Saxta referendum xəbərləri nəyə hesablanıb?

GÜNDƏM 27 may 2022, 17:40
Azərbaycana qarşı müxtəlif cinahlardan hücumlar davam edir. Məişət hadisələri süni şəkildə siyasiləşdirilir, LGBT bayraqları ilə bəzənən aksiya keçirilir və virtual aləmdə geniş təbliğ olunur. Buna paralel olaraq, informasiya cəbhəsində saxta gündəm formalaşdırılır.

Gah “küçə itlərinin öldürülməsi” kampaniyasını təkrarlamağa cəhd edən informasiyalar ortaya atılır, gah hüquqlarının pozulduğu iddiaları tirajlanır. Bütün bunlar Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir və hədəf ölkənin imicinə zərər vurmaqdan ibarətdir. Bunun məhz beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir zamanda edilməsi də təsadüfi deyil.

Baş verənlərin fonunda “Azərbaycanda referendum keçiriləcək” iddialarının qəfil peyda olması da bu planın komponentlərindəndir.

Ölkədə nəinki referendum, ümumiyyətlə hansısa seçkilərlə bağlı bir gözlənti, yaxud təqvim yoxdur. 2020-ci il parlament seçkilərində qanunverici orqan yenidən formalaşdırıldı. Bu seçkilər həm də 2018-ci ildən başlanan genişçaplı islahatların tərkib hissəsi idi. Növbəti seçkilərin vaxtı 2025-ci ildir. Aydındır ki, buna qədər hər hansı seçki prosesi gözlənilmir. Hazırda Azərbaycanın əsas hədəfi işğaldan azad edilmiş ərazilərin bərpası, Ermənistanla sülh sazişinin imzalanması və postmünaqişə dövrünün reallıqlarının gücləndirilməsidir. Buna paralel olaraq, beynəlxalq səviyyədə ölkənin reputasiyasının daha da güclənməsi istiqamətində addımlar atılır. “TEXNOFEST”, Bakı Humanitar Forumu, "Formula-1" yarışları kimi beynəlxalq əhəmiyyətli tədbirlər bu prosesə güclü təkan verir.

Belə bir vaxtda ölkəmizə qarşı müxtəlif iddialar irəli sürülür ki, referendum xəbərləri də bunlardan biridir.

Bu kampaniyanın əsas sifarişçilərinin xaricdən olduğu gün kimi aydındır. Misal üçün, “BBC Azərbaycan”ın saxta referendum haqqında  xəbərini “Facebook” sosial platformasında reklama yerləşdirməsi xüsusilə diqqət çəkir. 

Sual yaranır, niyə?

Çünki bütün kampaniya eyni mərkəzdən idarə olunur və məqsəd gündəmi dəyişmək, süni ictimai-siyasi gərginlik yaratmaq, siyasi prosesləri süni yolla aktivləşdirmək cəhdidir.

Əsas hədəf isə Azərbaycanın hazırda prioritet elan etdiyi istiqamətlərdən - xüsusilə sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və digər məsələlərdən yayındırmaq, bu istiqamətdə aparılan işləri dayandırmaqdır.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top