Aqil Abbas: “Şuşada Beynəlxalq Folklor Festivalının keçirilməsi böyük mədəniyyət hadisəsidir”

GÜNDƏM 12 may 2022, 11:50
Bu gün Azərbaycanın gözü olan Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək. Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

 Festivalın əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında bildirib ki, belə tədbirlər bütün hallarda Şuşanın özümüzünkiləşdirmə tendensiyasına, Azərbaycanın ayrılmaz tərkib hissəsi olması fəlsəfəsinə əlavə çalarlar gətirir. Deputat vurğulayıb ki,  Şuşa Azərbaycan üçün həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır:

“Vətən oğullarının qanı ilə suvarılan torpaqda, Cıdır düzündə bir-birindən rəngarəng musiqi sədalarının yüksəlməsi əlbəttə ki, hər birimizin qəlbimə su çiləyir və bizi qürurlandırır. Şuşada Beynəlxalq Folklor Festivalının keçirilməsi böyük mədəniyyət hadisəsidir. Hazırda bu tədbir bütün dünyanın diqqət mərkəzindədir. Xarici ölkələrdən də bir çox qonaqlar bu cür festivallara gəliblər və əlbəttə ki, onlar burada gördüklərini, ən əsası da erməni vandalizminə şahid olacaqlar. İndiyədək Şuşada bir çox festivallar keçirilib və bütün bunların hamısı aparılan düzgün siyasətin göstəricisidir”. 

Millət vəkili qeyd edib ki, Şuşanın quruluş, inkişaf, siyasi, sosial, ictimai və mədəni tarixi Azərbaycan xalqının Şuşanın və Dağlıq Qarabağın əsas və tək sahibi olduğunu isbat edir:

“Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurub, bizim tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz indi Şuşaya qayıtmışıq. Cənab Prezidentimizin dediyi kimi, biz bütün tarixi abidələrimizi  bərpa edəcəyik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” müsiqi festivalının  keçirilməsı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.

Şuşa bizimdir! Qarabağ bizimdir!”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top