“Ermənistanda revanşistlərin aksiyaları rəngli inqilabla yekunlaşarsa...”

GÜNDƏM 31 may 2022, 12:24
“Ermənistan Brüssel bəyanatında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Politoloq qeyd edib ki, bununla bağlı konkret olaraq  Ermənistanın imzaladığı qərarlar var:

“Nəzərə almaq lazımdır ki, həm Soçi, həm də Brüssel bəyanatına baş nazir Nikol Paşinyan öz komandası və hakimiyyəti adına imza atıb. Həmin imzalar Ermənistan dövlətinin adına atılmış imzalardır. Buna görə də, Ermənistanın dövlət olaraq həmin bəyannamədən irəli gələn şərtləri yerinə yetirmək məcburiyyəti var.



Hətta, Ermənistanda bugünkü gündə revanşist qüvvələrin aksiyaları hansısa bir rəngli inqilab ssenariləri ilə yekunlaşarsa və yaxud hakimiyyət çevrilişi baş verərsə belə Paşinyanın imza atdığı qərarlara Ermənistanda iqtidarda kimin olmağından asılı olmayaraq hər bir siyasi hakimiyyətin əməl etmək öhdəlikləri var. Ümumillikdə, hesab edirəm ki, Ermənistanın bundan sonra edəcəyi hər bir təxribat və provakasiyalar birbaşa Azərbaycan əleyhinə deyil, həm də rəsmi Moskva və Brüsselin qərarları əleyhinə atılmış addımlar hesab edilməlidir”. 

“Bugünə qədər Ermənistana qarşı daha real, sərt və praktiki addımlar atılmadığına görə indiyə qədər sülh və etimad mühiti, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hansısa konkret irəliləyişlər əldə edilməmişdir. Belə hesab edirəm ki, delimitasiya və demarkasiya ilə bağlı işçi qrupunun ilkin iclasının keçirilməsi, daha sonra Moskvada və Brüsseldə delimitasiya ilə bağlı işçi qruplarının növbəti iclaslarının keçirilməsi Azərbaycan və Ermənistan münasibətlərinin gələcəyi baxımında taleyüklü dəyişiliklərə səbəb ola bilər. Bundan sonra bütövlükdə regionun dirçəlməsi, regionda müharibələrin dışlanması və digər məsələlərdə Azərbaycanın ortaya qoyduğu kifayət qədər humanist və beynəlxalq hüququn normalarına uyğun addımlar xarici güclər tərəfindən dəstəklənməlidir. Hesab edirəm ki, erməni lobbisi və dövlətinin ata biləcəyi hər bir təxribat və provakasiyaya görə birbaşa onların mənzilləndiyi ölkələr də məsuliyyət daşıyırlar”,-deyə politoloq qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top