14 may aksiyasının əsas konturları — Sivil münasibət radikalları məyus edir

SİYASİ 16 may 2022, 12:50
May ayının 14-də Fəvvarələr meydanında keçirilən aksiyanı əvvəlki aksiyalardan fərqləndirən bir neçə mühüm məqam var idi. Düzdür, radikalların hakimiyyətə olan münasibətinin əsas konturları bu dəfə də dəyişməmişdi, amma onların ideoloji yoxsulluğu bu dəfə daha qabarıq şəkildə özünü büruzə verdi.

Azərbaycan radikal müxalifəti dəqiq əmindir ki, onların bu günə qədər ölkədə bütün təxribatçı addımlarının qarşısı ölkə polisləri tərəfindən qətiyyətlə alınıb. Başa düşürlər ki, ictimai asayişi pozmağın və insanları kor-koranə şəkildə dövlət əleyhinə qaldırmağın əsas yollarından biri “Azərbaycan polis barieli”ni aşmaqdır. Bu aksiyada əsas hədəflərdən biri məhz Azərbaycan hüquq-mühafizə orqanlarını etibardan salınması, onlardan “mafiya” imicinin yaradılması idi.

Polislər aksiya iştirakçılarına qarşı olduqca sivil yanaşdılar. Bu, çox mühüm faktordur. Aksiyanın keçirilməsində əsas mqəsədlərdən biri Azərbaycan polisini təxribata çəkib onları güc tətbiqinə məcbur etmək idi. Belə olacağı təqdirdə aksiyada səslənən “kriminal dövlət istəmirik” şüarını daha əyani şəkildə cəmiyyətə yedirtməyə çalışacaqdılar.

Aidiyyatı qurumların “aksiyada saxlanılan yoxdur” açıqlaması praqmatik, soyuqqanlı və ciddi hədəflərə hesablanmış qərarların qəbul edildiyini göstərir. Bundan əvvəlki bütün aksiyalarda saxlanılanlar olurdu və nəticədə saqqız kimi uzanan müzakirələr günlərlə davam edirdi.

14 may aksiyası göstərdi ki, şüarlar səsləndirən və küçə boyu o tərəf-bu tərəfə qaçaraq qışqıran radikal aktivistləri saxlamaq, onlara təzyiq göstərmək lazım deyil. Polislərin "etinasızlığı" isə onların daha şiddətli qıçqırıqlarına səbəb olurdu. Nəticə isə dəyişmədi: şüar və qulaq batıran qışqırıqlar fayda vermədi, bu, onların özünü taqətdən salmış oldu.

Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın praqmatik davranışları xüsusilə diqqət çəkir.

İndiyə qədər insan hüquqları ilə bağlı Rusiyanın Azərbaycana qarşı bəyanatlarının şahidi olmuşuqmu? Xeyr! Bu, Qərbin missiyasıdır!

Rusiyanın məqsədi nədir? Azərbaycanda radikal müxalifətçilərə qarşı aqressiv təzyiqlər həyata keçirilsin və nəticədə Qərb Azərbaycana qarşı bəyanatlar səsləndirsin. Kreml bilir ki, bu bəyanatlar Azərbaycanı Qərbdən uzaqlaşdırmış olur. Ölkədə müxalifətə qarşı təzyiqlərin reallaşmasını Rusiyanın məqsədlərinə daxildir. Biz bu "fürsətdən" istifadə edərək, təxribatdan kənar durmalı, radikalların provakasiyalarından maksimum dərəcədə uzaq olmalıyıq (ictimai asayişi təmin etmək şərtilə) və Kremlin istəklərini tərksilah etməliyik. Bu, bizi Qərbə doğru itələmiş olacaq.

Azərbaycana özünü “ana müxalifət” adlandıran müxalifət liderləri qrantı Avropadan alsalar da, onlar Qərbin deyil, Rusiyanın şəbəkəsinə daxil olan marionet qruplardırlar. Avropadan Azərbaycan dövlətini hədəf alan blogerlərin maliyyələşməsinin də məhz Rusiyadan həyata keçirildiyi şübhə doğurmur. Yəni sosial şəbəkələrdə Azərbaycanı Qərb "demokratiyası" ilə şantaj edən radikal müxalifət əslində Qərbin yox, 30 ildir Rusiyanın ölkəmizdəki casus şəbəkəsinin siyasi blokunun üzvləridirlər. 

Qərb nə istəyir, yaxud biz necə düşünməliyik? Aksiyanın sivil şəkildə mühafizəsini Azərbaycan polisi həyata keçirmiş oldu, heç bir aktivist də zorakılığa məruz qalmadı. Bu amil Azərbaycanı Rusiyadan qopardır və Qərbin Azərbaycanla bağlı istəklərinə tam uyğun amil kimi diqqət çəkir.

Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin sonu ölkəmizin strateji maraqlarının milli ştrixləri daha qabarıq şəkildə cızılmış olacaq. Müharibədən sonra zəifləyəcək Rusiyanın ölkəmizdəki ən azı klassik siyasi maraqlarını tamamilə bloklamalıyıq.

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top