Deputat: “Azərbaycan regionda birdəfəlik təhlükəsizliyin və sülhün təmin olunmasına çalışır”

GÜNDƏM 18 may 2022, 13:08
“İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının Bakıda baş tutması bir çox baxımdan Azərbaycan üçün əhəmiyyətlidir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, ölkəmiz mühüm bir tarixi mərhələyə qədəm qoymuşdur. 

“Post-münaqişə mərhələsinin reallıqlarının dünyaya çatdırılması, post-münaqişə mərhələsində iqtisadi imkanların təhlil olunması, dünya ölkələrində bu istiqamətdə təsəvvürlərin formalaşdırılması çox vacibdir. Və bu gün bizim xarici siyasətimizin prioritet istiqamətlərdən birini təşkil etməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan 1992-ci ilin  noyabr ayından İqtisadi Əməkdaşlıq Təşkilatı Platformasında mövcud olmaqdadır.Təşkilata üzv olan ölkələrlə kifayət qədər konstruktiv həm siyasi, həm də iqtisadi əməkdaşlıq münasibətləri qurub. Bu beynəlxalq təşkilatlar çərçivəsində keçmiş münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin davamlı olaraq dünyaya çatdırılması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında təsəvvürlərin oturuşdurulması təbii ki, Azərbaycanın informasiya mübarizəsində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Bu baxımdan hesab edirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Konfransının Bakıda baş tutması gələcək iqtisadi əməkdaşlıq prespektivlərini müəyyənləşdirməklə yanaşı, həm də post-münaqişə reallıqları haqqında həm təşkilata üzv olan ölkələrdə, həm də bütövlükdə dünya ictimaiyyətində daha aydın təsəvvürləri formalaşdırır. Yaxud da ki, mövcud təsəvvürləri daha da genişləndirir”. 

“Nəzərə almaq lazımdır ki, konfrans dünyanın aparıcı medialarının diqqət mərkəzindədir və konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfərinin təşkili də Ermənistanın Azərbaycan ərazilərindəki işğalçılıq siyasətinin izlərini bir daha dünyaya nümayiş etdirmək imkanı verir. Bildiyimiz kimi, Azərbaycan intensiv şəkildə həm ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrini, həm də dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərinin işğaldan azad olunmuş ərazilərimizə səfərlərini təşkil edir. Onlar öz gözləri ilə Ermənistanın işğalçılıq siyasətini və vandalizm in izlərini görürlər. Təbii ki, bu əyani nümayiş bütün dünya ictimaiyyətində Ermənistanın mahiyyəti haqqında, onun işğalçı dövlət olduğu haqqında aydın təsəvvürlər formalaşdırır. Bu da bizim üçün çox vacibdir. Çünki Azərbaycan regionda birdəfəlik təhlükəsizliyin və sülhün təmin olunmasına çalışır. Yeni əməkdaşlıq imkanlarını yaradan Azərbaycan bu imkanlardan yararlanmaq üçün ciddi addımlar atmaqdadır. Ermənistanın bundan sonrakı mərhələdə destruktiv fəaliyyətin qarşısı qətiyyətlə alınmalıdıır və hesab edirəm ki, Azərbaycanın post-münaqişə mərhələsi ilə bağlı yaratmış olduğu reallıqlar bundan sonrakı inkişafla bağlı Azərbaycanın baxışları haqqında dünyada təsəvvürlərin formalaşması, bütövlükdə qeyd etdiyim istiqamətdə daha uğurlu nəticələrin təminatçı elementləri rolunda çıxış edir”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top