Xuraman Qasımova: “Heydər Əliyev bizə həmişə ata qayğısı ilə yanaşardı”

İNCƏSƏNƏT 10 may 2022, 14:47
Məşhur opera müğənnisi, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli Xuraman Qasımova ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar, onunla bağlı xatirələrini Demokrat.az-la bölüşüb: 

“O, mədəniyyəti, incəsənəti çox dərindən bilirdi. Bundan əlavə, həm də onun çox gözəl musiqi duyumu, səs tembri var idi. Əgər o istəsəydi, gözəl bir ifaçı olardı. Ailəsində də musiqiyə böyük dəyər verilirdi. Tofiq Quliyevin, Cahangir Cahangirovun, Rauf Hacıyevin mahnılarını çox sevirdi. Fidan xanımla mən bu bəstəkarların unudulmuş əsərlərinə yeni nəfəs verdik, bəlkə ona görə Heydər Əliyev bizim yaradıcılığımıza belə diqqət və sevgi ilə yanaşırdı. Qürur duyurdu ki, Azərbaycan mədəniyyəti iri addımlarla inkişaf edir.”

Görkəmli sənətkar, dünya şöhrətli opera müğənnisi ulu öndərlə ilk görüşünü belə xatırlayır:

“İlk görüşümüzü hələ də xatırlayıram. Amma biz o qədər gənc idik ki, həmin dəqiqələrdə həyəcan keçirirdik. O gələcək, necə olacaq, bizə nə deyəcək- bunları fikirləşib, həyəcanlanırdıq. Onun bizim konertimizdə iştirak bizim üçün ikiqat məsuliyyət idi. Fəxri adlar aldıqdan sonra məsuliyyətimiz daha da artırdı. İnsan düşünür ki, bu ad mənə nə üçün verilib, mən bundan sonra daha nələr etməliyəm? Bizim öz haqqımızda nə isə danışmağımıza ehtiyac qalmırdı, çünki o, artıq bizim haqqımızda hər şeyi bilirdi. Ta ki özü dillənərdi, deyərdi ki, “Ay Fidan xanım, sən niyə utancaq qızcığaz kimi orda durmusan? Danış, haqqın var danışmağa”. Bizə həmişə ata qayğısı ilə yanaşardı.”

Xuraman xanım kövrələrək dilə gətirdi ki, ulu öndər onların hər bir konsertində dinləyici qismində iştirak edərdi:

“Heç vaxt bizim konsertə gecikməzdi. Bir dəfə hiss etdik ki, 10-15 dəqiqə yubanır. Həmin vaxtı o çox vacib iclasda idi. Düşündük ki, gəlməz. Amma bir də gördük ki, gəldi, özünü çatdırdı. Dedik ki, cənab prezident yorğun olarsınız. Niyə əziyyət çəkmisiniz. Dedi ki, mən bura elə dincəlməyə gəlmişəm. Konsertin sonunda bizə dediyi xoş sözlərdən başa düşdük ki, onu yormadıq, həqiqətən dincələ bildi”.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top