Qarabağ: Prezident prinsipiallığı və postmünaqişə reallıqları

GÜNDƏM 01 iyn 2022, 17:57
44 günlük Vətən Müharibəsi dönəmində Azərbaycan cəmiyyətini tam varlığı və mahiyyətilə gördük. Müharibə mənfi stereotipləri dağıtdı. Əslində buna stereotiplərin dağılması demək olmazdı. Cəmiyyət olaraq bizi mənfi stereotiplərə uyğunlaşdırmaq istəyənlərə bunun yolverilməzliyini anlatdıq. Həm döyüş meydanındakı cəsurluğumuz, rəşadətimiz və iradəmizlə, həm cəbhə köklənişimizlə, həm də Prezident İlham Əliyevin şəxsində siyasət meydanındakı prinsipiallıq, ardıcıllıq və qətiyyətimizlə göstərdik ki, Birinci Qarabağ Müharibəsindəki uğursuzluğumuzu məğlubiyyət kimi yeritmək, yedirtmək cəhdləri əbəsdir, Qarabağ itkisi yaddaşımızdan əsla çıxamayacaqdır. 

Müharibə reallıqları və haqqın söyüş sifəti

Müharibədən iki il ötür. Postmünaqişə dövrünü yaşayırıq. Azərbaycan cəmiyyətinin bu gün Qarabağ köklənişi nə yerdədir? Axı hər kəsə yaxşı məlumdur ki, savaşın cəbhə çətinliyi və məhrumiyyəti qədər, siyasi-diplomatik məcrada özünü göstərməkdə olan psixoloji tərəfləri var. Burada məsələni bir qədər də konkret qoymağa ehtiyac yaranır: cəmiyyətimizin Qarabağ uğrunda siyasi-diplomatik müstəvidəki savaşa dəstəyi hansı səviyyədədir? Demək olarmı ki, bu işə hərbi əməliyyatların getdiyi dövrdə əsgər payı hazırlamağa can qoyduğumuz kimi enerji sərf edirik? 

Əlbəttə, suala birmənalı cavab vermək çətindir. Ona görə ki, sıravi vətəndaş üçün müharibənin doğurduğu reallığın dərki diplomatik mübarizənin reallıqlarının dərkindən daha ələçatımlıdır. Müharibə dəhşətlər yaratdığı kimi, yenilməz ruh aşılayır. O, hər kəsin qələbə naminə əzmlə çalışmaq, çarpışmaq potensialını artırır, üzə çıxarır. Hamı inanır ki, etdiyi hərəkət zəfər yolunda müstəsna əhəmiyyət daşıyır. 

Müharibə günlərində heç nə bacarmayıb Ermənistanın baş naziri Nikol Paşinyanın facebook səhifəsindəki canlı yayımlarına söyüş yazan azərbaycanlı da bunu qələbə naminə edirdi. Məsələ söyüşdə deyil, ona haqq qazandırmaqdan uzağam, istəyim əzm və iradə nümayişinin yüksəkliyindəki səmimiyyət çalarlarını, haqqın özünü vurğulamaqdır. 
Yenə deyim, müharibə həm də dəhşətdir və dəhşət özünü söyüşlə göstərəcəksə, burada ən böyük haqq söyüşün nəyə görə səslənməsindədir. Öldürən azərbaycanlı da haqlıydı, söyən də. Hər halda təhqir insanın həyatına son qoymaq qədər ağır deyil. Sıravi azərbaycanlı Paşinyanın şəxsində insanlarımızı həyatlarından edən, illərdir öz doğma-yurd yuvasından didərgin salan erməniliyi söyməklə haqq edirdi.

Qarabağ naminə Prezident prinsipiallığı 

Bu gün biz Prezident İlham Əliyevin şəxsində dövlətin əzminin cəmiyyətin dirənişinə təsirinin parlaq Qarabağ nümunəsini görürük. Bu, nəsillərə miras qalacaq örnəkdir. Dövlət başçımız müharibə günlərindəki prinsipiallığını və qətiyyətini nəinki qoruyur, eyni zamanda bu prinsipiallıq və qətiyyətə yeni-yeni çalarlar gətirir. Baxın, Ermənistan cəmiyyəti onun səsləndirdiyi fikirlərin gerçək həyatdakı fiksasiyanı gözləyir. Çünki cənab İlham Əliyev səmimidir. Şəxsi səmimilik keyfiyyətlərini siyasət meydanına daşımaq nəinki hər siyasətçinin, heç hər tarixi şəxsiyyətin və liderin bacarığı deyil. Erməni cəmiyyəti bunu olduqca gözəl dərk edir. Unutmayaq ki, o cəmiyyət bir yana, ümumilikdə ermənilik bir azərbaycanlı liderin sözünə tarixin heç bir dönəmində indiki kimi önəmli yanaşmayıb.
 
Onu da nəzərə alaq - ermənilik xəfifə alınmayacaq qədər çox ciddi qlobal amildir, eyni zamanda bəladır. 44 günlük müharibə Ermənistanı darmadağın etməklə yanaşı, erməniliyə də böyük zərər vurdu, amma onu tam aradan qaldırmadı. Qarabağ münaqişəsi tarixin arxivinə gömülsə də, ümumən Qarabağ anlayışı erməniliyin türklərə aqressiyasının, xəstə münasibətinin təzahürlərinə qarşı dirəniş nöqtəsi olaraq varlığını saxlamaqdadır. 

Bu gün hətta erməni cəmiyyətinin özü də erməniliyə qarşı dirəniş göstərməkdədir. Mütərəqqi ermənilər düşmənçiliyin, ərazi iddiasının deyil, mehriban qonşuluğun tərəfdarı qismində çıxışlara başlayıblar. Belə demək mümkünsə, erməni mütərəqqiliyi tarixdə ilk dəfədir erməni xəstəliyi qarşısında üstünlük qazanıb. Bu üstünlüyü təmin edən bizik. Buna gücümüz və düşüncəmizlə nail olmuşuq. Elə davranmalıyıq ki, ermənilik mütərəqqiliyə bir daha güc gəlməsin.

 Prezident İlham Əliyev əbəs yerə Zəngilandan Zəngəzuru göstərib tarixi həqiqətləri dilə gətirmir. O, erməniliyin daxili mahiyyətinə hakim kəsilmiş çirkinliyə, təcavüzkarlığına gözəl bələddir. Dövlət başçımız yaxşı bilir ki, mövcud istiqamətdəki hər hansı boşluq indi əldə edilmişlərin itirilmə riskini doğura bilər. 

Zəfər müqəddəsliyi və ya nəyi unutmayaq? 

Vətən Müharibəsindən öncə müəyyən mənada klişeləşmiş fikir var idi - Qarabağ münaqişəsinin həllini gələcək nəsillərə saxlamayaq. Bütövlükdə Qafqaz coğrafiyasında erməniliyin məhvi də perspektivə saxlanılmayacaq qədər spesifik, həyati əhəmiyyətli vəzifədir. Döyüş meydanındakı qələbənin eyforiyasına qapılmaq qətiyyən olmaz. Qazandığımız zəfərin bizə yaşatdığı rahatlıq və arxayınlıq hissindən tam uzaq durmalı, soyuq başla düşünməyi bacarmalıyıq. 

Cəmiyyətin postmünaqişə dövrünün reallıqlarına hazır vəziyyətə gətirilməsi mütləqdir. İlk növbədə mediada, sosial şəbəkələrdə, ümumən həyatın bütün sahələrində Qarabağ aktivliyinin azalmasına heç cür yol verilməməli, Qarabağ ruhu daim ayaqda tutulmalıdır. Müharibəni zəfərə çevirən amillərin öndə saxlanılması, zəfər naminə göstərilmiş dirənişin bütün iştirakçılarının haqqının qorunmasına vicdanlı yanaşma ədalətli cəmiyyət quruculuğumuzun gerçək meyarı kimi özünü mübaliğəsiz, tam və real formada təsdiqləməlidir. Mövcud istiqamətdəki mənfi tendensiyalar, hətta şaiyə və dedi-qodulara hansısa əsas yaradan kiçik hallar belə təxirə salınmadan aradan qaldırılmalıdır. Bir sözlə, Qarabağ xalq və dövlət olaraq müqəddəslik simasını sözdə olduğu kimi, əməldə də qorumalıdır. Dünya Qarabağ haqqımızı görüb və qəbul edib, hazırda beynəlxalq aləmin Qarabağa gerçək anlamda sahiblənməyimizi, Qarabağ zəfərindən nəşət alan yeni Azərbaycan qurmaq əzmimizi görüb qəbullanması şərtdir. 

Bütün bunlar əvvəl dediyim kimi, hamının, yüksək çinli məmurdan tutmuş sıravi vətəndaşadək hər bir cəmiyyət üzvünün öz işinə məsuliyyətli və həssas yanaşmasından asılıdır. Unutmayaq ki, haqqımızın müdafiəsi naminə səfərbərliyimiz bu gün üçün də aktualdır. Vətən Müharibəsindən keçən müddətdə rollar dəyişməyib, hərə öz işinə köklənməlidir. 

Onu da yaddan çıxarmayaq ki, Qarabağ köklənişinin formalaşmasında vacib amil eyni zamanda səmimiyyətimizdir. Axı hər kəsin öz işini səmimiyyətlə gördüyü cəmiyyətin haqq dirənişi möhkəmdir. Qarabağ naminə paşinyanları söyməyin özü də səmimiyyətə əsaslanmalıdır. Necə ki, müharibə dövründə əsaslanmışdı. 

Digər tərəfdən, məsuliyyətli, həssas və səmimi münasibət səmərə və fayda doğurur. Ən böyük faydamız Azərbaycan dövlətçiliyinin əbədiliyi, bölgədə sülhün, əminamanlığın və rifahın təminatıdır. Bu, gələcək üçün müstəsna önəm daşıyan mənəvi dividentimizdir. 



Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 avq 2022, 16:18
Top