Oqtay Qasımov: “İki ölkə arasında münasibətlərin intensivləşməsi mühümdür”

GÜNDƏM 07 iyn 2022, 17:23
“Azərbaycan və Türkiyə arasında münasibətlər müttəfiqlik, dostluq, qardaşlıq münasibətləri səviyyəsindədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloqun sözlərinə görə, bu, münasibətlər Şuşa Bəyannaməsi ilə bir daha rəsmi şəkildə təsdiqləndi:

“Qeyd edim ki, R.T.Ərdoğanın Bakıya səfərindən sonra, Azərbaycanın nazirləri Ceyhun Bayramov və Zakir Həsənov Türkiyəyə səfər etdilər.  Əlbəttə ki, Azərbaycan və Türkiyə dövlət xadimlərinin, nümayəndələrinin intensiv ziyarətləri təəccüblü qarşılanmamalıdır. Eyni zamanda, bunlar müsbət hadisələr kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, bu münasibətlərin və əlaqələrin intensivləşməsini şərtləndirən səbəblər var. Bunlardan birincisi, hal-hazırda Ukrayna-Rusiya savaşı fonunda baş verən ciddi geopolitik dəyişiliklər və bizim bölgəmizdə, Güney Qafqazda olan vəziyyət bu əlaqələrin intensivləşməsinə şərtləndirən əsas amillərdən biridir. Digəri isə qeyd etdiymiz kimi, Azərbaycan-Türkiyə arasında olan münasibətlər və Şuşa Bəyannaməsidir. Çünki bəyannamənin şərtlərinə görə, hər iki dövlət birçox istiqamətlərdə, yəni həm xarici siyasət, həm müdafiə sahəsində,o cümlədən təhlükəsizlik məsələlərində fəaliyyətlərini əlaqələndirməlidirlər. Bu baxımdan hazırda Azərbaycanın iki nazirinin Türkiyəyə səfəri bu baxımdan dəyərləndirilməlidir”. 

O.Qasımov diqqətə çatdırıb ki, Müdafiə Nazirliyinin səfəri azad olunmuş ərazilərin son durum ilə bağlıdır:

“Hazırda Qarabağ ərazisində yerləşən Rusiya sülhməramlıları, bu ərazilərin Azərbaycana reinteqrasiya prosesinin həyata keçirilməsi və digər təhlükəsizlik məsələlərin müzakirəsi nəzərdə tutulur. Bu cür görüşlərdə nəzərə almaq lazımdır ki, 44 günlük savaşdan sonra Azərbaycan ordusu artıq rəsmən Türkiyə modeli şəklində qurulmağa başlanıb və bunun üçün Azərbaycann Müdafiə Nazirliyinin və Türkiyə Müdafiə Nazirliyinin əlaqələrinin intensivləşməsi təbii qarşılanmalıdır. O ki, qaldı xarici işlər nazirliyinin səfərinə əlbəttə ki, qeyd etdiyimiz kimi bir çox dünyada baş verən həm ciddi hadisələr, o cümlədən bizim bölgəmizdə Azərbaycan-Ermənistan arasında münasibətlərin qaydaya salınması və Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması kimi məsələlər var. Eyni zamanda, mətbuatda verilən məlumatlara görə, Türkiyədə 3 ölkənin- Azərbaycan,Türkiyə və Türkmənistan XİN-ləri bir araya gələcəklər”.

“Burada həm 3 ölkə arasında münasibətlər, eyni zamanda regional məsələlər müzakirə olunacaq. Xəzər dənizinin Türkmənistana aid olan hissəsində karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması məsələləri də müzakirə olunacaq. Türk Dövlətləri Birliyi ilə bağlı məsələlərin müzakirə olunacağı da istisna deyil. Bu baxımdan həm Azərbaycan, həm Türkiyə tərəfindən edilən səfərlər bu cür görüşlərin mütəmadi xarakter alması müsbət hadisədir. Ən azı bu cür səfərlərdə, görüşlərdə hansısa məsələlər ya müzakirə olunur,  ya da onların həlli istiqamətində konkret addımlar atılır. Bu baxımdan onun əhəmiyyəti mühümdür”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top