Dünya sürətlə səhralaşır...

SOSİAL 16 may 2022, 12:37
Son 20 il ərzində dünyada quraqlıq 29 faiz artıb. Bu barədə BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyasında bildirilib. Quraqlığın vurduğu ümumi zərərin dəyəri isə 124 milyard dollar səviyyəsində qiymətləndirilir. Araşdırmalar göstərir ki, hazırda quraqlıq təhlükəsi dünyanı daha çox təhdid etməyə başlayıb. Ekspertlərin qiymətləndirmələrinə əsasən, iri quraqlıqlar dünyanın 23 ölkəsində qeydə alınıb ki, bunların da çoxu Afrika və Asiyanın payına düşür. 2030-cu ilədək dünya əhalisinin 700 milyon nəfəri "iqlim qaçqınına" çevrilə bilər, 21-ci əsrin ortalarında isə bu rəqəm 70 faizə qədər yüksələ bilər.

Mövzu ilə bağlı Demokrat.az araşdırma aparıb.

ABŞ-ın Los-Anceles şəhəri iqlim böhranı ilə mübarizədə maraqlı üsullara əl atıb. Şəhər rəhbərliyi tərəfindən sakinlərə duş vaxtını 4 dəqiqəyə endirmək tövsiyə edilib. Bağları sulamaq üçün isə həftədə iki gün icazə veriləcək. 

Quraqlığın təsirindən hər il məhsuldarlıqda 12-15 faizə qədər azalma baş verir. Yağışın yağmaması quraqlığı yaradan əsas amil hesab olunur. Coğrafiya elmləri doktoru Rza Mahmudov Demokrat.az-a mövzu ilə bağlı bunları bildirib:



“Son 800 ildə ən çox quraqlıq son 20-30 ilə düşür. Xüsusən 2000-2004-cü ildə daha böyük quraqlıq dövrü olub. Amma bununla belə 2014-cü ildə şimali amerikada ən böyük quraqlıq müşahidə olunub. 2015-2018-ci illərdə dünyada ən isti illərdən biri və 2021ci ildə ən isti illərdən biri olduğuna görə dünyada quraqlıq sahələrinin artması baş verir. Məhsuldarlıq azalır və bu da dünya əhalisinin ərzağa olan təminatını biraz da çətinləşdirir.”

Qlobal miqyasda yaranan problem ölkəmizdə də özünü hiss etdirir. Son illərdə iqlim dəyişmələri fonunda müşahidə edilən quraqlıq və bunun nəticəsində ölkənin əsas su mənbəyi sayılan Kür çayının səviyyəsinin kəskin azalması bir sıra regionlarda su çatışmazlığına səbəb olub. Respublika ərazisində yağıntının və buzlaq sularının səviyyəsinin 2 dəfə aşağı düşüb. 

“Bizim respublikamızda da əlbəttə ki, quraq ərazilər var. Bu problemlə biz də üzləşirik. Bildiyiniz kimi bizim respublikanın çox hissəsi ayrı iqlim zonasında yerləşir. Kür-Arazda, Qobustan, Abşeronda, Arazın sahilində quraqlıq ərazilər var. Bunlara da ən əsas təsiri qlobal iqlim dəyişikliyinin regional təsiridir.”

Quraqlıq ən çox iqtisadi itkilər törədən fəlakətlərdən biridir və zərərçəkənlərin sayına görə ən təhlükəlisidir. Buna görə də, bu məsələyə biganə yanaşmamalıyıq.

Gülçin Qorxmaz
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top