Səhralaşma prosesi artıq qloballaşıb — ARAŞDIRMA

MARAQLI 05 iyn 2022, 15:16
Qobi – Çin və Monqolustan ərazisində böyük arealı əhatə edən səhradır. Buranın genişlənməsilə il ərzində 6 min kv km-ə qədər yaşıl ərazi məhv olur. Bura kəndlər də daxildir. Nəticədə yaşayış məskənləri yararsız hala düşür. Bu səbəbdən, on minlərlə insan başqa ölkələrə köç edirlər. Qobidən 3 min km uzaqda Qazaxıstan və Özbəkistanda yerləşən Aral gölü də quruyub. Bunun səbəbi isə sənaye, quraqlıq, meşələrin qırılması və ərazidə heyvanların həddindən artıq otarılmasıdır. Təəssüf ki, proses qlobal xarakter alıb. Milyonlarla insan bu səbbədən səfalət içərisində yaşayır. 

Demokrat.az
problemin veb-araşdırmasını aparıb. 

Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru hərəkət edir. Nəticədə aclıq və xəstəliklər baş verir. 

BMT-də araşdırmaçı-alim kimi fəaliyyət göstərən Barron Jozef problemin həlli yollarından danışıb:

“Bu problemi mərhələli şəkildə həll etmək mümkündür. Təbii ki, problemin əsas səbəbi qlobal iqlim dəyişikliyi və quraqlıqdır. İndi bütün planlar pərakəndə vəziyyətdədir. Bir layihə orada, digəri burada... Əsas sual odur ki, biz bu birgəliyi necə təşkil edək? Düzdür, biz irəliləyiş əldə etmişik, amma bu daha sürətli olmalıdır. Səhralaşma eyni zamanda həm texniki həm də sosial problemdir. Balanslı şəkildə həll edilməlidir – deyə B.Jozef qeyd edir.

Sevindirici xəbər odur ki, bu problemi həlli üçün aparılan bir çox eksperiment uğurla başa çatıb. Səudiyyə Ərəbistanın qərbində fərqli sınaq aparılıb. “Əl Bayda” adlı bu layihədə daşqınlardan yararlanmaqla bərpa prosesi həyata keçirilib. “Əl Bayda” layihəsinin direktoru Neal Spekman bildirib ki, indi daşqın suları səhralara yönləndirilir. 
“Bu layihə ilə daşqın suları səhralara yönləndilir. İndi bu ərazilər xilas edilərək yaşıllığa bürünüb. Həm də heç bir əlavə suvarılma olmadan. Quşlar və digər canlılar yenidən bura qayıtdı. Biz orada canlanma görə bilərik. Bu, çox möhtəşəmdir”.

Günəş və külək stansiyalarından istifadə etməklə də səhralaşmaya son qoymaq mümkündür. Sadəcə enerji almaqla yox, eyni zamanda yağış suyundan da yararlanmaq olar. Alimlər iqlim modeli yaradaraq Saxara səhrasının müəyyən hissəsində günəş və külək stansiyaları yaratmaq istəyirlər. Bu isə ərazidə 5 sm daha artıq yağıntıya səbəb olacaq. Nəticədə yaşıllaşma 20 faiz artıracaq. 

Azərbaycan üçün də səhralaşma problemi aktualdır. Buna görə ölkəmiz 1998-ci ildən "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulub. Dünyanın 170 ölkəsinin üzv olduğu bu Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Gülçin Qorxmaz
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top