Bakıda qəzalı binalar sökülür — Yeni mənzillər hansı şərtlərlə verilir?

SOSİAL 18 may 2022, 16:31
2016-cı ildə Nazirlər kabinetinin 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddətini bitirən binaların sökülərək yeniləri ilə əvəzlənməsinə qərar verilib. Binalar sökülməyinə sökülür. Ancaq sakinlərlə tikinti şirkəti arasında narazılıqlar da yaranır. Bir çox hallarda insanlar daha böyük sahəli mənzil və ya pul tələb edirlər. 

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a bildirib ki, bu kimi məsələlər tikintinin ləngiməsinə səbəb olur.

“Düşünürəm ki, vətəndaşlara veriləcək ümumi sahələrin konkret olaraq rəqəm olaraq qeyd olunmalı və evləri söküləcək vətəndaşlarla tikinti şirkətləri deyil, tikintiyə icazə verən və binaların qəzalı olduğunu qeyd edən aidiyyəti qurumlar vətəndaşlarla danışmalı və vətəndaşlara zəmanət verməlidir. Vətəndaşın ən çox yaşadığı problemlərdən biri də ondan ibarətdir ki, tikinti şirkətləri ilə onların arasında zəmanət bağlanılmır. Əgər vətəndaşa zəmanət verilsə ki, bina söküldüyü zamandan 2 il müddətinə sökülüb və yenisilə əvəzlənəcək, təbii ki, bütün halda vətəndaşlar bu söküntüyə razı olarlar.”



Daşınmaz əmlakın texniki pasportunda ümumi sahə - eyvan, sanitar qovşaqlar, mətbəx, dəhliz, zal hissəsi və otaqlar göstərilir. Çıxarışda isə yalnız istifadə olunan sahə yəni otaqlar nəzərdə tutulur. Məsələn vətəndaş 100 kv metr mənzilin pulunu ödəyir, lakin vətəndaşa verilən çıxarışda ümumi sahə 90 kv metr göstərilir. Bu isə gələcəkdə müəyyən problemlər yaradır. 

“Tikinti şirkətləri hər hansı bir tikintiyə sərəncam alarkən çəkdirdikləri lahiyəni təsdiqlədərkən ümumi lahiyəni vergilərini ödədiklərinə görə onlarda vətəndaşlara mənzil satarkən iç və çöl divar, ara divarlar və sanitar qovşaqlar havalandırma sistemləri ilə birlikdə həmin sahələri vətəndaşlara satırlar. Bu cür problemlərin aradan qalxması üçün ilk növbədə tikintilərin lahiyələrini təsdiq edən yəni şəhərsalma və arxitektura komitəsi ilə əmlak xidmətləri idarəsində bu məsələ öz həllini tapmalıdır. Çünki müqavilə verən MTK ümumi sahəni satsa da, çıxarışda az sahə göstərildiyinə görə vətəndaş çıxarış aldıqdan müəyyən zaman sonra öz mənzilini satarkən artıq müqavilədə ödədiyi pula deyil, çıxarışda göstərdiyi sahəyə uyğun pul almış olur.”

Bu kimi məsələlər vaxtında öz həllini tapmalıdır. Əks halda tərəflər arasında yaranan problem məhkəmə çəkişmələrinə qədər uzana bilir. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top