“Azərbaycan regionda ədalətli sülhün tərəfdarıdır” — Deputat

GÜNDƏM 24 may 2022, 17:36
“ABŞ prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsi qeyd edilir və Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı xüsusi vurğulanır. Bu, təbiidir. Çünki Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın 30 ildən artıq bir tarixi vardır. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, bu gün  Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir:

“Azərbaycan sülhməramlıları ABŞ-ın Əfqanıstanda başçılıq etdiyi beynəlxalq antiterror koalisiyasında da fəal iştirak ediblər. Yeri gəlmişkən, Əfqanıstanı ən sonda tərk edənlərdən biri məhz Azərbaycanın hərbi kontingentidir. ABŞ da bunu unutmur və daim minnətdarlıq hissilə vurğulayır. 2020-ci ilin payızında xalqımız 44 günlük savaşda doğma Qarabağı işğalçı Ermənistanın Silahlı Qüvvələrindən azad edərək regionda tarixi ədaləti bərpa etdi. Məktubdan bəlli olur ki, ABŞ dövləti Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı parlaq qələbədən sonra regionda yaranmış yeni reallıqların fərqindədir”. 

“Görünən budur ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsini müsbət qarşılayır və bunun bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Həqiqətən, bu gün Cənubi Qafqazda xalqların və dövlətlərin inkişaf və tərəqqi etməsi üçün regionda davamlı sülhün bərqərar olunması çox vacibdir. Azərbaycan regionda ədalətli sülhün tərəfdarıdır. Bunu dünya görür və yüksək qiymətləndirir. Azərbaycan beynəlxalq hüquqa əsaslanan prinsipial və ədalətli xarici siyasət həyata keçirir. Bu kurs xalqımızın və dövlətimizin maraqlarına tam cavab verir. Hesab edirəm ki, Birləşmiş Ştatlar kimi böyük bir dövlətin Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi Azərbaycan diplomatiyasının böyük uğuru sayıla bilər”.              

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top