Dondurma alarkən nələrə diqqət edilməlidir? — AÇIQLAMA

SOSİAL 14 may 2022, 11:55
Yayın gəlişi bəzi qida məhsullarına tələbatı artırmaqla yanaşı, istehlak bazarında mövcud problemləri də yenidən gündəmə gətirir. Qaçılmaz olan belə problemlərdən biri də sərinləşdirici içkilər və dondurma bazarında aktuallığını saxlayır. Dondurma yay mövsümünün ən aktual qida məhsullarından biridir. Dondurmaya tələbatın bu mövsümdə hansı səviyyədə ola biləcəyini təsəvvür etmək elə də çətin deyil. Bu gün bazarlarımıza yol açan dondurmaların vəziyyəti yəqin ki, hamını maraqlandırır. Təcrübə göstərir ki, yaz-yay mövsümündə əhali tərəfindən istehlak olunan dondurma keyfiyyət və kəmiyyət baxımından çox vaxt aşağı səviyyədə təqdim olunur. Bəs, dondurmalar alarkən nələrə diqqət etməliyik?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida texnoloqu Ağa Salamov bildirib ki,  dondurma alarkən bir çox məqamlara diqqət yetirilməlidir:

“İlk olaraq qeyd edim ki, dondurmalar təbii süddən deyil, süni paraşoklardan hazırlanır. Bəzi istehsalçılar ona soya yağı və nişasta qatmaqdan belə çəkinmirlər. Ona görə də, evlərdə hazırlanan dondurmaların faydası daha çoxdur, nəinki sənaye üsulunda hazırlanan dondurmaların. Çünki sənaye üsulunda hazırlanan dondurmalar müəyyən dadlandırıcılarla, rəngləndiricilərlə zəngindir ki, bu da insan orqanizminə fəsadsız ötüşmür. Çox zaman dondurmalarda təbii şəkər qamışından əldə olunmuş şəkərdən istifadə olunmur. Burada şəkəri əvəzedicilər var ki, bu da ürək qan-damar sisteminə və şəkər xəstələrinə zərərlidir. Sağlam adama isə zərəri odur ki, onu kökəlməyə və şəkərli diabetə qədər gətirib çıxardır. Ona görə də, dondurmaları istehlak edəndə bir az ehtiyatlı olmaq lazımdır”.



Qida texnoloqu qeyd edib ki, ümumiyyətlə, dondurmalar həm vitaminlərlə, həm də mikroelementlərlə zəngin olan qidadır:

“Dondurmaların insan orqanizminə faydaları çoxdur, amma yetər ki, sağlam hazırlanmış dondurma olsun. Sağlam hazırlanmış dondurma isə təbii süddən və təbii şəkər qamışından əldən olunur. Çox vaxt marketlərdə dondurmaların daşınması zamanı soyuq qida zəncirində qırılmalar olur və kobud səhvlərə yol verilir. Əgər dondurma hər hansı bir səbəbdən tutaq ki, marketdə işığın sönməsi, soyuducunun işləməməsi yaxud daşınan zaman otaq temperaturunda saxlanıldıqda əriyir. Əgər əridikdən sonra yenidən dondurulursa o zaman orada bağırsaq çöpləri əmələ gəlir ki, bu da insan orqanizmində zəhərlənmələrə yol açır. Dondurma alarkən diqqət edəcəyimiz məqamlar odur ki, deformasiya uğramış dondurmalar olmasın. Ümumiyyətlə, yaxşı olardı ki, vətəndaşlarımız ev şəraitində hazırlanmış dondurmaları istehlak etsinlər. Biz birmənalı olaraq  sənaye üsulu ilə hazırlanan dondurmaların əleyhinəyik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top