Generalın vəkili məhkəməyə səs yasızını gətirdi, qalmaqal yarandı — Yeni faktlar

KRİMİNAL 24 may 2022, 20:15
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 Demokrat.az
-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına icazə verilmir. Hər dəfə bir bəhanə gətirilərək jurnalistlər məhkəmə zalına buraxılmır. Mayın 24-də keçirilən prosesdə 6 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş Ərəstun İmanov ifadə verib. O bildirib ki, 2012-ci ilin may ayından 6 saylı notariat kontorunda notarius vəzifəsində işləyib. Ərəstun İmanovun sözlərinə görə, “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevlə tanışlığı olub:

“Notariat kontorunun depozit hesabı həmin bankın “Paytaxt” filialında yerləşib.“Texnikabank” ASC-nin fəaliyyəti dayanmasından sonra notariatın depozit hesabı “Bank Respublika” ASC-nin Nəsimi filialına köçürüldü. 2012-ci ilin sentyabrın əvvəllərində Etibar Əliyevin oğlu Kəramət onun iş yerinə gəlib, bir obyektin alqı-satqısını etmək istədiklərini, lakin bunun üçün atasının razılıq ərizəsi alınmalı olduğunu bildirdi. Dedi ki, atası MTN-də saxlanılır, imkanı varsa, orada atasından notarial qaydada ərizə alaq”. Ərəsun İmanov bildirib ki, həmin vaxt MTN ilə yolları kəsişməməsi üçün Kəramətə dərhal razılıq verə bilməyib:

“1-2 gün sonra iş yerimə orta boylu, dolu bədənli, bığsız bir mülki geyimli şəxs gəldi. Həmin şəxs dedi ki, MTN-nin istintaq şöbə rəisi Vüsal Ələkbərovdur”. Bu zaman şahid məhkəmə zalında olan təqsirləndirilən şəxs Vüsal Ələkbərovu işarə verərək həmin şəxs olduğunu söyləyib: “Vüsal Ələkbərov bildirdi ki, Etibar Əliyevin barəsində cinayət işinin istintaqını apardığını, Etibar Əliyevə köməklik məqsədi ilə obyektinin satılması lazım olduğunu dedi. Ona görə də Kəramətlə birlikdə idarəyə gəlib, Etibar Əliyevdən ərizə qəbul etməsini istədi.Vüsal Ələkbərov gedəndən sonra Kəramət məni MTN-nə apardı. Vüsal Ələkbərovun qəbuluna yazıldıq, içəri apardılar. Vüsal Ələkbərov öz iş otağında məni Etibar Əliyevlə görüşdürdü. Etibar Əliyevdən əmlakın arvadı tərəfindən satılmasına razılıq ərizəsini aldıq, 7-E reyestr kitabında müvafiq qeydiyyat apardıqdan sonra öz iş yerimə qayıtdım. Ərizəni Kəramətə verdim. Bir neçə gündən sonra Kəramət obyektin alqı-satqısına başlamaq istədiyini dedi. Kəramət həmin əmlakın mülkiyyət hüququnu təsdiq edən bütün sənədləri, o cümlədən çıxarışın əslini gətirdi. Mən də obyektin alqı-satqı sənədlərini hazırlayaraq Kəramətə anasını müqavilənin imzalanması üçün gətirməsi dedim. Obyekti alan şəxs obyekti almaq üçün verdiyim məktub əsasında notariat kontorunun dopozit hesabına 3 milyon manat pulu keçirdi, bu barədə sənədi mənə gətirən kimi müqaviləni imzalamağa hazır olduğunu bildirdim. Təklifim ilə Kəramət Əliyev anasını gətirdi, müqaviləni həm alan, həm satan tərəf mənim iştirakım ilə imzaladılar. Dərhal Kəramətin anasının bankdan pulunu ala bilməsi üçün adına çek yazaraq verdim. Bundan sonra həmin alqı-satqının taleyindən xəbərim olmayıb”. Təqsirləndirən şəxs Vüsal Ələkbərov şahid Ərəstun İmanova bir neçə sual verib. -Siz məni tanıyırsız? Şahid: -Bəli. -Məni haradan tanıyırsız? -Siz işlədiyim notariat kontora gəlmişdiz. Etibar Əliyevin MTN-də razılığının alınmasının rəsmiləşdirilməsini xahiş etmişdiz. Bundan sonra da sizin iş yerinizdə həmin alqı-satqı rəsmiləşdirildi. Daha sonra zərərçəkmiş şəxs qismində sərbəst ifadə verən Etibar Vahid oğlu Cəfərovun sözlərinə görə, 2005-ci ildən “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub, kosmetika və parfumeriya malları satıb:

“Seyran Nəcəfov, Elman Əhmədov və digərləri ilə birlikdə Çindən mal sifariş edib, hər birinin malı bir konteynerdə gəlib. 2013-cü ilin avqust ayının 29-da konteyneri gömrükdən qəbul edərək Seyranın anbarına boşaldan zaman MTN əməkdaşları tərəfindən saxlanıldıq. Malların qaçaqmalçılıq olması əsası ilə məni, Seyran Nəcəfovu, Balaşirin Babayevi, Elman Əhmədovu, Elvar Əliyevi, Natiq Teymurovu MTN-nin binasına aparardılar. Orada səhərə qədər orada saxladılar. Saxladıqları müddətdə məndən ilkin olaraq 500 min manat istədilər. Pulu verə bilmədiyim üçün bizdən qısa izahatlarımız alındı və səhərə yaxın evə buraxıldıq”. Zərərçəkmişin sözlərinə görə, sentyabrın 5-də yenə MTN-nin binasına çağırılıb və İstintaq Baş idarəsinin müstəntiqi Elmar tərəfindən şübhəli şəxs qismində tutularaq 2 gün təcridxanada saxlanılıb, sonra Səbail rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib:

“İstintaq qrupunun rəhbəri Fuad Məmmədov olub. 5 noyabr 2013-cü ildə özüm də səbəbini bilmədən sərbəst buraxıldım. Çıxandan sonra atamdan “nə əcəb məni buraxdılar” deyə soruşdum. Atam azadlığa buraxılmağım üçün külli miqdarda pul verdiyini bildirdi. Həbsdə olduğum müddətdə stress, əsəb keçirdiyimdən səhhətini pisləşdi. Düşündüm ki, şikayət etsəm, məni həbs edə bilərlər. Buna görə də heç yerə şikayət etməmədim və hər şeyi unutmağa çalışdım”.

Zərərçəkmiş deyib ki, 2015-ci ilin oktyabrında MTN-də həbslər baş verəndən sonra qardaşı Vüqardan azadlığa buraxılması üçün MTN müstəntiqinə nə qədər pul verildiyini soruşub: “Hər şeyi danışmasını istədim..Vüqar da həmin pulu atam ilə birlikdə MTN-nin müstəntiqi Fuad Məmmədova verdiyini bildirdi. Həmin gün axşam tərəfi mən, atam və qardaşımla birlikdə oturaraq söhbət etdik. Atama və qardaşıma bununla bağlı ifadə verməli olduqlarını, hər şeyi necə olubsa, dəqiqliklə deməli olduqlarını bildirdim. Bu söhbətdən sonra atam mənə baş verənləri danışdı. Dedi ki, xəstəliyimə görə mənə düzünü deməyiblər ki, çox fikir etməyim. Atamı “biz MTN-nın müstəntiqi Fuad Məmmədova 210 min manat vermişik” dedi. Həmin an şoka düşdüm, nə etmişəm ki, bu qədər pul aldıqlarını soruşdum. Atam azadlığa buraxılmağım üçün 300 min manat pul tələb etdiklərini, lakin 210 min manat pula gücünün çatdığını, həmin pulu Gürcüstan Respublikasında yaşayan dost, tanış, qohum, əqrabadan topladığını və MTN-nin müstəntiqi Fuad Məmmədova verdiyini bildirdi”. Daha sonra zərərcəkən qeyd edib ki, onu MTN-dən buraxandan sonra barəsində cinayət işi Qaradağ rayon məhkəməsinə göndərilib: “Məhkəmədə əməlim qaçaqmalçılıq maddəsindən keyfiyətsiz malların gətirilməsi maddəsinə keçirildi, sonradan zərərcəkənlərin iştirakı ilə ərazidən boş qutuları bir yerə yığmaqla yandırdbar. Elə həmin gün malları özümüzə qaytarıldı və məhkəmədə cərimə olunmaqla azad edildik”. Bundan sonra Etibar Cəfərovun atası Vahid Cəfərov sərbəst ifadə verib. O deyib ki, oğlu Etibar Cəfərov 5 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən tutulub:

“Həbsindən təxminən 1 ay keçdikdən sonra oğluma yemək aparanda kiçik pəncərədən mənə kağız verildi. Həmin kağızda “Fenozepam”, “Renalum” adlı dərman adları yazıldı. Kağızı verən MTN əməkdaşı dərmanları alaraq oğlum üçün gətirməyimi tapşırdı. Etibarın səhhətindəki problemlərin baş qaldırmasını başa düşdüm və pis oldum. Həmin gün dərmanları taparaq gətirdim. Daha sonra digər oğlum Vüqar və Etibarın vəkili Qubadla birlikdə MTN-nin binasının qarşısında olan yolun digər tərəfınə, “Fəxri Xiyaban” tərəfə keçdik. Piyada gəzərkən Qubaddan “Etibarın işi necə olacaq” deyə soruşdum. Qubad isə Etibarın azadlığa buraxılması üçün 300 min manat pul istədiklərini dedi. Mən də oğlumun nə etdiyini soruşdum. Qubad isə bir nömrə verərək “mən bilmirəm, mənə nə deyiblər, onu deyirəm, bu nömrə, bu da sən, özün zəng elə, danış. Mənlik heç nə yoxdur” dedi. Həmin nömrəyə zəng etdim. Telefonla danışan adam özünü müstəntiq Fuad Məmmədov kimi təqdim etdi. Fuad danışıq zamanı mənə a hər şey yaxşı olacaq dedi, Etibarın azadlığa çıxması üçün 300 min manat pul istədi. Fuad Məmmədovla uzun-uzadı söhbət edəndən sonra mənə 3 gün ərzində pulu çatdırmalı olduğumu bildirdi”. Şahidin sözlərinə görə bundan sonra dost, tanış, qohum- əqrabadan borc pul istəyib:

“Etibarın Rusiya Federasiyasında yaşayan, bir neçə sexi olan xalası oğlu Nurman Qaraqaşov və Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşayan və sexi olan Məsmalı Musayev pul göndərdilər. Bundan başqa əmim nəvəsi Qnyaz Cəfərovdan 40 min manat, qardaşım oğlu Eldar Cəfərovdan 30 min manat, əmim qızı Telnaz İsgəndər qızından 20 min manat borc pul aldım. Mərhum həyat yoldaşımdan qalmış külli miqdarda qızıl-ziynət əşyalarını 80 min manata satdım.3 gün ərzində ümumilikdə 210 min manatın topladım və Fuad Məmmədova bu haqda məlumat verdim. Fuad Məmmədov isə ona bir qədər sonra zəng edərək MTN-nin binasının arxa tərəfində, sovqat verilən yerə yaxın olan yerdə gözləməyimi, orada görüşəcəyini dedi. Oğlu Vüqarla Mərkəzi Xəstəxananın yanında, MTN-nin binasının arxasında, sovqat verilən yerə yaxın gəldik. Fuad Məmmədovla əlaqə saxladıq.15 dəqiqə sonra Fuad Məmmədov mülki geyimdə gələrək pulu məndən aldı. 3-4 gün sonra isə oğlum Etibar azad olundu”. Məhkəmədə təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, Mövlam Şıxəliyevin Akif Qurbanovla söhbəti olan səs yazısının dinlənilməsini istəyib. Məlum olub ki, Mövlam Şıxəliyev azadlıqda olarkən restoranda Akif Qurbanovla görüşüb və həmin görüş zamanı gizli şəkildə onun səsini yazıb. Hakim vəkilin vəsatətini təmin edib və səs yazısı məhkəmə zalında dinlənilib. Mövlam Şıxəliyevin vəkili səs yazısını müvəkkilinin zərərçəkmiş şəxs Akif Qurbanov tərəfindən şantaj yolu ilə ondan pul tələb etməsi kimi təqdim edib. Akif Qurbanovun sözlərinə görə, iş materialları ilə də şantaj olunan tərəf özü olduğun sübut olunub: “Vəkil yalan danışır. Mövlam Şıxəliyev bu cür üsullarla MTN-dəki şantaj mövqeyini bir daha ortaya qoyur”. Akif Qurbanov Mövlam Şıxəliyevə deyib ki, səs yazısını kəsib, məhkəmədə dinlətməklə heç nəyə nail ola bilməyəcək:

“Qeyrətin varsa, səs yazısını tam olaraq məhkəməyə təqdim elə. Bura sənin üçün MTN-dəki kabinetin deyil. Sən dustaqsan, səni mən tutdurmuşam, səni türmədə mən çürədəcəyəm. Daha o quldur yuvası yoxdur, möhtərəm Prezident həmin yuvanı başınıza uçurub. Sənin başında dayan da, gəlin bizim qarşımızda sənin kimi dustaq olacaq. Səbrli ol, görəcəksən, şantajlarını da özünə saxla”. Akif Qurbanov bildirib ki, Mövlam Şıxəliyevin ortaya saldığı adamların təşəbbüsü ilə onunla görüşüb:

“Həmin görüş zamanı Mövlam Şıxəliyev məndən və Vüsal Ələkbərovdan şikayət etməməyim üçün MTN-də alınan 1 milyon manatın müqabilində 300 min manat təklif etdi. Əvvəlcə razılıq versəm də, sonradan razılaşma pozuldu”. Akif Qurbanovun vəkili Osman Kazımov səs yazısının tam olaraq məhkəməyə təqdim olunmasını, bu səs yazısının bir neçə saatlıq söhbətdən 10 dəqiqəlik fraqment olduğunu nəzərə çatdırıb. Vəkil vəsatətində məhkəməyə təqdim olanan SD diskin fonoskopik ekspertizaya göndərilməsini istəyib. Vəkil bildirib ki, Mövlam Şıxəliyev səs yazısını montaj etməklə özünü təmizə çıxarmaq istəyir. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib. İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top