Deputat: ”Qarabağda işlərin sürətlə getməsi Böyük Qayıdışı daha da sürətləndirəcək”

GÜNDƏM 11 may 2022, 19:11
“Bu gün Şuşa şəhərində, eyni zamanda bütün işğaldan azad olunmuş ərazilərimizdə çox böyük sürətli və planlı şəkildə bərpa-quruculuq işləri aparılır“.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat qeyd edib ki, bu gün Cənab Prezident İlham Əliyevin Şuşaya və Füzuliyə səfəri onu göstərir ki, prezidentimiz öz sözünə sadiqdir:

“Bu gün mayın 10-da Ulu Öndərin xatirəsinə Cənab Prezident Füzuli və Şuşa şəhərinə səfər etdi. Bilirsiniz ki, orada bir sıra açılışlar, təmir bərpa işləri ilə tanış oldu. Azərbaycan xalqı Şuşanı hər zaman özünün mənəvi paytaxtı hesab edib.Onu tarixinin, mədəniyyətinin beşiyi sanıb, əzəməti ilə qürurlanıb, varlığı ilə öyünüb. Məhz İkinci Qarabağ müharibəsinin bitdiyi gün Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azadlığının xalqımız üçün nə qədər əhəmiyyətli olmasını belə dəyərləndirmişdi: « Şuşa dirçələcək! Şuşa öz tarixi görkəmini özünə qaytaracaq!». Gördüyümüz kimi, Cənab Prezident öz sözünə sahib çıxmaqdadır. Və bu, o deməkdir ki, hökumət dövlət qarşısında qoymuş olduğu hədəfləri yerinə yetirməkdədir, ən əsası işğaldan azad edilmiş ərazilərimizi bərpa etməkdədir“.

Millət vəkili hesab edir ki, işlərin bu cür sürətlə getməsi Böyük Qayıdışı daha da sürətləndirəcək.

Deputat prezidentin“Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışındakı çıxışını da dəyərləndirdi:

“Təbii ki, Prezidentimizin açılış zamanı etdiyi müraciəti çox səmimi idi. Bu müraciətdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan misilsiz xidmətlərindən, eyni zamanda onun mədəniyyət paytaxtı olan Şuşa şəhərinin inkişafındakı rolundan danışdı. Bilirsiniz ki, onun rəhbərliyi dövründə, yəni sovet illərində Şuşa şəhərinin inkişafı ilə bağlı bir çox qərarlar qəbul olunmuşdur. Qeyd edim ki, Şuşa tarixi görkəmini itirməyib və ümumiyyətlə, bu işğal dövründə Şuşa şəhəri düşmənə təslim olmayıb".

"Bu gün Azərbaycanın mədəniyyət tədbirləri burada keçirilir. Şuşa artıq mədəniyyət sahəsində olan tədbirlərin keçirildiyi bir məkana çevrilib, bundan sonra da belə olacaq. Bilirsiniz ki, artıq “Xarı bülübül“ beynəlxalq festivalı keçirilib və gələcəkdə də keçiriləcəyi istisna deyil. Bütün bunlar onu göstərir ki, artıq Şuşaya böyük diqqət və qayğı var. Sirr deyil ki, həyata keçirilən bərpa-quruculuq işləri Qarabağa yeni və müasir görkəm verir, erməni vandalizminin izlərini silir, işğaldan azad olunmuş ərazilərə həyatın qayıtdığını göstərir“.

K.Bayramovun sözlərinə görə, heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə görülən işlər, bu ərazilərdə onun həyata keçirtdiyi regional siyasət Qarabağımızı milli və beynəlxalq mədəniyyət və turizm mərkəzinə, təhlükəsiz yaşayış məkanına, regionun və dünyanın ən gözəl guşələrinin birinə çevirəcək.

Aynurə Pənahqızı
 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top