Əməkdar jurnalist Nasir Əhmədli dəfn olundu — FOTOLAR

SOSİAL 08 iyn 2022, 14:21
Azərbaycanın Əməkdar jurnalisti Nasir Əhmədli Tovuz rayon Alakol kənd qəbristanlığında dəfn edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, dəfn mərasimində onun yaxınları, ziyalılar, rəsmi şəxslər və həmkəndliləri iştirak edib.

Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışırdı. “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.

10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.

Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top