Bərdədə alverçilər arasında qanlı dava — Təfərrüat

KRİMİNAL 06 iyn 2022, 14:34
Bərdə rayonunda 1981-ci il təvəllüdlü Cəlal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Həsənə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il yanvarın 2-də, saat 11.00-da Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisindən keçən hissəsində baş verib. 

Həmin yolun sağ tərəfində yerləşən meyvə-tərəvəz satılan obyektin qarşısında Cəlal tanışı Həsən ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun şərik şəkildə etdikləri alverin pulunu əksik verməsinə əsəbiləşib obyektin qarşısındakı meyvə-tərəvəz məhsullarının yığılması üçün nəzərdə tutulan yeşikdən götürdüyü bıçaqla vurub. 

İstintaq orqanı tərəfindən Cəlalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 5-6 il əvvəl tanışı Həsənlə birlikdə şərik şəkildə meyvə-tərəvəz alveri ilə məşğul olmağa başlayıb: “2019-cu ilin mayında Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən “Dördyol” adlanan ərazidə Bərdə rayonunun Alpoud kənd sakini Əli adlı şəxsə məxsus olan obyekti icarəyə götürdüm, orada meyvə-tərəvəz alveri ilə məşğul olduq. Baş vermiş hadisədən təxminən 10 gün əvvəl Həsənin aramızda baş tutan alver ilə bağlı pul məsələsində məni aldatmasından şübhələnməyə başladım”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 01-31 dekabr 2020-ci tarixlərində Bərdə şəhərində yerləşən “Təzə bazar” deyilən ərazidə topdan meyvə-tərəvəz satışı ilə məşğul olan Anar adlı şəxsdən nağd şəkildə hissə-hissə olmaqla 4100 manat məbləğində məhsul alıb: “Bundan başqa 25 dekabr 2020-ci ildə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” adlı bazardan nağd şəkildə 3000 manat məbləğində məhsul aldım, satmaq məqsədilə Bərdə rayonuna gətirdim. Ancaq təxminən 10 gün əvvəldən edilən alverin qarşılığında ortada heç bir gəlirin olmadığını müəyyən etdim. Dekabrın 31-də obyektdə dekabr ayının yekunları ilə bağlı gəlir və xərcləri hesablayan zaman ortada heç bir gəlirin olmadığını, həmçinin meyvə-tərəvəz almaq üçün öz cibimdən ödədiyim pulun da ortada olmadığını müəyyən etdim. Buna görə də 1 yanvar 2021-ci ildə, səhər saatlarında obyektə gəldim, Həsən ilə söhbət apardıq. Söhbət zamanı Həsəndən edilən alverin nəticəsində əldə olunan gəlirin haraya xərcləndiyini soruşdum. Həsən isə mənə bununla bağlı heç bir məlumatı olmadığını, əgər cibindən pul ödəyərək meyvə-tərəvəz almışdımsa, bunu sübut etməyimi söylədi”.

Cəlal qeyd edib ki, yanvarın 2-də, saat 10 radələrində edilən alverə görə yaranmış 903 manat borcdan 500 manatını “Təzə bazar” ərazisində Anar adlı şəxsə ödəyib, obyektə yollanıb: “Bu zaman Həsənin həmkəndlimiz Əfqan adlı şəxs ilə obyektdə olduqlarını gördüm Əfqanın yanında Həsən ilə söhbət etməyə başlayaraq 903 manat borcdan 500 manatını ödəyərək gəldiyimi, bununla belə borcun xeyli hissəsinin ödənməmiş qaldığını bildirdim. Daha sonra Anar adlı şəxsə olan 903 manat borcun 500 manatının ödənməsi ilə bağlı qəbzi və dekabr ayı ərzində həmin şəxsdən alınan ümumi malın qaiməsini cibimdən çıxararaq Həsənə göstərdim və bu kağızların xərclədiyim pulların sübutu olduqlarını dedim. Bundan sonra Həsəndən əldə olunan gəliri çıxararaq ortalığa qoymasını, əgər gəliri vermirsə, obyektdən getməsini tələb etdim. Obyekti bundan sonra yalnız özümün işlədəcəyimi bildirdim. Həmin vaxt əsəbiləşdiyimə görə Həsənə qəbzi və qaiməni göstərərək həmin kağızları yedirdə biləcəyimi də dedim. Bu zaman Həsən qəflətən üzərimə atıldı, məni obyektin qarşısında yerə yıxdı və başımdan iki dəfə yumruqla vuraraq öldürəcəyini söylədi. Bunu görən Əfqan, o cümlədən yaxınlıqdakı qəssabxanada işləyən Xəyal və avtomobil yuma məntəqəsində işləyən adlarını bilmədiyim 4-5 nəfər oğlan yaxınlaşaraq bizi bir-birimizdən kənarlaşdırdılar. Həsən məni vurduğu üçün obyektin qarşısında olan təxminən yarım metr uzunluğundakı taxtanı götürərək onu vurmaq istədim. Ancaq həmin taxtanın yanındakı meyvə yeşiyinin içərisində bıçaq gördüm. Taxtanı yerə tulladım və bıçağı götürdüm. Bıçağı götürdükdən sonra Həsənə hər ikimizin övladımizin olmasını xatırlatdım, bir daha obyektdən birdəfəlik çıxıb getməsini, əks təqdirdə bu söhbətdən qan çıxaracağımı dedim, onun üzərinə atıldım. Ancaq Həsən bu dəfə də mənimlə razılaşmadan, yerə tulladığım taxtanı əlinə götürdü və obyektin arxa tərəfindən fırlanmaqla yenidən qarşı tərəfinə gəldi. Həmin vaxt Həsəndən dəfələrlə getməsini xahiş etməyimə baxmayaraq Həsən bunlara məhəl qoymadan ünvanıma ağır söyüşlər söydü və üzərimə hücum çəkdi, məni taxta ilə bir dəfə sağ qolumdan vurdu. Mən isə səbrim daşdığından və Həsənin söyüşlərinə dözə bilmədiyimdən əlimdəki bıçaqla obyektin sağ tərəfində Həsənin sol qarın nahiyəsindən və sol sağrı nahiyəsindən olmaqla iki dəfə vurdum. Həsəni bıçaqla vuran zaman yanmızda adlarını yuxarıda qeyd etdiyim şəxslər də olub. Daha sonra Əfqan Həsənin xəsarət aldığını gördü, onu avtomobilə əyləşdirməklə həmin yerdən apardı. Mən isə hadisəni törətdiyim bıçağı da götürərək  Bərdə rayon polis şöbəsinə gəldim, cinayət əməlimi etiraf etdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Cəlal 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top