Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumunda çempion ölkə qismində yer aldı

XARİCİ SİYASƏT 19 may 2022, 09:22
“Qiymətləndirməyə əsasən Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumunda çempion ölkə qismində yer alıb”.

Bunu “Report”un yerli bürosuna müsahibəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov deyib.

V.Hüseynov Azərbaycanın belə mötəbər tədbirdə iştirakının böyük uğur olduğunu vurğulayıb: “BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında ilk dəfə yüksək səviyyədə keçirilən Beynəlxalq Miqrasiya İcmalı Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olundu. Üç hissədən ibarət və dörd “dəyirmi masa”da keçirilən forumda BMT Baş Assambleyasının Prezidentinin qərarı ilə Azərbaycan “dəyirmi masa”lara rəhbərlik edən səkkiz dövlətdən biridir. Forumun məqsədi dörd il əvvəl BMT tərəfindən miqrasiyanın bütün aspektlərini əhatə edən hökümətlərarası razılaşdırılmış ilk sənəd olan Qlobal paktın icra vəziyyətinin qiymətləndirilməsidir.

Müəyyən olunmalıdır ki, üzv dövlətlər tərəfindən bu sənədin icra vəziyyəti hansı səviyyədədir. Azərbaycan qiymətləndirməyə əsasən tədbirdə çempion ölkə qismində çıxış edir.

Həmin sənəd qəbul edilməzdən əvvəl də Azərbaycanın miqrasiya siyasətinə baxsaq görərik ki, o sənəddə əks olunan məsələlər beynəlxalq standartları müəyyən edən sənədin tələblərinə tam uyğundur. Bura əsasən ölkədə yaşayan miqrantların hüquqlarının müdafiəsi, inteqrasiyası, həssas vəziyyətlərdə olan miqrantlara dəstək tədbirləri aiddir və orada ümumi olaraq miqrasiyanın bütün aspektləri əhatə olunub. Azərbaycanın belə mötəbər tədbirdə iştirakı böyük uğurdur və bizim həmsədirliyimiz ilə keçirilən dördüncü “dəyirmi masa” uğurla başa çatdı”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top