Dövlət Baxçalının “Türk NATO-su”nu yaratmaq TƏKLİFİ

REGİON 27 may 2022, 11:23
Türkiyə dövləti bugünlərdə terrora qarşı mücadilədə çox təəssüf ki, növbəti şəhidlərini verdi. Amma qardaş ölkə şəhidlərin qisasının alınması istiqamətində addımlarını səngitmir, hərbi-siyasi-diplomatik müstəvidə qətiyyətini nümayiş etdirir.

Xüsusilə də terrorçulara qucaq açmış Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsinin gündəmə gəlməsi fonunda rəsmi Ankaranın sərgilədiyi sərt mövqe bir çox dairələr tərəfindən anlayışla qarşılanmır ki, bu da Türkiyənin maraqları naminə hər cür addımlara getməyi vacib sayan siyasi çevrələrin haqlı etirazına səbəb olub. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib ki, Türkiyənin NATO-dan çıxma ehtimalını mümkün sayır: “Şərtlər yerinə yetirilməsə, hətta NATO-dan çıxmaq da alternativ kimi nəzərdən keçirilməlidir. Biz NATO-dan əvvəl də var idik və NATO olmadan yox olmayacağıq.

Əgər Türkiyənin etirazları ciddi qəbul edilmirsə, deməli, onun NATO-dakı mövcudluğu ciddi qəbul edilmir və hörmət edilmir. İsveçi alsınlar, Finlandiyanı alsınlar, Rusiyaya qarşı yeni cəbhə açsınlar. Əgər zərurət yaranarsa, hadisələr başqa seçim qoymazsa, Türkiyə, türk dünyası və İslam ölkələrinin daxil olduğu yeni təhlükəsizlik təşkilatı yaratmaq olar, bəlkə də bu yolla daha yaxşı olar”. Türkiyənin ən təcrübəli “dərin dövlət” üyələrindən biri kimi tanınan MHP liderinin bu təklifi gəlişigözəl söz ola bilməz. Yada salaq ki, ötən il Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin iclasına videomüraciətində prezident Rəcəb Tayyib Ərdoğan maraqlı bir fikir söyləmişdi. Prezident demişdi ki, Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazana bilər. Ərdoğanın sözlərindən belə nəticə hasil etmək olardı ki, gələcəkdə Türk Şurasının hərbi blokunun yaranması istisna deyil. Necə ki, Rusiyanın patronajlığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  fəaliyyət göstərir, hətta bura türkdilli ölkələr də daxildir, belə bir hərbi alyansın türkdilli dövlətlərdən təşəkkül tapması niyə də olmasın?! Baxçalının bu hərbi birliyin təkcə türkdilli dövlətlərlə deyil, İslam ölkələrinin daxil olduğu yeni təhlükəsizlik təşkilatı yaratmaq ideyasını səsləndirməsi Türkiyənin İslam dünyasında artan rolunu göstərir. Ukrayna müharibəsi müasir dünyada əsas məsələlərdən biri dövlət təhlükəsizliyi olduğunu sübut etdi. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının vahid orduya malik olması təşəbbüsləri xeyli müddətdir gündəmdədir, “Turan Ordusu” ideyası ermənilərin və ümumən türk düşmənlərinin yuxusunu qaçırıb. Əcaib görünən budur ki, dünyanın işğalçı ölkələrindən biri Ermənistan “Rus NATO”-sunun - KTMT-nin üzvlərindən biridir, hətta dönəm sədridir, kimsə buna etiraz etmir, lakin türkün barış və təhlükəsizlik üçün ordu yaratmaq cəhdi dərhal əks-reaksiyalar doğurur. Rəsmi Ankaranın terrorçuları ağuşuna alan ölkələrlə bağlı sərgilədiyi haqlı mövqeni qəbul etməyənlər sonda peşman olacaq, şübhəmiz yoxdur. Digər tərəfdən, indi dünyada bir neçə belə hərbi və təhlükəsizlik formatı varsa, niyə də türkdilli dövlətlərin öz hərbi bloku olmasın? Siyasi və hərbi ekspertlərin yanaşması necədir, hansısa mərkəzlər buna maneə törədə bilərlərmi?



 Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, türk dövlətlərinin hərbi-siyasi ittifaqı yeni ideya deyil: “Bu yanaşma daha öncə də, müəyyən format fərqliliyi ilə dilə gətirilib və cazibədar ideyadır. Məsələyə bir Azərbaycan türkü kimi, həm də emosional kontekstdən yanaşsaq, hər birimizin qanını oynadan təşəbbüsdür. Amma bu gün üçün real deyil. Nə Türkiyənin NATO üzvlüyündən çıxmağa, nə də Azərbaycan da daxil olmaqla türk dövlətlərinin, o cümlədən müsəlman ölkələrinin vahid hərbi-siyasi blokda təmsil olmağa hazır olduqlarını düşünmürəm. Türk dövlətlərinə gələndə, məlum olduğu kimi, Türkiyə NATO-nun aparıcı güclərindən biridir və Alyansın bütün manevr xarakterli hərəkətlərinə baxmayaraq, Türkiyəyə böyük ehtiyacı var. Hazırda qardaş Türkiyənin çoxsaylı səbəblərdən NATO-nu tərk edəcəyi inandırıcı görünmür. Türkiyə indiki şəraitdə, həm bu kimi ideyalarla, həm də prinsipial mövqeyi ilə alyansa və onun aparıcı gücü olan ABŞ-a Türkiyəyə münasibətdə buraxılan böyük yanlışlıqların yolverilməz və qəbuledilməz olduğunu başa salmağa çalışır. NATO Türkiyənin istəklərinin əhəmiyyətli hissəsini nəzərə alacaq və bu məsələdə Böyük Britaniyanın da Türkiyəyə dəstək verməsi çox ciddi mesaj kimi qəbul olunub”. Analitik hesab edir ki, Türkiyə NATO-nu tərk edərsə, bu, domino effekti yaradar və ABŞ-ın əzici dominatlığına etiraz edən dövlətlər də alyansın çətiri altından çıxa bilərlər: “Eyni zamanda belə olduğu təqdirdə Böyük Britaniyanın da NATO-nu tərk etməsi və ortaq dil, mədəniyyət amilləri üzərindən yeni bir blokun yaradılmasının tərəfdarı kimi çıxış edəcəyi gözləniləndir. Əslində bu gün Avroatlantik Alyansdan mərkəzdənqaçma meyllərinin qismən zəifləməsində Rusiyanın Ukraynaya müdaxiləsinin rolu böyükdür. Paradoksal görünsə də, Rusiyanın Ukraynaya təcavüzü ABŞ-ın əsasən Avropa İttifaqı üzvü olan ölkələri öz ətrafında saxlaması üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, türk dövlətlərindən ikisi - Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar və indiki şəraitdə onların KTMT-dən ayrılaraq, türk dövlətlərinin hərbi-siyasi blokuna qatılacaqları inandırıcı görünmür”.

Siyasi şərhçi nəzərə çatdırdı ki, artıq uzun illərdir türk dövlətlərinin Rusiya ilə birlikdə hərbi-siyasi ittifaq yaratmaları ideyası da gündəmdədir: “Bu, əsasən ”yeni avrasiyaçılar" tərəfindən dilə gətirilir və bununla bağlı həm Rusiyanın, həm də Türkiyənin bəzi qeyri-rəsmi hərbi-siyasi dairələri Türkiyədə bir neçə il öncə həyata keçirilən “Balyoz” və “Ergenekon” əməliyyatları öncəsi müəyyən müzakirələr də aparıblar. Amma zamanla məlum olub ki, Rusiya özünü Avrasiyanın jandarmı kimi görür və bu ölkə ilə bərabərhüquqlu münasibətlər qurmaq, xüsusilə də hərbi-siyasi müstəvidə bir araya gəlməz inandırıcı görünmür. Rusiya, toplumsal düşüncə və mədəniyyət etibarilə Avropa ölkəsi deyil, amma həmişə Avropaya doğru can atır və Asiyaya özünün “arxa bağça”sı kimi yanaşır. Əslində rus xalqının mental baxımdan Şərq xalqları ilə birliyi ona daha böyük üstünlüklər gətirə bilər. Bu ideya XVIII əsrin sonlarından etibarən daim Rusiyada fəlsəfi-siyasi cərəyanlarının aparıcı xətlərindən biri olub, lakin heç vaxt uğur qazanmayıb.

Səbəb isə neoiperialist təfəkkür və xaosa, nizamsızlığa meyllilikdir. Bu baxımdan, Rusiyanın yaxın 50-60 ildə Avropanın bir parçası olmaqdan vaz keçəcəyini gözləmirəm". Dövlət Baxçalının təşəbbüsünün müsəlman ölkələri ilə bağlı hissəsinə gəldikdə, E.Mirzəbəyli bildirdi ki, bir neçə ölkə, məsələn, Pakistan və Qətər istisna olmaqla, digər ölkələrin bu ideyaya müsbət yanaşacağını güman etmir: “Xüsusilə də İranın. İranın mövcud dini-siyasi-ideoloji xəttinin bətnində türk və İslam dünyasının birləşməsinə yol verməmək dayanır. ”İran" sözünün təməlində anti-turançılıq yatır. Bununla yanaşı, məlum olduğu kimi, müsəlman ölkələrinin müəyyən bir hissəsi, yumşaq ifadə etsək, Qərblə ittifaq içərisindədirlər. Həm də bu ölkələrdəki avtoritar idarəçiliyin məqsədi öz sülalalərinin qorunub saxlanılmasına xidmət edir. Onlar üçün dövlət özləri və yaxınları deməkdir. Yəni türklərə, ingilislərə və hətta ruslara xas olan klassik dövlətçilik təfəkkürü bu ölkələrin siyasi rəhbərliyinə yaddır. Bu baxımdan, həmin ölkələrin hələ uzun illər, toplumsal ictimai-siyasi şüurda ciddi dəyişikliklər baş vermədən regional, yaxud subregional təhlükəsizlik modellərinə meyllərinə müsbət yanaşacaqlarını düşünmürəm. Bütün bunlarla yanaşı, hesab edirəm ki, gələcək milli dövlətlərin və bu dövlətləri ortaq dil, mədəniyyət, ortaq iqtisadi maraqlar və təhlükəsizlik amilləri üzərində birləşdirən hərbi-siyasi ittifaqlarındır. Bunun üçün isə on illər lazımdır".



Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə öz növbəsində bildirdi ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının liderinin NATO-dan çıxma ehtimalını mümkün sayması əslində real ola biləcək bir hadisədir: “Artıq Türkiyənin rəsmi dairələri də bu haqda açıq fikirlərini səsləndiriblər. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın təmsil etdiyi rəsmi şəxsin net fikrini səsləndirib. Yəni Türkiyənin şərtləri qəbul olunmasa, NATO üçün dəyərli olan qardaş ölkə öz qərarlarını verəcək. O qərarlar arasında hörmətli Baxçalının dediyi məsələnin masaya qoyulması da mümkündür. Onda ortaya belə bir sual çıxır: sonra nə olacaq? Sözsüz ki, qardaş Türkiyənin qərarlarına mənfi münasibət və sərt yanaşmalar da istisna deyil. Ona görə də Türkiyə yəqin ki, məsələnin müsbət və mənfi tərəflərini nəzərə alıb və alır”. Bununla belə, Ü.Cəfərov düşünmür ki, NATO-dan çıxmaq yeganə düzgün yoldur: “Əgər bu, baş versə, sözsüz ki Türkiyə üçün də hərbi-siyasi istiqamətdə müəyyən çətinliklər qaçılmaz olacaq. Ona görə də son dərəcə soyuqqanlı və ehtiyatlı qərarlar verilməlidir. Düz yerdə özünə ciddi problemlər yaratmamalıdır. Alternativ kimi real addımların nəzərdən keçirilməsi mümkündür. Amma tələskənlik də əlavə gərginlik və problemlər yarada bilər. Hörmətli Baxçalı deyir ki, əgər zərurət yaranarsa, hadisələr başqa seçim qoymazsa, Türkiyə türk dünyası və İslam ölkələrinin daxil olduğu yeni təhlükəsizlik təşkilatı yarada bilər. Mən də bu fikirləri bölüşürəm. Amma bunun üçün zaman lazım gələcək. İndiki vaxtda bunun reallaşdırılması çox çətin və mürəkkəb bir yolu keçmək kimi başa düşülməlidir”. Polkovnik müqavimətin olacağına şübhə etmir: “Heç də hamı bu ideyanın reallaşmasını sakitcə qəbul etməz. Müxtəlif maneələr və əngəllər yaradılacaq. Onsuz da dünyada söz sahibi olan əksər dövlətlər türk dünyasının güclənməsindən və möhkəmlənməsindən o qədər də xoşhal deyillər. Ona görə də NATO-nun genişlənməsi ilə bağlı alyansın verdiyi qərara qardaş Türkiyə maksimum ehtiyatla, özünün zərərinə ola biləcək addımlardan özünü sığortalamalıdır. Mən də Türkiyənin tələblərini haqlı sayıram və hesab edirəm ki, bunu diplomatik yollarla etmək lazımdır. Prosesə başlanılıb, sadəcə, bir balaca səbir və təmkin nümayiş olunmalıdır. Bir də, Türkiyə Rusiyadan imkan düşdükcə bir qədər məsafə saxlamalıdır. Hiss edirəm ki, dünyanın Rusiya Federasiyasını hər mənada təcrid etmək fonunda qardaş Türkiyə özünü sanki bəzi hallarda ruslara görə ”oda-alova" atır. Bu da heç də həm NATO-da, həm də dünyada müsbət qarşılanmır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top