyaslı sabit yazılı qaydalar, onun bütün dövlətlərə açıq olan çoxtərəfli xarakteridir. Həmçinin, yaralı və xəstə hərbi heyətə ayrı-seçkilik qoymadan, dost və ya düşmən arasında heç bir fərq qoymadan onlara qayğı göstərmək öhdəliyidir. Son olaraq emblemdən, yəni ağ fonda qırmızı xaç işarəli loqodan istifadə edərək tibb heyətini, nəqliyyat vasitələri və avadanlığını işarələmək və emblemə hörmət etmək kimi bəndlər idi.

Müasir beynəlxalq humanitar hüququ hansı sazişlər təşkil edir?

Müasir beynəlxalq humanitar hüquq 1864-cü il Cenevrə Konvensiyası ilə meydana gəldi. Bunlar qeyd etdiyim tarixdən bugünkü dövrə qədər silahlı münaqişənin xarakterindəki dəyişikliklər, humanitar yardıma artan tələblər, hüquqda olan inkişaf bir çox sazişlərin qəbul olunması ilə nəticələnmişdi. Bunlara misal olaraq, döyüş meydanında yaralıların vəziyyətini yaxşılaşdırmağa, hərbi əsrlərlə rəftara, müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə konvensiyaları deyə bilərik. Müharibədə müəyyən mərmilərin istifadəsinə qadağaya dair Sankt-Peterburq Bəyannaməsini qeyd etmək olar. Silah ticarətinə dair saziş, kasetli silahlara, bakterioloji, bioloji və zəhərli silahların, o cümlədən kimyəvi silahların hazırlanması, istehsalı və toplanmasının qadağası və onların məhvinə dair konvensiyalar və minalar, tələ-minalar və digər cihazların istifadəsinin qadağası və ya məhdudiyyətlərinə dair konvensiyaları deyə bilərik. 

Bundan əlavə, uşaq hüquqlarına dair konvensiya və bu konvensiyaya əlavə, silahlı münaqişədə uşaqların iştirakı üzrə seçmə protokollar, silahlı münaqişə zamanı mədəni sərvətin müdafiəsinə dair Haaqa Konvensiyası, habelə ətraf mühitin modifikasiya vasitələrinin hərbi və ya hər hansı digər düşməncəsinə məqsədlərlə istifadəsinin qadağasına dair konvensiyalarını qeyd edə bilərik. 

Son sual olaraq, biz I və II Qarabağ müharibəsində bu qaydaların kobud şəkildə pozulmasına şahid olduq. Xüsusən, II Qarabağ müharibəsi ilə bağlı beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının hər hansı bir hesabatları oldumu?

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işgəncələrə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmaları barədə kifayət qədər videomateriallar var. Ötən il ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistan ilə bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb. Bu hesabatlarda kifayət qədər məlumatlar öz əksini tapıb və onlardan biri də, Ağdamda Şəhidlər Xiyabanını ziyarət edən xarici müşahidəçilərin vaxtilə cəsədlərin basdırıldığı çuxurlardakı fotoçəkilişləridir. Qəbiristanlıqlardakı vandalizm, həmçinin qəbir daşlarının üzərindəki şəkillərin çəkic və ya buna bənzər əşyalarla tanınmayacaq dərəcədə dağıdılması da əks olunub. Bundan əlavə, qəbirlər dağıdılıb və cəsəd qalıqlarından qızıl dişlər çıxarılıb, kəllə sümükləri və digər sümüklər qəbiristanlıqlara səpələnib. Hesabatda fotojurnalistin bu sözləri də vurğulanıb ki, erməni məzarları faktiki olaraq toxunulmaz qalıb. Bu hadisələr Ermənistan rəhbərliyinin həqiqi simasını göstərir və beynəlxalq ictimaiyyət bu cinayətkar rejimə qarşı layiq olduqları qiyməti verəcək. Təbii ki, əgər vicdanları varsa... Onsuz da ilahi ədalət gec-tez öz yerini tapacaq".

Zamiq Hüseynli
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top