“Rusiyanın Azərbaycana təsir gücü yox səviyyəsinə düşüb” — ŞƏRH

GÜNDƏM 31 may 2022, 11:58
“Türkiyənin regional dövlətdən beynəlxalq geosiyasətə təsir edə biləcək gücə çevrilməsi artıq heç kimdə şübhə doğurmur”.

 Bunu Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. Politoloq qeyd edib ki, bu gün dnya gücləri Türkiyə ilə hesablaşmaq məcburiyyətində olduqlarını etiraf edirlər:

“Təbii ki, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. İki qardaş ölkə birlikdə hərəkət etdikləri mesajını hər zaman təkrarlayırlar. Şübhəsiz ki, Ukrayna müharibəsi Rusiyanın bütün sahələrdə nüfuzuna ciddi zərbə vurdu. Onun hərb maşınının gözlənildiyindən zəif olduğu gerçəyini dünyaya göstərdi. Rusiya bir çox mənalarda zəifləsə də, hələlik ayaqdadır”. 

Onun sözlərinə görə, Cənubi Qafqaz regionuna Rusiyanın təsir gücü hələ ki öz aktuallığını qoruyur:



“Ermənistan və Gürcüstanın Rusiyanın təsirindən çıxmaq məsələsi hələ aktual deyil. Azərbaycan isə Rusiya ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinə sahibdir. Və Rusiyanın Azərbaycana təsir gücü yox səviyyəsinə düşüb. Buna da Türkiyə və Azərbaycan birliyi sayəsində nail olunub. Rusiya və Türkiyə münasibətlərində Azərbaycan faktorunun başlıca rol oynamasının əsas səbəbi Azərbaycanın regionda apardığı konstruktiv siyasətin nəticəsidir. Bu, Türkiyənin də əlini gücləndirir. Qarşılıqlı anlaşma və əməkdaşlıq siyasəti bir çox hallarda Rusiyanın digər ölkələrə qarşı apardığı aqressiv siyasəti neytrallaşdırmaq gücündədir”. 

“Hesab edirəm ki, bu siyasətin davam etdirilməsi gələcəkdə Azərbaycanın maraqlarına xidmət edəcək. Nəticə etibarı ilə Azərbaycan bu siyasətin bəhrəsini görüb. Qarabağ problemini böyük ölçüdə həll edib və sona çatdırmaq mərhələsindədir. Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, taleyini Türkiyə kimi güclü qardaş ölkə ilə bağlayıb. Bu, onu bütün mümkün risklərdən sığorta edir. Azərbaycanın bundan sonra ancaq müsbət istiqamətdə inkişaf edəcəyi şübhəsizdir. Əsas yeniliklər isə Türkiyə ilə birlikdə bir çox sahələrdə qarşılıqlı inteqrasiya nəticəsində mümkün olacaq ki, bunun mesajları artıq verilməkdədir”,- deyə politoloq qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top